ABŞ-nin bəzi ştatlarından Azərbaycana quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qeyd edək ki, Azərbaycan quş əti istehsalı ilə yanaşı həm də idxalçı ölkədir. Amerikada isə artıq bir aya yaxındır ki, quş qripi yayılıb və bu məqsədlə milyonlarla toyuq məhv edilib. Mütəxəssislər hasilatın azalması səbəbindən qiymət artımlarının davam edə biləcəyini deyirlər. ABŞ-də sürətlə yayılan quş qripi epidemiyası ölkədə yumurta istehsalını dayandıraraq qiymətlərin artmasına səbəb olub. Amerika mətbuatı pandemiyanın 2022-ci ildən bəri 110 milyon yumurtlayan toyuqun məhvinə səbəb olduğunu bildirib.
ABŞ-dən idxal olunan quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq edilməsi daxili bazarda yumurtanın və quş ətinin bahalaşmasına gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, süfrə yumurtasının qiymətində artım yoxdur:
“Fabriklərdə son 1 ayda çıxış qiyməti 12-13 qəpik arasında olub. Bu gün də topdan satışı həmin qiymətədir. Toyuq əti idxalına gəldikdə isə bizə Amerikadan çox cüzi miqdarda ət gəlirdi. O, əti də kolbasa və sossislərdə istifadə edilir. Əsasən Braziliyadan, Argentinadan gətirilirdi. Bu gün Amerikadan quş əti idxal olunmaması ilə bağlı heç bir problemimiz yoxdur.
Ölkənin quş ətinə, eləcə də yumurtaya olan tələbatını yerli fabriklər artıqlaması ilə ödəyirlər. Yəni heç bir problemimiz yoxdur”.