Xəbər verdiyimiz kimi, fevralın 10-da Donald Tramp xaricdən ABŞ-a bütün polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiq edilməsi barədə göstəriş verib. Onun sərəncamına əsasən, rüsumlar martın 10-dan qüvvəyə minəcək.
Trampın qərarı ABŞ-a bu məhsulların ixracatçısı olan ölkələrdə ciddi narazılıq və narahatlığa səbəb olub.
Böyük Britaniya hökuməti qərarla bağlı Tramp administrasiyasından izahat tələb etdiklərini açıqlayıb. Eyni zamanda Kanadanın baş naziri Castin Trüdo ölkəsinin bu addıma çox sərt cavab verəcəyini açıqlayıb.
Məlum olub ki, Co Bayden tərəfindən ABŞ-a polad ixracı rüsumlardan azad olunan Ukrayna üçün də bu qərar ciddi problemlərə yol açacaq.
Qeyd edək ki, Donald Trampın qərarı Azərbaycan üçün də ciddi problemlər yaradacaq. Belə ki, bu sahə son illərdə ciddi ixrac potensialı nümayiş etdirməkdədir. ABŞ-a ixrac kifayət qədər perspektivli istiqamət kimi qiymətləndirilirdi.
Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabrında Azərbaycandan ABŞ-a 28 milyon 686,71 min dollar dəyərində 9 982,67 ton (35954,75 ton olan ümumi ixracın 28 faizə yaxını) alüminium ixrac olunub. Alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar; 288,9 min dollar dəyərində 17,34 ton aşqarlanmamış alüminiumdan çubuqlar və profillər; 1 milyon 630,42 min dollar dəyərində 66,44 ton(95,76 ton olan ümumi ixracın 70 faizə yaxını) alüminiumdan qapılar, pəncərələr, çərçivələr ixrac olunub.
Birbaşa ixracdan əlavə, Azərbaycan alüminiumu Türkiyə vasitəsilə də ABŞ-a ixrac olunurdu. Trampın qərarından sonra dünyada, xüsusilə də Azərbaycanın ixrac bazarlarında alüminium qiymətlərinin azalması gözlənilir. Bu isə illik 200 milyon dollara yaxınlaşan ixracın ciddi şəkildə dəyərsizləşməsinə səbəb ola bilər.\\musavat\\