RU

“BİZƏ XÜSUSİ TƏYİNATLI İNSANLAR GƏRƏKDİR...” – “Prezident dedi ki, gəncliyin simvolu Səlcuq Bayraktar olmalıdır...”

Bu gü Bakıda İnsan İnkişafı Forumu keçirilir. Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc Forumda çıxış edib.

“AzPolitika” mövzunun əhəmiyyətini nəzərə alaraq Z.Orucun çıxışının mətnini təqdim edir:

İlk növbədə, icazə verin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyinə ölkəmizdə insan inkişafı ilə bağlı son dərəcə əhəmiyyətli tədbirə dəvət və çıxış imkanı verdikləri üçün ürəkdən təşəkkür edək. Forumun məqsədi -fərdipeşəkarbacarıqlarınerkən yaşlardanformalaşdırılması,ocümlədən ümumiiqtisadiinkişafa dəstəküçünyeniyanaşmalarınmüzakirəsitəcrübəmübadiləsi həm beynəlxalq, həm də daxildə dövlət-hakimiyyət instutlarının fəaliyyəti üçün səmərəli ideya və təkliflərin meydana çıxmasına yol açacaqdır.

Əziz Forum iştirakçıları,

Azərbaycan dövləti inkişafının yeni mərhələsində mühüm çağırışlar qarşısındadır. Tariximizdə ilk dəfə, Prezident İlham Əliyevin liderliyi altında qazandığımız qələbədən sonra təkcə yerləşdiyimiz regionda deyil, bütün dünyada xalqımızın layiqli yeri və rolu müəyyənləşir.

Bildiyiniz kimi, insan kapitalı 35 ildir ki, konkret elmi parametrlərə əsaslanır. Lakin ən güclü indeksi daşıyan millətlər belə, tarixən konfliktlər məkanı qafqazlarda əsrlərlə məğlub xalq durumunda yaşaya bilər. Son 200 ildə xalqımızın güclü elitasının formalaşdığı dövrlərdə milli nailiyyətlərimiz yalnız hərbi gücümüzdən asılı olub. İndi 35 il sonra tam əminliklə demək olar ki, 90-cı illərin savaşını nə xalq, nə də ordu uduzmuşdu, o dövrdə dövləti millətin qabaqcıl və aparıcı hissəsi idarə etmədiyi üçün məğlubiyyət qaçılmaz idi. Bəli, ikinci Qarabağ müharibəsinin nəticələri ilk növbədə, insan kapitalının gücü ilə birbaşa bağlıdır. Bir vaxtlar marşal Baqramyan öz ölkəsinin 100 yeniyetməsini seçib Moskvaya aparmışdı ki, onlar gələcəkdə sovet akademiyasının ön sıralarını tutacaqlar. Onun planı işlədi, həqiqətən onlarla erməni akademiki Sovetlər Birliyinin rəhbərliyinə yüksəldilər, sonra xalqımıza qarşı birinci müharibədə həlledici zərbəni də onlar vurdular. Lakin 2021-ci ildə, sabiq prezident Armen Sarkisyan məcburən dedi ki, biz elmdə, mədəniyyətdə, yaradıcılıqda, qlobal informasiya məkanında, nəhayət, ordu quruculuğunda prezident İlham Əliyevə uduzduq.

İndi millətimizin 70 mindən çox qəhrəman oğulu sinələrində orden və medalı daşıyır. Ən böyük kapitalımız qalib azərbaycanlılardır. Dövlət quruculuğunda belə güclü resurs milli tarximizdə heç vaxt olmayıb. Uzun illər neftin hökmranlığı altında olan bir cəmiyyət- qara qızılın sənaye üsulu ilə çıxarılmağa başladığı 1847-ci ildən bu yana ilk dəfə, ölkəmiz tarixi sarsıntılardan və sınaqlardan qalibiyyətlə çıxan övladlara malikdir. Bir tarixi fakta diqqət edək-1918-ci ildə ali təhsillilərimizin sayı cəmi 418 nəfər təşkil edirdi. Əlbəttə, mədrəsələr xalqımızın təkcə dini, mənəvi deyil, həm də ilk təhsil ünvanlarından biri idi və Şərqin mütəfəkkirləri orada formalaşırdı. Lakin sovet illərində milli göstəricilərimiz həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə məruz qaldı. 1918-ci illə müqayisədə ötən əsrin 50-ci illərində orta məktəblərin sayı 900-ə, alimlərin sayı 1500-ə, ali təhsillilərin sayı 200 minə çatmışdı. İndi 4400-dən çox orta, 57 ali təhsil müəssisəsi, milyonlarla ali və orta ixtisas təhsilli mütəxəssis, 11 mindən artıq alimimiz var.

