RU

Girovlar qaytarılmasa...

Trampdan HƏMAS-a sərt xəbərdarlıq...

Yaxın zamanda Qəzzada müharibə yenidən alovlana bilər. Belə ki, İsrail ilə HƏMAS arasında məhbusların mübadiləsi dayandırılıb. İsrail və ABŞ HƏMAS-a şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə daha sərt tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrail Nazirlər Kabinetinin rəsmi nümayəndəsi David Menser yerli mətbuata açıqlamasında Qəzza zolağında hərbi əməliyyatların bitmədiyini və İsrailin bölgədə daimi atəşkəsə yalnız HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşacağı təqdirdə razı olacağını, o cümlədən bölgədə İsrailin təhlükəsizliyinə təhdid yaradan hər hansı silahlı qruplaşmanın mövcudluğuna imkan verilməyəcəyini bildirib.

“Bir şey aydın olmalıdır ki, İsrail bütün məqsədlərinə çatana qədər bu müharibəyə son qoymayacaq. Yekun məqsədə gəlincə, bu, əlbəttə ki, daimi atəşkəsdir, lakin HƏMAS hakimiyyətdə olmamalıdır, Qəzza sektoru demilitarizasiya edilməli və deradikallaşdırılmalıdır”. 

David Menser, həmçinin bildirib ki, İsrail hakimiyyəti ABŞ-dakı tərəfdaşları ilə anklavda hərbi əməliyyatları tam dayandıracaq HƏMAS ilə razılaşmanın ikinci mərhələsi ilə bağlı məsləhətləşmələrə başlayıb.

“Görəcəyik nə baş verəcək”...

İsrailin müdafiə naziri İsrail Katz isə HƏMAS-ı atəşkəs sazişini məqsədyönlü şəkildə pozmaqda ittiham edib: “HƏMAS-ın girovların geri qaytarılmasını dayandırması atəşkəsin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən orduya bütün ssenarilərə hazır olmağı tapşırdım.”

Qeyd edək ki, qarşı tərəf də öz şərtini irəli sürüb - HƏMAS-ın Əl-Qassam Briqadasının sözçüsü Əbu Ubeydə İsrail tərəfinin “qanun pozuntuları”na görə təzminat ödəməyə razı olana qədər girovların təhvil verilməyəcəyini bildirib: “Düşmən Qəzzaya yardım axınını əngəlləyib. Atəşkəs dəfələrlə pozulub. Şənbə günü azad edəcəyimiz girovların dəyişdirilməsini növbəti xəbərdarlığa qədər təxirə saldıq. Nə qədər ki, düşmən razılaşdırılmış şərtlərə əməl edəcək, biz də atəşkəs razılaşmasına əməl edəcəyik.”

Qəzzadakı hazırki vəziyyətə ABŞ prezidenti Donald Trampın reaksiyası da gecikməyib - Ağ Evin rəhbəri HƏMAS-ı bütün girovları şənbə günü saat 12:00-a qədər azad etməyə çağırıb. Tramp açıq şəkildə bildirib ki, əgər bu tələblər yerinə yetirilməsə, bütün razılaşmalar ləğv olunacaq. ABŞ-ın HƏMAS-ın bu tələbi yerinə yetirməyəcəyi təqdirdə hansı tədbirləri görəcəyi ilə bağlı sual ünvanlanarkən Tramp, bu suala açıq cavab verməyib və yalnız “Görəcəyik nə baş verəcək” - deyə bildirib.

Razılaşma işləmədi?

Xatırladaq ki, yanvarın 16-da İsrail ilə HƏMAS arasında atəşkəs sazişi əldə olunub -  bu saziş qüvvəyə mindikdən sonra Qəzza zolağında bütün hərbi əməliyyatlar dayandırılıb. Bir neçə mərhələdən ibarət olan sazişin müddəalarına görə, tərəflər ilkin olaraq atəşkəsə əməl etməli, girovların və əsirlərin mübadiləsini həyata keçirməli və humanitar yardıma əngəl olmamalıdır. Eyni zamanda sazişin müddəalarına əsasən, paralel olaraq İsrail qoşunları Qəzza zolağının sıx məskunlaşmış ərazilərindən geri çəkilməli, Rəfah sərhəd-keçid məntəqəsi isə mülki şəxslər və yaralılar üçün açılmalı və məcburi köçkünlərin geri qayıtmaları üçün müəyyən dəhlizlər yaradılmalıdır.

