RU

Azərbaycan prezidenti İranla əlaqələrin yaxşılaşdırmağın mümkünlüyünü ortaya qoyur -ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və İran arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, tarixi, dini və mədəni dəyərlərin önəmi vurğulanır. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. O, həmçinin bu münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib. Prezident İlham Əliyev İran xalqına rifah və əmin-amanlıq, Prezident Məsud Pezeşkiana isə möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, İlham Əliyev göndərdiyi diplomatik təbrik məktubunda hər zamanki kimi Azərbaycan dövlətinin qonşu İranla dostluq səviyyəsində yaşamaqda maraqlı olduğunu növbəti dəfə ifadə edib:

“Azərbaycan hər zaman İranla münasibətləri və əməkdaşlığı dərinləşdirməkdə maraqlı olub. Ancaq təəssüflər olsun ki, belə münasibətin qarşılığında İran tərəfindən həmişə ikitərəfli əlaqələrə zərər verəcək addımlar atılıb. Eyni zamanda İran Azərbaycanı hədələyici açıqlamalar verməklə münasibətlərə xələl gətirib. Yəni problem Azərbaycanda deyil, gərginliyini formalaşdıran İran tərəfidir. İranda siyasi hakimiyyətdə monolit vahid güc mərkəzi mövcud deyil. Hökümət başçısı Məsud Pezeşkian xalqa yönəlik siyasətə üstünlük verdiyi halda digər tərəfdə bütün çirkli işlərlə məşğul olan və Azərbaycanla münasibətlər sistemini pozmaq üçün fəaliyyət göstərən İslam İnqilab Keşikçiləri Korpusu mövcuddur. Söhbət burada SEPAH-dan və onun nəzarətində olan mediadan gedir. Həmçinin söhbət Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin nəzarətində olan din xadimlərindən gedir ki, bəzən xüsusi sifarişlə Azərbaycan dövlətinə qarşı təhqirə ramiz açıqlamar verirlər. Lakin Azərbaycan prezidenti əlaqələrin yaxşılaşdırmağın mümkünlüyünü ortaya qoyur və bu imkanı nemətə çevirməyin tərəfdarı olduğunu bəyan edir. Bundan sonrakı səmimi davranış isə İran rəhbərliyi ilə bağlıdır. Düşünürəm ki, indiki İran rejiminin rəhbərliyində tamamilə fərqli hədəflər və düşmənlik durduğu üçün uzun illər ərzində Azərbaycan-İran, eyni zamanda Türkiyə-İran arasında münasibətlər yüksək zirvəyə daşımaq mümkün olmayıb. Ona görə də prezidentin diplomatik mesajını təbrik məktubu kimi qəbul edək və bundan uzağa gedən nəticələr çıxarmayaq. Çünki qarşımızdakı dövlət Azərbaycanı özünə düşmən bilən İrandır”.
Избранный
15
sherg.az

1Источники