Cənubi Koreyanın hakim "Vətəndaş gücü" partiyasının parlament fraksiyasının lideri Kvon Son Don prezident və parlament hakimiyyətinin mərkəzsizləşdirilməsi üçün ölkə konstitusiyasına düzəlişlər olunmasını təklif edib.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Əminəm ki, yaşadığımız siyasi böhranın fundamental həlli konstitusiya islahatıdır. Prezidentin səlahiyyətlərinin yenidən bölüşdürülməsinə və parlamentin öz səlahiyyətlərindən sui-istifadə etməsinin məhdudlaşdırılmasına imkan verəcək struktur haqqında düşünməyin vaxtı gəlib çatıb", - o bildirib.
Fraksiya liderinin sözlərinə görə, ölkədə hərbi vəziyyətin elan edilməsi qəbuledilməz tədbir olsa da, siyasi böhran müxalif "Demokratik partiya"nın parlamentdəki mütləqiyyəti səbəbindən yaranıb.
O qeyd edib ki, parlamentdə çoxluğa malik olan müxalifət 29 dəfə prezidentə qarşı impiçment təşəbbüsü göstərib, onun barəsində xüsusi araşdırmanın aparılması ilə bağlı 23 qanun layihəsi təqdim edib, 38 dəfə qanunlara yenidən baxılmasına nail olmağa çalışıb və büdcəni birtərəfli qaydada təsdiqləyib.