Hazırki şəraitdə atəşkəs sazişinin sona qədər yerinə yetirilib-yetirilməyəcəyi sual altındadır - Qəzza zolağında müharibənin baş verəcəyi təqdirdə Donald Trampın İsraili dəstəkləmək üçün HƏMAS-a qarşı sərt addımlar atacağı ehtimal olunur. Təbii ki, anklavdakı növbəti silahlı qarşıdurma geniş bir bölgəyə təsir göstərə bilər - bu halda region dövlətlərinin ciddi reaksiya sərgiləcəyinə şübhə yoxdur.

Yeni qlobal siyasi nizamda Qəzza

Məsələ ilə bağlı politoloq Zaur Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp İsrailə əvvəlkindən daha güclü və əhatəli dəstək göstərə bilər. “1949-cu ildən bəri ABŞ-ın bütün dövlət başçılarının İsraillə bağlı mövqeyinə nəzər yetirsək, Donald Trampın onlar arasında ən qatı İsrail tərəfdarı olduğunu görərik. Düzdür, İsrailin Qəzzadakı son hərbi əməliyyatları demokrat Bayden administrasiyası dövründə başladı və Qəzzadakı hərbi əməliyyatlar fonunda demokratlar da İsrailə həm hərbi, həm də maliyyə dəstəyi verdilər. Heç bir qüvvə, hətta BMT-nin özü İsrailin öhdəsindən gələ bilmədi. İndiki dövrdə dünyada yeni siyasi nizam formalaşır. Trampın bəyanatları, eləcə də qərarları onu deməyə əsas verir ki, indiyə qədər mövcud olan status-kvonu saxlamaq - neoliberalizm ilə neomühafizəkarlıq arasında ortaq balans yaratmaq qeyri-mümkündür. Tramp administrasiyasının beynəlxalq münasibətlər sistemində mövqeyi bunu aydın sübut edir”.

Yaxın Şərq qaynar nöqtəyə çevilir

Politoloqun sözlərinə görə, hər on ildən bir bu regionda yeni müharibələr və münaqişələr baş verir: “Yəqin ki, Tramp administrasiyası İsrailə Qəzzadakı missiyasını başa çatdırmaq üçün kömək edəcək. Qeyd edim ki, Tramp birinci hakimiyyəti dövründə Qüdsü İsrailin bir parçası və bölünməz paytaxtı kimi tanımışdı. Həmçinin, ABŞ-ın səfirliyini Qüdsə köçürtmüşdü. Ola bilsin ki, yaxın zamanda Trampın Qəzza və Fələstinin digər əraziləri ilə bağlı qərarlarının da şahidi olacağıq”.

Ərəb ölkələri və Türkiyənin reaksiyası necə olacaq?

“Ərəb ölkələri - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İordaniya və Misirin Trampın Qəzza ilə bağlı siyasətində mövqeyi xüsusi əhəmiyyət kəsb edir,” - deyə bildirən Z.Məmmədov vurğulayıb ki, ərəb ölkələri və Türkiyə bu istiqamətdə birgə addımlar atmalıdırlar. “Ərəb ölkələrinin sakit qalması, lakin Türkiyənin sərt reaksiya nümayiş etdirməsi heç nəyi dəyişməyəcək. Qəzzada baş verənlər onu göstərir ki, yaxın dövrdə bu bölgədə proseslər çox gərgin keçəcək. Yeni müharibənin başvermə ehtimalı var, çünki bu məsələdə ziddiyyətlər daha da dərinləşir”.

Yunis ABDULLAYEV

Избранный
34
yeniazerbaycan.com

1Источники