Cənab Prezident 21-ci əsrdə Azərbaycan insanını dəyişdi, ona yeni milli kimlik qazandırdı. Son iki əsrin məğlubiyyəti və köçünlüyü, qaçqınlığı, iqtisadi itkiləri hər bir azərbaycanlıda dərin məyusluq, öz gücünə inamsızlıq və komplekslər yaratmışdı. Bəli, qafqazlarda məğlubları, gücsüzləri sevmirlər. 2020-ci ilin müqəddəs müharibəsi təkcə ərazi bütövlüyü və suverenlik qazandırmadı, həm də milyonlarla insanı əqli, mental və kültür baxımından özgüvənə yiyələndirdi. 44 günlük Qurtuluş savaşımız bütöv Azərbaycan vətəndaşı formalaşdırdı. Ona görə də inqilabların ən böyüyü kapital uğrunda deyil, insanları mənən-ruhən bütövləşdirəndir.

Hazırda dünyada yalnız sistem­li hərbi, siyasi-iqtisadi deyil, həm də ən başlıcası-idarəçilik böhranı yaşanır. Dünya tarixi göstərir ki, Amerika ar­zularının, Sinqapur\Yaponiya möcüzələrinin bir yaradıcısı var – savadlı insan-vətəndaş.“Beyin axını” sərvətlərin damla-damla azalması deməkdir. Biz şagirdlərimizi kütləvi repetoturluqdan xilas edib, orta məktəblərə-pedaqoji mühitə, canlı tədris prosesinə, mənən güclü şəxsiyyətlər kimi formalaşa biləcəkləri kollektivə qaytarmalıyıq. Yüksəliş müsabiqəsinin qaliblərinin dövlət idarəetməsinin bütün sferalarında yerləşməsi prosesi gedir.

İndi Amerika və dünya siyasətinin məhək daşlarını tərpədən Tramp administrasiyası idarəetmənin effektivliyi vəzifəsini uğur simvolu İlon Maska tapşıraraq, bütün sahələrdə qlobal dəyişikliklərə yol açır. Ölkəmiz də belə bir mərhələni yaşayır. Neftdən Yaşıl enerjiyə-Yaşıl Azərbaycan quruculuğuna keçid hər bir azərbaycanlının həyatında yeni təfəkkür və yanaşmalar deməkdir.

Bildiyiniz kimi, 1990-cı ildə BMT zirvə görüşündə “İnsan potensialının inkişafı” və “İnsan potensialının inkişafı indeksi” müəyyənləşdirildi. Beləliklə, təkcə gəlirlər deyil, insanın sağlamlığı, təhsil səviyyəsi, ətraf mühitin qorunması da xüsusi meyarlar kimi seçildi.

İnkişaf üçün belə formul antik dövrdə-hələ texnologiyanın və elmin inkişaf etmədiyi qədim zamanlarda da belə idi-filosof Aristotel deyirdi-“sərvət bizim cəhd etdiyimiz nemət deyil, o, nəyinsə naminə faydalıdır”. 19-cu əsrin parlaq iqtisadçıları Adam Smit, Con Mill də iqtisadi artıma ali məqsədlərə nail olunmanın vasitəsi kimi baxırdılar.

1960-cı illərdən başlayaraq, işçi qüvvəsinin təhsil səviyyəsi və peşəkar hazırlığı ön yerə qoyuldu. İnsan kapitalı konsepsiyası inkişaf edərək, “Çikaqo məktəbi” və oranı bitirən 100 nəfər yapon haqqında gerçək uğur hekayəsini formalaşdırdı. Bəli, uğurlu ölkə olmaq üçün bilikli, sağlam və ictimai iştirak əmsalı yüksək olan insanların sayı çox olmalıdır. Ona görə də dünyada ən böyük və dayanıqlı gəlir insan kapitalına yatırılan sərmayedən alınır. Nəhəng şirkətlər-Apple, Space X, Alibaba və digərlərinin aktivləri bunu sübut edir.

