Avropa İnvestisiya Bankının ("EIB") prezidenti Nadia Kalvino Ukraynanın "hazırda ən vacib prioritetlər" arasında olduğunu və bank ilə Ukrayna arasında "dövlət və özəl sektorda təxminən 1 milyard avroluq investisiyanı hərəkətə keçirəcək sazişlər" imzalandığını bildirib.
Valyuta.Az xəbər verir ki, Avropa İttifaqının kredit təşkilatı olan Avropa İnvestisiya Bankı bazar ertəsi Ukraynanın bərpası və inkişafı üçün təxminən 1 milyard avro həcmində yeni maliyyə dəstəyi ayırdığını elan edib.
Ukrayna prezidenti Volodimir Zelenski və Avropa İnvestisiya Bankının prezidenti Nadia Kalvino bazar ertəsi Kiyevdə Ukraynaya maliyyə və infrastruktur dəstəyi məsələlərini müzakirə etdikdən sonra birgə konfrans keçiriblər.
Kalvino çıxışında "Ukraynaya olan bağlılığımız sarsılmazdır və Avropa İnvestisiya Bankı hazırda ölkənin əsas investisiya tərəfdaşı olmasa da, əsas tərəfdaşlarından biridir", – deyə vurğulayıb.
Ziyarət zamanı imzalanan sazişlər çərçivəsində kritik infrastruktur, enerji sistemləri, su təchizatı və məktəb sığınacaqlarına yönələn təxminən 1 milyard avroluq dövlət və özəl sektor investisiyası hərəkətə keçiriləcək.
Bundan əlavə, cəbhə xəttində fəaliyyət göstərənlər də daxil olmaqla, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləmək üçün Ukraynanın aparıcı bankları vasitəsilə təxminən 500 milyon avro ayrılacaq.
Kalvino Avropa İnvestisiya Bankının təhsil, səhiyyə xidməti və təmiz su təchizatı sahələrindəki investisiyalara prioritet verdiyini, xüsusilə yaşayış sektorunda lazım olan maliyyə miqyasını müəyyən etmək üçün danışıqların davam etdiyini təsdiqləyib.
Bankın məqsədinin məcburi köçkün düşən ukraynalıların ədalətli və daimi sülh şəraitində mümkün qədər tez normal həyatlarına qayıtmasına kömək etmək olduğu vurğulanıb.
Ukrayna prezidenti Zelenski humanitar sahədə, xüsusilə təhsil və yaşayışla bağlı layihələrin əhəmiyyətini qeyd edərək, bankın yaxın gələcəkdə müsbət nəticələr verməsi gözlənilən sərhəd-keçid infrastrukturu layihələrinə cəlb olunmasını da məmnuniyyətlə qarşıladığını bildirib.
Zelenski, ABŞ Donald Trampın komandasından nümayəndələrin Münhen Təhlükəsizlik Konfransından əvvəl bu həftə Ukraynaya səfər edəcəyini də açıqlayıb.
Trampın milli təhlükəsizlik müşaviri bazar günü bəyan edib ki, yüksək vəzifəli ABŞ rəsmiləri bu həftə Rusiyanın genişmiqyaslı işğalına başlamasından təxminən üç il sonra Ukraynadakı müharibənin necə dayandırıla biləcəyini müzakirə etmək üçün Avropa rəsmiləri ilə görüşəcəklər.
Bir gün əvvəl "New York Post" qəzeti Trampın Rusiya prezidenti Vladimir Putinlə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində addımları müzakirə etmək üçün telefon danışığı apardığını bildirmişdi.
Yeni Orleanda "Super Bowl" oyununa gedərkən "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp, Putinlə telefon danışığına dair xəbərlərə münasibət bildirməkdən imtina edib.
Trampın Putinlə görüşü barədə nə bildiyi soruşulan Zelenski isə "şayiələrə və mediada yayılan bəzi məlumatlara əsasən qərar verməməyin" vacib olduğunu vurğulayıb.
Rəhim