![Saratova](/uploads/posts/2025-02/saratov-h.webp)
Fevralın 11-nə keçən gecə Ukrayna hərbçiləri Rusiya Federasiyasının Saratov Neft Emalı Zavoduna hücum təşkil edib.
Reyting.az-ın məlumatına görə, Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, bu, ilk belə hücum deyil.
Kovalenko bildirib ki, Saratov Neft Emalı Zavodu Rusiyanın yanacaq infrastrukturunun əsas obyektlərindən biridir və emal gücü ildə 7 milyon ton neftə çatır.
O qeyd edib ki, zavod Rusiya ordusunun yanacaqla təmin olunmasında mühüm rol oynayır. Hətta İkinci Dünya Müharibəsi zamanı da neft emalı zavodu hərbi logistika üçün çox vacib olub və indi yanacaq təchizatının mühüm elementidir.
Kovalenko əlavə edib ki, Saratov Neft Emalı Zavodundan əlavə Engelsə də hücum edilib.
Rusiya mətbuatı isə yazır ki, səhər saat 4 radələrində Engels üzərində ən azı 11 partlayış baş verib.
İlkin məlumatda bildirilir ki, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində neft emalı zavodu və aerodrom zədələnib.
E. KAMAL