İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkəmizi standartlaşdırma üzrə bir sıra beynəlxalq təşkilatlarda təmsil edir.
Bunu "Far.Az"a müsahibəsində İnstitutun baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə bildirib.
Onun sözlərinə görə, bunlar, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi qurumlardır.
Direktor əvəzi qeyd edib ki, İnstitut fəaliyyət göstərdiyi müddətdə Türkiyə, Almaniya, Böyük Britaniya, Çin, Serbiya, Qazaxıstan və digər ölkələrin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub.
"Azərbaycandan olan mütəxəssislər Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 15 Texniki Komitəsində həqiqi, 45 Texniki Komitəsində müşahidəçi üzv qismində fəal iştirak edirlər. Bundan əlavə, qeyd edim ki, ölkə Prezidenti 11 oktyabr 2022-ci il tarixində “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib, bununla da Azərbaycanın SMIIC-də üzvlüyü aktivləşdirərək və 2023-cü ilin avqust ayından Azərbaycan SMIIC-də AZSTAND vasitəsi ilə təmsilçiliyi reallaşdırılıb", - deyə o əlavə edib.
K.Məmmədzadənin sözlərinə görə, halal sahənin tənzimlənməsi, o cümlədən halal məhsulların istehsalı, ticarətin təşkili, malların islam qaydalarına və halal məhsullar (xidmətlər) üçün müəyyən edilən standartlara uyğunluğunun təmin edilməsi, mütəxəssis potensialının inkişaf etdirilməsi, bu sahədə istehlakçıların gözləntilərinin təmin edilməsi məqsədilə indiyə qədər ümumilikdə 11 dövlət standartı qəbul olunub və standartlaşdırma üzrə dövlət reyestrinə daxil edilib: "Qeyd olunan standartlardan AZS OIC/SMIIC 1:2022 (Halal Qida üçün Ümumi Tələblər), AZS OIC/SMIIC 2:2022 (Halal Sertifikatlaşdırma Orqanları üçün Tələblər), AZS OIC/SMIIC 3:2024 (Uyğunluğun Qiymətləndirilməsi. Halal uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasını həyata keçirən halal akkreditasiya qurumlarına dair tələblər) və AZS OIC/SMIIC 4:2023 (Halal Kosmetika üzrə Ümumi Tələblər) standartları çox aktualdır və müvafiq sahələr üzrə böyük əhəmiyyət daşıyır. Hazırda bu sahə üzrə dövlət standartlarının qəbul olunması ilə bağlı işlər davam etdirilir. Həmçinin AZSTAND SMIIC-lə əməkdaşlıq çərçivəsində təşkilatın 17 Texniki Komitəsində tam həqiqi üzv kimi iştirak edir".
"Ötən il AZSTAND-ın “AZSTANDART HALAL” Sertifikatlaşdırma Orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) və AzAK akkreditasiya edib. Bununla da, İnstitut Azərbaycanda ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçmiş “Halal sertifikat”ı tətbiq etmə hüququnu əldə edib. Ölkə ərazisində və beynəlxalq səviyyədə tanınan “Halal sertifikat”ın tətbiq ediməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərinə islam qaydalarının tətbiqi, halal məhsulların istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullarla bağlı tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların idxal və ixracı zamanı yaranan texniki maneələrin aradan qaldırılması, o cümlədən Azərbaycanda istehsal olun halal məhsulların ixrac potensialının artırılmasının dəstəklənməsidir", - deyə direktor əvəzi vurğulayıb.
K.Məmmədzadə ilə tam müsahibəni buradan oxuya bilərsiniz.