RU

Bakıda tıxaclar yalnız bu halda azalar - Tanınmış memardan AÇIQLAMA

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı sakinlərinin hər gün qarşılaşdıqları tıxac problemlərinin azalması üçün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" haqqında sərəncam imzalayıb. Dövlət başçısı həmçinin problemlə bağlı ictimaiyyət nümayəndələrinin də öz tövsiyələrini vermələri barədə çağırış edib.

Mövzu ilə əlaqədar Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, memar Cahid Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakının mərkəzində yerləşən inzibati binalar və təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi tıxac problemini azalda və şəhərdaxili nəqliyyat yükünü minimuma endirə bilər:

"Bir şəhərsalma memarı olaraq, təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, bu sıxlığın azalması üçün şəhərin ən mərkəzi hissəsində olan tədris ocaqları şəhərdən kənara çıxarılmalıdır. Təbii ki, təkcə bu tədris ocaqlarının şəhərdən çıxarılması ilə iş bitmir. Əgər bu mümkün deyilsə, onların həyətyanı ərazilərinin, müasir standartlara cavab verən yataqxanaların olması lazımdır ki, tələbələr orada məskunlaşsın. Regionlardan gələn tələbələr şəhərin mərkəzində, yataqxanada qalmadığına görə və oxuduqları təhsil ocaqlarının yanlarında aylıq kirə haqqının çox olması səbəbilə şəhərdən kənarda ucuz evlərdə kirayə tuturlar. Onlar gündəlik nəqliyyat vasitəsindən istifadə edirlər. Xüsusilə də əksər inzibati binaların şəhər mərkəzindən çıxarılmasına tərəfdaram. Məsələn, Energetika ilə bağlı nazirlik Mingəçevirdə, Kənd Təsərrüfatı Nazirliyi Bərdə, Gəncə bölgəsində, musiqi ilə bağlı konservatoriyalar, təhsil ocaqları köçülsün Qarabağa, Ağdama. Ümumiyyətlə, şəhərdə inzibati binaların əksəriyyəti Xəzər dənizinin sahilindədir. Həmin əraziləri inzibatlaşdırmaqdan çıxartmalıyıq".

Memarın sözlərinə görə, yaşayış komplekslərinin tikintisinin zəif olduğu ərazilərə dövlət qurumları və ali təhsil müəssisələri köçürülsə, tikinti şirkətləri də həmin ərazilərə maraq göstərəcək.

"Qurumların özlərinin belə bir neçə idarələri var. Onlar ayrı-ayrı məkanlarda yerləşir. Bir idarəyə gedən vətəndaş müəyyən müraciətdən sonra digər ərizənin, arayışın, sənədin alınması üçün şəhərin başqa bir yerinə gedir. Bunların hamısı bir binada olmalıdır. Təbii olaraq ki, metronun stansiyalarının artırılması, yeni prospekt, şosselərin salınması da tıxacı azaldacaq. İnzibati binaların şəhərdən kənara köçürülməsi, digərlərini də öz arxasınca çəkəcək. Bu günlərdə Xocəsən, Ələt kimi yerlərdə ev tikən yoxdur. Ancaq bu ərazilərdə institutlar, qurumlar olarsa, MTK-lar, bina tikənlər də investisiyanı ora yönəldərlər, evlər qurarlar. İnzibatiləşmə mexanizmi gedərsə, bu, özəl sektora da, tikililərə də təsir edər və Bakının sıxlığı da azalar. Nəticədə Bakının ərazisi də genişlənmiş olar", - deyə Cahid Həsənov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Избранный
4
1
redaktor.az

2Источники