Fransada anadan olan Jeanne Louise Calment 1997-ci ildə 122 yaşında vəfat edib. Ömrü boyu sağlam və enerjili olmağı bacaran Calmentə uzun ömür sürməyin sirri soruşulub və cavabı olduqca sadə olub: Şokolad və zeytun yağı.
News24.az xəbər verir ki, sağlam həyat tərzi mütəxəssislərinin fikrincə, bu iki qidanın sağlamlıq baxımından faydaları elmi araşdırmalarla təsdiqlənir. Araşdırmalar göstərir ki, gündə bir-iki xörək qaşığı zeytun yağı istehlak etmək ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Harvard Universitetində aparılan bir araşdırma da zeytun yağının müntəzəm istehlakının erkən ölüm riskini azaltdığını ortaya qoyub. Mütəxəssislər, "Zeytun yağı, tərkibindəki antioksidanlar sayəsində immunitet sistemini gücləndirir və neyrodejenerativ xəstəliklər riskini azalda bilər" deyirlər.
Calmentin uzun ömür sürməsində mühüm yeri olan şokolad xüsusilə acı növü ilə diqqət çəkir. Tünd şokolad beyin funksiyalarını gücləndirən, hüceyrələri iltihabdan qoruyan və immunitet sistemini dəstəkləyən fenolik turşular və antosiyaninlərlə zəngindir.
Mütəxəssislər xüsusilə tünd şokoladın tərkibində dəmir, maqnezium və sink kimi vacib mineralları ehtiva etdiyinə diqqət çəkirlər. Bununla belə, şokoladın ölçülü istehlak edilməsi lazım olduğunu göstərən araşdırmalar gündə 28-50 qram tünd şokoladın sağlamlıq üçün faydalı ola biləcəyini ortaya qoyur.
“Antioxidants and Redox Signaling” jurnalında dərc edilən araşdırmaya görə, tərkibində yüksək kakao olan şokoladlar iltihab əleyhinə xüsusiyyətləri sayəsində ürək-damar xəstəlikləri riskini azalda bilər. Ancaq həddindən artıq şokolad istehlakı piylənmə və diabet kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün balanslı istehlak tövsiyə olunur.
Jeanne Louise Calmentin qidalanma üstünlükləri də bu fikri dəstəkləyir. Şokolad və zeytun yağı kimi qidaların lazımi miqdarda istehlak edildikdə orqanizmə fayda verdiyi elmi məlumatlarla sübut edilmişdir.
(Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.)
Günel Məlikzadə