RU

Bu ölkədə şəkərli diabet halları rekord həddə çatıb

İngiltərədə şəkərli diabet halları rekord həddə çatıb. Yeni statistikaya görə, Böyük Britaniyada hər beş yetkindən biri ya şəkərli diabetdən əziyyət çəkir, ya da prediabet mərhələsindədir. Ötən illə müqayisədə 200 min nəfər artaraq, diabet diaqnozu qoyulmuş insanların sayı 4,6 milyona çatıb. 

Ölkə.az xəbər verir ki, bu məlumatı "Diabetes UK" təşkilatı yayımlayıb və artımı “gizli sağlamlıq böhranı” adlandırıb.

Bundan əlavə, 1,3 milyon insanın 2-ci tip diabeti olduğu ehtimal edilir, lakin hələ diaqnoz qoyulmayıb. Eyni zamanda, 6,3 milyon insan prediabetdən əziyyət çəkir. Bu, qan şəkəri səviyyəsinin normadan yüksək olması deməkdir, lakin bu mərhələdə pəhriz və fiziki fəaliyyətlə vəziyyəti geri çevirmək mümkündür. Əgər heç bir tədbir görülməzsə, prediabet adətən 2-ci tip diabetə çevrilir.

Şəkərli diabet əsasən iki formada olur:

Tip 1 diabet – Bədənin immun sisteminin insulin istehsal edən hüceyrələrə hücum etməsi nəticəsində yaranır.

Tip 2 diabet – Orqanizmin kifayət qədər insulin istehsal edə bilməməsi və ya onu düzgün istifadə edə bilməməsi ilə əlaqədardır.

Hazırda diabet halların 90%-i tip 2-diabetdir və onun əsas səbəbi piylənmə hesab olunur. Hesabata görə, diabet xəstələrinin 8%-i tip 1 diabetdən, 2%-i isə nadir diabet növlərindən əziyyət çəkir. Qeyd edək ki, diabet infarkt, insult, böyrək problemləri, görmə zəifliyi, ayaq və sinir sistemi xəstəlikləri kimi ciddi fəsadlara səbəb ola bilər.

Diabetin yayılması təkcə Böyük Britaniya ilə məhdudlaşmır – bu tendensiya bütün Avropada və dünyada müşahidə olunur. "The Lancet" tibb jurnalında dərc olunan qlobal hesablamalara görə, 2022-ci ildə 828 milyon insana diabet diaqnozu qoyulub. Bu, 1990-cı illə müqayisədə 630 milyon nəfər çoxdur.

Həmidə İbrahimova

Избранный
7
olke.az

1Источники