Mətbuatda Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkəni vaxtilə Moskvadan göndərilən şəxslərin idarə etməsi ilə bağlı informasiya yayılıb. Sözügedən şəbəkəyə Ramiz Mehdiyev, Eldar Mahmudov, Elmar Məmmədyarov və digər şəxslərin daxil olduğu iddia edilib. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin indiki həssas məqamında belə iddialar cəmiyyətdə haqlı yerə ajiotaj yaradır.
Xüsusilə nəzərə almaq lazımdır ki, adı çəkilən keçmiş vəzifəli şəxslərin hər biri uzun illər müxtəlif postlara rəhbərlik ediblər. İndi onlar barəsəində “casus” kəlməsinin işlədilməsi ağıllarda müəyyən sual yaradır: rəsmi Moskva hələ də müxtəlif şəxslər vasitəsilə öz təbliğatını aparmağa, kəşfiyyat məlumatları əldə etməyə çalışa bilərmi?
Bu barədə Crossmedia.az-a danışan politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın “casus şəbəkəsi” strategiyası təkcə Azərbaycan üçün xarakterik deyil: “Demək olar, bütün səfirliklərdə, konsulluqlara belə casus şəbəkələrinin yaradılmasına cəhd edilir. Həmçinin mədəniyyət mərkəzlərindən oxşar məqsədlə istifadə edilir. Buna ən baruz nümunə kimi “Rus evi”nin fəaliyyətini gösrərmək olar”.
N.Miri qeyd edib ki, Rusiya xüsusilə özünün “arxa bağçası” hesab etdiyi “postsovet” məkanında hakimiyyətdə öz adamlarının olmasına çalışır: “Lakin bu, təkcə siyasi elita ilə məhdudlaşan məsələ deyil. Qeyri-hökumət təşkilatları, media subyektlərinin rəhbərləri, habelə siyasətşünaslar arasında da belələri var. Onlar bir növ Rusiyanın “əl-üzünü” yumağa çalışırlar. Azərbaycanda hakimiyyətdə, ictimaiyyətdə təmsil olunan belə şəxslərin aşkarlanıb üzə çıxarılması, vəzifələrindən azad edilməsi şərtdir. Xüsusilə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra bəzi reallıqlar daha aydın üzə çıxdı. Azərbaycan elə bir dövlətə çevrilib ki, balanslı xarici siyasət naminə Rusiyaya, Qərbə, İrana xidmət edən şəxslərin hakimiyyətdə təmsil olunmalarına ehtiyac yoxdur. Ümumiyyətlə, siyasətçi birtərəfli olmalı, ancaq Azərbaycana xidmət etməlidir”.