“The New York Times” “Chainalysis” analitik şirkətinin məlumatlarına istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın memkoin “$Trump”-a sərmayə qoyan yüz minlərlə investor təxminən 2 milyard dollar itirib. Onun hesablamalarına görə, memkoin-in istifadəyə verilməsindən sonra ilk 19 gündə cəmi 813 294 kripto pul kisəsi sahibi itki ilə üzləşib.
“NYT” yazır ki, uduzanlar token üçün indiki dəyərdən daha çox pul ödəyənlər oldu. Bununla belə, bu treyderlərin bir çoxu, qiymətlərinin yenidən artacağına ümid edərək, gəlirsiz tokenləri saxlayırlar. Mənfəəti əsasən memkoinin ilk alıcıları əldə ediblər - nağdlaşdırılmış mənfəətin ümumi məbləği 6,6 milyard dollar təşkil edib, “Chainalysis” hesab edir.
Analitik firmanın məlumatları göstərir ki, Trampın öz ailəsi və tərəfdaşları təxminən 100 milyon dollar ticarət haqqı alıblar, baxmayaraq ki, vəsaitlərin əksəriyyəti hələ nağdlaşdırılmayıb. Yazı zamanı “$Trump” memkoin 15,48 dollara satılırdı, halbuki ən yüksək qiymət 75 dollara çatmışdı.
Seçki kampaniyası zamanı kriptovalyuta sənayesini aktiv şəkildə dəstəkləyən Tramp yanvarın 18-də özünün “$Trump” kriptovalyutasının satışa çıxarıldığını elan edib. Token “Solana” blokçeynində işə salındı.”Cryptotimes” nəşri qeyd edib ki, ilk saatlarda onun dəyəri 4000%-dən çox artıb.
Trampın ardınca həyat yoldaşı Melaniya öz memkoini olan “$Melania”-nı buraxdı. “Bloomberg”, Tramp və həyat yoldaşının memkoinlərinin kriptovalyuta şirkətlərinin rəhbərləri tərəfindən tənqid edildiyini və ABŞ-ın yeni administrasiyasının rəqəmsal aktiv sektoruna ciddi münasibət göstərəcəyini gözlədiyini bildirib. Müəssisə kapitalı firması “Dragonfly Capital”-ın baş partnyoru Rob Hadik, bu memkoinlərin satışa çıxarılmasının “açıqca problem olduğunu” söylədi.
Almaz Həsənli