RU

QHT sədri yeniyetmələr arasında artan intihar hallarından narahatlığını ifadə edib

"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova sosial şəbəkə hesabında son günlər yeniyetmələr arasında baş verən intihar hallarına dair narahatlığını bildirib. O, intihar səbəblərinin müxtəlif ola biləcəyini qeyd edərək, xüsusilə valideyn məsuliyyətinin vacibliyinə diqqət çəkib.

QHT.az xəbər verir ki, Nailə İsmayılova vurğulayıb ki, uşaqlar təkcə məktəb və valideyn tərbiyəsi ilə deyil, həm də cəmiyyətlə ünsiyyətdə formalaşırlar. QHT sədri valideynlərə övladlarına qarşı diqqətli olmağı, onlarla nəzakətli və səmimi münasibət qurmağı tövsiyə edib:

"Uşaq və yeniyetmələr zamanlarının bir hissəsini məktəbdə keçirirlər. Amma biz unutmamalıyıq ki, onların məktəbdən evə qayıtdıqları bir zaman kəsiyi də var. Bu müddət ərzində onlar kiminlə yol yoldaşı olurlar, yolda kiminlə rastlaşırlar, kim onlardan bəhanə ilə nə isə soruşur və s... Demək ki, uşaqlar məktəb və valideyn tərbiyəsindən başqa həm də cəmiyyətlə ünsiyyətdə olurlar. Bu yerdə uşaqlıqda anamın bizə, yəni övladlarına etdiyi "Allah balalarımızı mərdimazara rast gətirməsin" duası yadıma düşür. Əziz valideynlər! Sizdən xahiş edirəm, övladlarınıza qarşı diqqətli olun və onlarla nəzakətlə davranın. Övladlarınızla mütləq dost olmalısınız demirəm, amma onlarla həm də yoldaş olun. Uşaqlarımız bizim gələcəyimizdir! Hər bir halda valideyn məsuliyyətindən qaçmayaq!"

 

Pərvanə Fərhadqızı

Избранный
10
qht.az

1Источники