RU

743 milyon dollarlıq "Bitcoin"i zibilxanaya atdı, 10 ildir tapa bilmir

Uelsdə bir kompüter mütəxəssisi, bələdiyyə zibilxanasında basdırıldığına inandığı və hazırda 743 milyon dollar dəyərində olan "Bitcoin" sərvətini geri qaytarmaq üçün on ildən artıqdır mübarizə aparır. Onun indiki məqsədi isə zibilxananı satın almaqdır.  

Valyuta.Az "Euronews"a istinadən xəbər verir ki, 2013-cü ilin yayında baş verən hadisədə Ceyms Hauels "Bitcoin" pulqabısını ehtiva edən sabit diski səhvən qara zibil torbasına qoyaraq evinin dəhlizinə buraxmışdı. Onun keçmiş sevgilisi isə həmin torbanı zibil hesab edərək atmışdı. 

Ceyms Hauelsin zibilxanada axtarış aparmasına "Nyuport Şəhər Şurası" icazə vermirdi. O, bələdiyyəni axtarış aparmağa məcbur etmək üçün Ali Məhkəməyə müraciət etsə də, ötən ay işi uduzdu.  

Bələdiyyə isə bu yaxınlarda ərazinin bağlanaraq örtüləcəyini açıqlayıb. Bu qərar, "Bitcoin"lərin tapılmasına ümidləri demək olar ki, tamamilə yox edəcək. Hətta ərazinin bir hissəsində günəş enerjisi stansiyası qurmaq üçün icazə də alınıb.  

39 yaşlı Hauels bağlanma planının onun üçün böyük bir sürpriz olduğunu bildirərək bunları deyib: “Şura, məhkəmədə zibilxanada axtarış aparmağıma icazə verilməsinin Nyuport sakinlərinə ciddi mənfi təsir edəcəyini iddia edirdi. Amma eyni zamanda zibilxananı bağlamağı planlaşdırırmış.”  

Hauels zibilxananın növbəti illərdə dolacağı üçün bağlanmasını gözlədiyini, lakin bu qədər tez bağlanacağını düşünmədiyini bildirib.  

“Əgər "Nyuport Şəhər Şurası" razılaşarsa, zibilxananı hazırkı vəziyyətdə almağı düşünə bilərəm. Bu variantı investisiya tərəfdaşlarımla müzakirə etmişəm və hazırda masada olan bir məsələdir.”

Hauels səhvini tez anlayıb, lakin o vaxtdan bəri şuradan sabit diskin geri qaytarılmasına kömək etməsini istəsə də, müsbət cavab almayıb. Hətta qazancın bir hissəsini bələdiyyə ilə bölüşməyi təklif etsə də, təklifləri rədd edilib.  

Şura, sabit diskin zibilxana ərazisinə daxil olduqdan sonra bələdiyyənin mülkiyyətinə keçdiyini iddia edərək Hauelsin axtarış aparmaq cəhdlərinə qarşı çıxıb.  

Ali Məhkəmə hakimi isə yanvar ayında şuranın Hauelsin axtarış aparmaq hüququna malik olmadığı ilə bağlı arqumentini qəbul edib.  

"Nyuport Şəhər Şurası" məsələ ilə bağlı şərh verməkdən imtina edib.  

Rəhim

Избранный
2
valyuta.az

1Источники