RU

"Sözündə həqiqət var" - Ekspert müğənninin təklifini DƏSTƏKLƏDİ

Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov birinci sinif şagirdlərinə əxlaq dərsinin keçirilməsini təklif edib. Müğənni deyib ki, əxlaq dərsini keçən müəllim də buna layiq olmalı və əxlaq qaydalarına ən əvvəl özü əməl etməlidir.

Mövzuyla bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov təhsillə bağlı məsələlərdə mütəxəsisslərdən fərqli olaraq müğənnilərin maraqlı təkliflər verdiyini bildirib.

Müğənni Murad Arifin Azərbaycan dilinin tədrisini gücləndirmək üçün rus bölmələrində Azərbaycan dilinin fənn olaraq daha çox tədris olunmalı olduğu, ibtidai siniflərdə rus bölmələrinin bağlanması, 4-cü sinifdən sonra isə şagirdlərə istədikləri dili seçmək imkanı verilməsi barədə sosial mediada etdiyi paylaşımdan sonra, digər bir müğənni  Elçin Cəfərov da əxlaq dərsiylə bağlı təkliflə çıxış edib. Bu da təbiidir, çünki, təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ümummilli məsələdir.

Bu mənada müğənninin sözündə müəyyən həqiqət var və onunla razılaşmamaq da olmur. Lakin,  “əxlaq dərsi” yox, bunu “davranış” sözü ilə əvəz etmək şərti ilə. Çünki, dilimizdə əxlaq sözü ilə yanaşı, əxlaqsız ifadəsi də işlənilir ki, bu da bir çoxları tərəfindən bir növ alçaldıcı, təhqiredici mənada assosiya oluna bilər. Məsələ təkcə bunda deyil. Biz ali məktəblərə qəbul zamanı testlərə məntiqdən suallar salırıq. Lakin, bu fənn orta məktəblərdə tədris olunmadığından məzunlar sualı cavablandırmaqda müəyyən çətinliklərlə üzləşməli olurlar. Və ya, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” qəbul etmişik, bununla belə əksəriyyət şagirdlərimiz hüquq və vəzifələrini, nizam-intizamı tənzimləyən qayda və prosedurları lazımınca bilmirlər.

Bunun bariz nəticəsidir ki, son zamanlar məktəblərdə baş verən, və gündən-günə kütləvi xarakter almaqda davam edən, məktəbi, müəllimi gözdən salan bir sıra xoşagəlməz olaylar, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesini zəruri edir. Bu qaydaları elə tənzimlənməlidir ki, hər hansı sui-istifadə halları olmasın, eyni zamanda, proses düzgün aparılsın. Halbuki, bir vaxtlar bizim bu sahədə kifayət qədər uğurlu təcrübəmiz olub”.

Ekspert deyib ki, bir vaxtlar məktəblərin məktəblərin foyesində “Əxlaq kodeksi” asılardı:

“Dəhlizlərdə “Ədəb qaydaları” guşələri yaradılırdı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı, yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Məktəbi bitirən məzunlara kamal attestatı ilə yanaşı, əxlaqına dair xasiyyətnamə verilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz olundu. Təlimə ifrat dərəcədə aludəliyimiz isə, tərbiyə məsələlərini arxa plana keçirdi, davranış anlayışını pedaqoji leksikonumuza yadlaşdırdı. Halbuki, neçə nəsil təhsilə bu kimi yanaşmalardan kifayət qədər yararlanıb, faydalanıb. Bu halda sual olunur ki, əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, şagirdlərin yekun qiymətləri ilə yanaşı davranışı niyə qiymətləndirilməsin?

Baxmayaraq ki, 1990-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki, pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti təkcə, hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur. Görünür, bu məsələyə yenidən qayıtmaq zərurəti yaranıb”.

N.İsrafilov təklif edib ki, attestata ayrı-ayrı fənlər üzrə yekun qiymətləri yazarkən, davranışa aid bir qrafa da ayrılsın:

“Bunu, “əla”, “yaxşı”, “kafi” və hətta “qeyri kafi” kimi qiymətləndirmək, ali və orta-ixtisas məktəblərinə qəbul zamanı nəzərə almaq yolu ilə təhsil verənin hörmətini, təhsil alanın məsuliyyətini qaldıraq. Hələ ki, nəzərdə tutulan tədbirlər lazımı effekt verməsə, görünür radikal addımlar atılması qaçılmaz olacaq. Bir də ki, əgər dünya təcrübəsinə inteqrasiya ediriksə, bir çox ölkələrin ümumtəhsil məktəblərində “Etiket” (Davranış) adlandırılan xüsusi fənn tədris olunur. Bu fənn vasitəsi ilə məktəblilər evdə, ailədə, məktəbdə, ictimai yerlərdə və s. digər məkanlarda özlərini necə aparmaları barədə qaydalarla tanış olurlar kiçiklərlə, yaşlılarla münasibətdə necə davranmalarını öyrənirlər. Bu gün optimallaşdırmadan, rasionallaşdırnadan, inteqrasiyadan çox danışıriq. Bəlkə, belə bir inteqrativ fənnin yaradılması və tədris prosesinə daxil edilməsi barədə də bir düşünək, yoxsa ki, Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” bütün məktəblərdə tətbiq olunacağını və hansı effekt verib-verməyəcəyini gözləyək?”.

 

Vasif ƏLİHÜSEYN

 

 

Избранный
31
redaktor.az

1Источники