RU

Xaricdə təhsil: Bu universitetlərin diplomu niyə tanınmır?

Son illərdə xaricdə təhsil almaq istəyən tələbələrin sayı artıb. Daha keyfiyyətli təhsil almaq, beynəlxalq mühitdə təcrübə qazanmaq və qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün gənclər müxtəlif ölkələrə üz tuturlar. Lakin bəzi hallarda xaricdə alınan diplomların Azərbaycanda tanınmaması problemi ortaya çıxır. Bu, məzunlar üçün ciddi çətinliklər yaradır və onların əmək bazarında öz bilik və bacarıqlarını tətbiq etmələrini məhdudlaşdırır. 

Bu problemin əsas səbəbləri nələrdir?

“İki sahil” xəbər verir ki,  mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib ki, bu problemin yaranmasında əsas səbəb akkreditasiyası olmayan universitetlərə qəbul olunmaqdır: 

Əgər bir universitet öz ölkəsində rəsmi tanınmırsa...

"Əgər bir universitet öz ölkəsində rəsmi tanınmırsa, onun diplomunun Azərbaycanda da tanınmaması normaldır. Digər bir səbəb isə qəbul prosesində heç bir akademik göstəricinin tələb olunmamasıdır. Məsələn, ABŞ və ya Avropada bəzi universitetlər tələbələrdən heç bir dil sertifikatı və ya akademik göstərici istəmədən qəbul edirlər. Belə universitetlər, əsasən, kommersiya məqsədilə fəaliyyət göstərir və diplomları risk altındadır. Bundan əlavə, distant və ya onlayn proqramlar da bəzi hallarda tanınmaya bilər, çünki hər ölkənin bu tip təhsilə yanaşması fərqlidir. Bəzi hallarda universitetlər maliyyə problemlərinə görə bağlanır və tələbələr ortada qalır. Məsələn, Fransada HEIP universiteti belə bir hadisə ilə üzləşib".

Aisa Aslanova: Qəbul olmaq istədiyiniz universitetin fəaliyyət istiqamətini, tarixini yoxlanılmalıdır

Onun sözlərinə görə, bu cür problemlərlə qarşılaşmamaq üçün universiteti ciddi araşdırmaq lazımdır:

"Universitetin fəaliyyət istiqaməti, tarixi, milli və beynəlxalq reytinqi diqqətlə yoxlanmalıdır. Mütləq həmin universitetin rəsmi akkreditasiyasının olub-olmadığını öyrənmək vacibdir. Əgər hansısa şübhə varsa, Azərbaycan Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmək və ya universitetin beynəlxalq ofisinə müraciət etmək tövsiyə olunur. Əgər sizə dil biliyi olmadan və ya heç bir akademik göstərici tələb olunmadan qəbul təklif edilirsə, bu, ciddi bir riskdir. Dünyanın nüfuzlu universitetləri IELTS, TOEFL, SAT, GRE və ya GMAT kimi beynəlxalq imtahan nəticələrini tələb edir. Əgər universitet bunları istəmirsə, deməli, orada təhsilin keyfiyyəti və diplomun etibarlılığı şübhəlidir. Bundan başqa, qəbul üçün heç bir müsahibə və ya imtahan olmadan qəbul edilmək də şübhəli məqamdır".

Sizə 6-12 ay ərzində diplom vəd edilirsə, bu, ciddi problemlərin göstəricisidir

Mütəxəssis qeyd edib ki, təhsil müddətinin həddindən artıq qısa olması da diqqət edilməli nüansdır. Həmsöhbətimizə görə, əgər tələbənin göstəricilər yüksəkdirsə, Böyük Britaniya, ABŞ və Almaniya ən yaxşı seçimlər arasındadır.

"Standart bakalavr təhsili 3-4 il, magistratura dönəmi isə 1-2 il çəkir. Əgər sizə 6-12 ay ərzində diplom vəd edilirsə, bu, ciddi problemlərin göstəricisidir. Əgər göstəricilər bir qədər aşağıdırsa, Şərqi və Mərkəzi Avropa ölkələri – Macarıstan, Polşa, Litva, Latviya və Estoniya da yaxşı alternativlərdir. Burada təkcə dünya reytinqinə deyil, milli reytinqə də baxmaq vacibdir. Məsələn, Vilnius Universiteti Litvanın ən yaxşı universiteti olduğu üçün diplomlarının tanınmaması mümkün deyil. Ümumən, xaricdə təhsil almaq istəyən tələbələr universitet seçimini çox diqqətlə etməlidir. Akkreditasiyası olmayan və şübhəli qəbul qaydalarına malik universitetlərə müraciət etmək, həm vaxt, həm də pul itkisinə səbəb ola bilər. Elm və Təhsil Nazirliyinin və beynəlxalq akkreditasiya qurumlarının tövsiyələrinə uyğun seçim etmək ən təhlükəsiz yoldur".

Избранный
3
1
ikisahil.az

2Источники