RU

Nazirlik övladlarını çöpçüyə aparan valideynlərə müraciət edib

Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.

O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:

“Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük. Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər. Sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır", - deyə cərrah əlavə edib.

Cərrah deyib ki, hər bir ailə məlumatı olmalıdır, 2-3 yaşlı uşaqların əlinin altındakı kiçik əşyalara - fındıq, qoz, saqqız və s. məhsullara diqqətli yanaşmaq lazımdır.

Onun sözlərinə görə, uşaq bu məhsullardan ağzına alsa, qida, ya da daha pis, nəfəs borusunda ilişib qala və bu da xoşagəlməz hadisə ilə nəticələnə bilər: “Belə hallarda bəzi valideynlər özlərini itirirlər və ilkin yardım etməkdə çətinlik çəkirlər. Bir çoxları ilk tibbi yardımı bilmədən barmağını uşağın boğazına salır. Bu, səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər. Ona görə də, valideyn bilməlidir ki, uşağı ağzı aşağı, ayaqlarını qarnına yığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yad cisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır. Bir də görürsən ki, valideyn deyir: “Uşaq filan şeyi ağzına qoydu, bir az öskürdü və uddu. Heç bir problem yoxdur”. Bu, belə deyil, tənəffüsün normal olmasına baxmayaraq, cisim ağciyərə düşə bilər”.

U.Musayev qeyd edib ki, yad cisim nəfəs borusunda deyil, yemək borusundadırsa, bu zaman onun ölçüsü əsasdır: “Çünki mədəyə, bağırsağa keçərsə, əsas problem ölçü ilə bağlı yaranacaq. Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır. Bu zaman uşaq tüpürcəyini uda bilmir, ürək bulanması, qusma halları olur. Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, xırda oyuncaqlar udurlar”.

Избранный
33
xezerxeber.az

1Источники