Təkcə bir ölkə nümunəsi-1970-ci illərdə İrlandiyanın 88 milyard dollarlıq ÜDM-i əsasən kənd təsərrüfatından formalaşırdı. 2017-ci ildə İrlandiyanın ÜDM-i 334 milyard ABŞ dollar təşkil edib. "Kelt pələng"i adını alan ölkə insan kapitalına ən çox invesitsiya siyahısında 1-ci oldu.

Ona görə beynəlxalq siyasətdə “daha çox əraziyə” sahib olmaq ideyası “daha çox və daha keyfiyyətli insan kapitalı” formalaşdırmaq hədəfi ilə əvəz olunub. İnsan Kapitalı İndeksi eləcə də uşaqların 18 yaşına qədər əldə edə biləcəyi insan kapitalının həcmini ölçür. 5 yaşa qədər yaşamanın mümkünlüyü, uşağın gözlənilən məktəb təhsili illəri, öyrənmənin keyfiyyət göstəricisi kimi ümumi yoxlama balları, yaşlanacaq insanların faizi, alçaq boylu olmayan uşaqların payı.

Bu İndeksdə ilk beşlikdə olan ölkələrdən 4-ü Asiya qitəsini təmsil edir – Sinqapur (0.88), Cənubi Koreya (0.84), Yaponiya (0.84) və Hong Kong (0.82). Reytinqdə MDB ölkələrindən ən yüksək pillədə Qazaxıstan (31-ci sırada) qərarlaşır. Dünya Bankının hesabatına əsasən, hazırda Azərbaycan İnsan Kapitalı İndeksi göstəricisinə görə 0.60 bal almaqla 157 ölkə içərisində 69-cu yerdə qərarlaşıb. Azərbaycanda 5 yaşına qədər uşaq ölümünün səviyyəsi azalır, o cümlədən, uşaqların ana südü ilə bəslənmə səviyyəsini artırmaqla, məktəbəqədər təhsil səviyyəsini gücləndirməklə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqabətli insan kapitalının formalaşdırılması üçün əsas fəaliyyətlər-təhsilin, informasiya sistemlərinin, sosial sferanın inkişafına dair çoxsaylı proqramlar qəbul olunub, bir çoxu effektiv şəkildə yerinə yetirilib. Ona görə də dövlətimizin gələcək strateji hədəflərinə nail olmaq hər bir azərbaycanlının fəaliyyətindən asılıdır.

İndi qlobal təhlükəsizlik sistemi çökür və dünyanın yenidən bölüşdürülməsi gedir. Zaman sürətlə keçir və kimisə gözləmir. Ölkəmizə iqtisadiyyata bağlı olan, tədqiqatlara dayanan qabaqcıl universitetlər gərəkdir.

“Biliyin köhnəlməsi” deyilən bir fenomen var. Hər il yeni nəsil ayfonlar və Windows sistemlərinin dəyişdiyini görürük, lakin beyin proqramlarımızı yeniləməyi unuduruq. Ona görə də bizə bütün sahələrdə hərbi uğurumuzu təkrarlayan xüsusi təyinatlı-müəllimlər, həkimlər, inşaatçılar, mühəndislər, bir sözlə qalib insanlar gərəkdir. Texnofestə 100 minlərlə azərbaycanlı gənci qatıldı. Prezident dedi ki, gəncliyin simvolu Səlcuq Bayraktar olmalıdır.

Yekunda bir daha vurğulayaq ki, Qarabağ son 200 ildə ən zəif yerimiz idi.İndi Ali Baş Komandan yeni qazanılan torpaqları təkcə ordu ilə yox, minlərlə gəncin elm və təhsil qalası olan Qarabağ Universiteti ilə qorumağa, o məkanı bütün Qafqazın güclü yerinə çevirməyə çalışır.

Ona görə də deyirik - ən böyük sərvət insandır! 

Избранный
23
3
azpolitika.info

5Источники