RU

FIFA agenti: Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır

Bakı, 11 fevral, AZƏRTAC

“AFFA İcraiyyə Komitəsinin son iclasında ən diqqətçəkən qərarlardan biri növbəti mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi oldu. Bu, Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA agenti Səid Bağırov deyib. O, bildirib ki, qərarlar ictimaiyyətə elan edildikdən sonra birmənalı qarşılanmayıb:

"Futbolda legioner limitinin ləğvi bir çox ölkənin keçdiyi yoldur, onlarda da bu prosesə asan keçid olmayıb. Əlbəttə, ölkəmizdə də bu məsələ müzakirə mövzusu oldu və hələ də davam edir. Bizə görə bu qərardan sonra insanlarda və ya hazırkı oyunçuların ağlında əsas sual budur: "Yerli futbolçuların karyerası necə olacaq və ya onlar harada oynayacaqlar?" Yəni, məsələ bir az da psixolojidir. Düşünürlər ki, legioner oyunçulara görə mövqelərini itirəcəklər. Futbol bacarığına inanan oyunçular bunu problem kimi görməməli, əksinə, rəqabətə girməlidirlər. Yəqin ki, alınan qərarların dərinliyində "rəqabət ruhu"nun artırılması, yerli futbolçularımızın öz üzərində daha çox işləməsi kimi məqamları da nəzərdə tutublar".

S.Bağırovun sözlərinə görə, qərarın texniki tərəfləri daha maraqlıdır: “Məsələn, Premyer Liqada klubların sayının 10-dan 12-yə artırılması ölkə çempionatına marağı daha da artıracaq, futbolçuların yüksək liqa klublarında çıxışına imkan yaradacaq. Belə olduğu halda I və II liqalarda da ümumi olaraq klubların sayı artmalıdır. Hətta legioner limitinin ləğvi aşağı liqalarda oyunçu maaşlarına da müsbət təsir etməlidir. Çünki çempionatın izlənmə səviyyəsi artdıqca gəlirlər çoxalır, bu isə birbaşa oyunçu maaşlarına da yaxın gələcəkdə müsbət təsir göstərməlidir.

Azərbaycanın ilk rəsmi FIFA qeyd edib ki, əslində, legioner limitinin ləğvi teorik olaraq qərara alınsa da, praktiki olaraq, tətbiqi heç də asan görünmür: “Yəni, bu, o demək deyil ki, bütün klublar ancaq legioner oyunçu transfer edəcək. Hər bir legioner üçün tətbiq edilən yeni rüsumlar bu formada düşünməyə imkan yaradır. Əvvəl legioner oyunçulara görə rüsum hər bir futbolçu üçün 5 min manat idi. 12-ci oyunçudan sonra hər futbolçu üçün əlavə 50 min manat ödənilirdi. Əgər oyunçu öz ölkəsinin millisində oynayırdısa, 5 min manatlıq rüsumdan azad olunurdu. Ancaq indi millidə forma geyinsə belə, klub oyunçu üçün rüsum ödəməli olacaq. Yəni, milli komanda üzvü üstünlüyü ləğv olunub. Əlavə olaraq, rüsumlar oyunçu sayına görə tənzimlənib. Belə ki, 1 legionerdən 7 legionerə qədər 5 min manat, 8-dən 12-yə qədər 10 min manat, 13-dən 15-ə qədər 100 min manat, 16 və daha çox oyunçu üçün 200 min manat ödənilməlidir. Bu rüsumlar nəzərə alınıb tətbiq edilərsə, AFFA 11 legioner oynatmağa icazə verərsə, klub bu sayda əcnəbi futbolçu üçün 110 min manat rüsum ödəməlidir. İştirak ərizəsinə 17 legioner oyunçu salmağa da icazə verilir, lakin bu transferləri etmək üçün ümumilikdə 3 milyon 400 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz demək olar ki, yoxdur. Maliyyə imkanı daha böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlana biləcəyini, imkanı daha zəif olan klublarımız elə 1-7 say limitindən yararlanacağını düşünürlər”.

"Bu, yerli futbolçularımızı "nə də olsa, limitə görə məcbur bizi də oynadacaqlar" düşüncəsindən, arxayınlığından çıxaracaq. Artıq yerli futbolçularımız heyətə düşmək üçün daha çox çalışacaq, mübarizə aparacaqlar. Bu da öz növbəsində milli komandanın inkişafına yol açacaq. Hansı ki, son vaxtlar alınan nəticələr heç də ürəkaçan deyil. Yuxarıda da qeyd etdiyim kimi, legioner limitinin ləğvini biz bir çox ölkə, eləcə də qardaş Türkiyənin təcrübəsində də görmüşük. Son illər Türkiyə millisində oynayan bir çox oyunçu legioner limiti aradan qaldırılan vaxtda Avropa ölkələrində müxtəlif klublarda forma geyinirdilər. Yerli klublarda oynayan futbolçuların da inkişafı göz qabağındadır. Onlar da öz klublarında heyətə düşmək üçün daha çox çalışırlar. Hətta biz onu da təxmin edirik ki, komandalarımız öz yerli oyunçularımızın da xarici klublara satışında və ya icarəsində maraqlı olacaqlar. Başqa sözlə desək, onların çıxışına bu dəfə özləri də cəhd edəcəklər", - deyə FIFA agenti əlavə edib.

Избранный
26
1
azertag.az

2Источники