RU

Keçmiş diplomatın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Day.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə adam bıçaqlamada təqsirləndirilən şəxsin vəkilinin yanında oturub konfidensial müzakirə edə bilməsi ilə bağlı keçən iclasda verilən vəsatət təmin edilib.

Daha sonra prokuror Cövdəd Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda Məmmədov küçəsində səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edərək dalaşıblar. Həmin vaxt E.İbrahimov cibində gəzdirdiyi qara rəngli cib bıçağı ilə K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

İfadə verən Emin İbrahimov özünü təqsirli bilməyərək, söylənənlərin uydurma olduğunu bildirib. Daha sonra o, sərbəst ifadə verərək, özünü müdafiə etməyəcəyini, sadəcə ittihama münasibət bildirəcəyini söyləyib.

Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqir və dava səbəbindən baş verib.

Bu zaman təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, Kamal Şükürovun ifadəsi Nizami Rayon Polis İdarəsində alınıb. Lakin özü palatada ifadə verdiyini bildirib. Əlavə olaraq bildirib ki, zərərçəkən polisə zəng edib, amma ittihama görə polis əməkdaşları ona yaxınlaşıb. Məhkəməyə sədrlik edən hakim bu nüansların sənədlərin tədqiqi mərhələsində araşdırılacağı bildirilib.

Şahidlərin dindirilməsi məqsədilə proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Избранный
33
4
day.az

5Источники