"Tarixi təcrübə dəfələrlə göstərib ki, Rusiya ilə hər hansı bir sənədin imzalanması formal xarakter daşıyıb və Moskva istədiyi anda imzasından qaçıb. Rusiya həmişə öz müttəfiqlərinə arxadan zərbə vurub".
Bu fikirləri Newscenter.az-a AMIP liderinin köməkçisi Əli Oruclu son vaxtlar Rusiyada artan antiAzərbaycan meyillərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycanla Rusiya arasında 2022-ci ildə bağlanılan müttəfiqlik sazişinə elə ilk gündən Moskva kağız parçası kimi yanaşırdı:
"Üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmaqla özünün imperialist mahiyyətini açıq şəkildə biruzə verirdi. AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra üzrxahlıq etmək, günahkarların cəzalandırılması və təzminat ödəmək əvəzinə açıqca düşmən mövqe sərgilədi. Halbuki bu müttəfiqlik sazişin ruhuna zidd olmaqla yanaşı, beynəlxalq konvensiyaların kobud pozulması idi".
Əli Oruclu deyib ki, Kreml yenə də yanlış mövqe seçib:
"Düşünür ki, əlində olan rıçaqlar vasitəsi ilə, yaxud şantajla Azərbaycanı haqlı tələbindən imtinaya məcbur edə biləcək. Bakının öz qonşusu ilə bağladığı müttəfiqlik sazişinə sadiqliyini və münasibətləri pozmaq istəməməsi görünür Rusiyadakı bəzi qaragüruh qüvvələri hərəkətə gətirib. Onlar Bakının tutumunu yanlış anlayıblar. Bütün dünyadan təcrid olunan, beynəlxalq sanksiyalara məruz qalan və dağılma təhlükəsi ilə üzləşən Rusiyaya Azərbaycanla konfrantasiyaya girmək dəhşətli nəticələrə səbəb ola bilər. Azərbaycan bu gün regionun və qlobal siyasətin içindədir və fəal rola malikdir. Bakının mövqeyi ilə hesablaşılır. Bu gün Azərbaycanın Türkiyə, Pakista, İsrail, Böyük Britaniya kimi, eləcə də Türk və İslam coğrafiyasında güclü müttəfiqləri var. Azərbaycan həmçinin Qoşulmama Hərəkatında sözü keçən ölkədir və koloniolizmə və metropolizMə qarşı mübarizədə hərəkətverici qüvvə kimi iştirak edir. Siz indi diqqət edin, Rusiyanın ağıllı və dərin düşünən beyinləri Azərbaycanla ixtilafa gedərlərmi? Məncə yox. Hansılar ki dayaz düşüncə və darqursaqlığa malik bəziləri Rusiyada azərbaycanlılara qarşı təxribatları, yaxud deportasiyanı körükləyə bilər. Ancaq qarşılığını da alacaq".
Əli Oruclu deyib ki, Rusiyada təxminən 3 milyondan çox soydaşımız var:
"O qədər insanı ordan deportasiya etmək sadəcə mümkün deyil. Həm də soydaşlarımız orda ölkənin həyatında öturuşub və aktiv rol oynayır. Hesab edirəm ki, Rusiya prezidenti və onun ətrafı Azərbaycana qarşı provakasiyays getməzlər və Bakının sərt cavabınaa məcbur qalmamaq üçün prosesləri gərginləşdirməz. Xırda-para insidentlə əsəblərin sınağa çəkilməsindən və yaxud müəyyən təbliğat kampaniyasından da istədikləri hədəfə çata bilməzlər. Məncə Kreml optimal və kompromis yolu seçəcək".
Süleyman