Bakı, 11 fevral, AZƏRTAC
Avropa İttifaqında (Aİ) yüksək qaz qiymətləri qarşıdan gələn yay aylarında qaz anbarlarının doldurulması zamanı 3 milyard avroya qədər maliyyə itkisinə səbəb ola bilər.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, soyuq hava şəraiti ilə əlaqədar tələbatın artması fonunda fevralda Avropada qazın qiyməti son iki ilin maksimum həddinə çatıb. Avropada yeraltı anbarlardakı (UGS) qaz ehtiyatı 48,5 faizdən aşağı düşüb və “Gas Infrastructure Europe” (GIE) şəbəkəsinin (GIE) məlumatlarına görə, fevral ayında sərfiyyat son dörd il ərzində rekord göstərici olub.
“Bloomberg”in yazdığına görə, Avropa hazırda qaz qıtlığı ilə üzləşmir, lakin qaz anbarlarının gələn qış üçün nə qədər tez doldurulacağı ilə bağlı narahatlıq var. Aİ ölkələrinin hakimiyyət orqanları bu problemin həlli üçün müxtəlif yolları nəzərdən keçirir. Xüsusən, İtaliyada yeraltı anbarlara qaz vurulmasına həmişəkindən tez başlamağı təklif edirlər, Almaniyada isə bu məqsədlər üçün subsidiyaların verilməsini müzakirə edirlər.
Agentliyin məlumatına görə, mövcud qiymətlər yeraltı qaz anbarlarının doldurulmasını rentabelsiz edə bilər, çünki bir sıra layihələrin icrasında gecikmələr və Asiya ölkələri ilə rəqabət səbəbindən Aİ-nin qaz bazarında vəziyyət gərgin olaraq qala bilər.
“Bloomberg” onu da qeyd edir ki, yanvarda yay və qış ayları üçün fyuçerslərin qiymətləri arasında son üç ilin ən böyük fərqi qeydə alınıb. “Qiymət fərqi Avropanın 90 faizlik hədəf səviyyəsinə çatması üçün lazım olan bütün qaz həcmlərinin yayda alınması və qışda Avropada satışı zamanı 3 milyard avro itkiyə uyğundur”, - deyə agentlik vurğulayır.