1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Onkoloji xəstəliklərin ən öldürücü formalarından biri, tez-tez təkrarlanan və müalicəyə davamlı olan ağciyər xərçəngi ilə mübarizədə irəliləyiş əldə edilib. Belə ki, mütəxəssislər sözügedən şişin "zəif nöqtəsini" aşkarlayıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Harvard Tibb Məktəbinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Onların tədqiqatlarının nəticələri "Cell" elmi jurnalında dərc olunub.
Bildirilib ki, əsas diqqət şişi qidalandıran anormal zülalın yaranmasına səbəb olan ALK genindəki mutasiyaya yetirilib - Alimlər xərçəng hüceyrələrinin böyüməsində əsas rol oynayan GUK1 metabolik fermentini müəyyən ediblər.
"Biz aşkar etdik ki, GUK1 xərçəng hüceyrələrinə böyümə və sağ qalmaları üçün lazım olan molekulların istehsalına kömək edir", - deyə tədqiqatda izah edilib.
Siçan modellərindən və insan xərçəng hüceyrələrindən istifadə edən tədqiqatçılar GUK1-i "söndürüblər". Məlum olub ki, bu addım şişin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb.
Qeyd etmək lazımdır ki, GUK1-in yüksək səviyyəsi ağciyər xərçənginin digər alt tiplərində də aşkar edilib. Bu, onun müxtəlif genetik pozuntudan qaynaqlanan xəstəliyin inkişafında universal rolunu göstərir. Alimlərin GUK1-lə bağlı kəşfi şişlərin böyüməsini dayandıra bilən yeni hədəf dərmanların hazırlanması üçün ümid verir.