Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Reaksiya TV-nin efirində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.
Onun Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai, xalq şairi Səməd Vurğun, görkəmli dramaturq Cəfər Cabbarlı və başqa tarixi şəxsiyyətlərlə bağlı fikirləri birmənalı qarşılanmayıb.
S.Cəlaloğlu deyib ki, Səməd Vurğun sovet dövrünün saray şairi hesab olunur:
“Əbülüla Gəncəvi saray şairi idi. Niyə müdafiə edilmədi? İndi Səməd Vurğun müdafiə edilir? Əlisa Nicatın “yaltaq” fikrini düzgün hesab etmirəm. Amma Azərbaycan xalqının böyük bir problemi var. SSRİ dövründə Azərbaycanın ədəbiyyatı və tarixinin böyük hissəsi xalqdan gizlədilib. O vaxt bu məsələlərə heç kim etiraz bildirmirdi. İndi ədəbiyyatımız təftiş olunmalıdır. Cəfər Cabbarlının “Od gəlini” əsərinin qadağan olunmasının tərəfdarıyam. Qadağan olunmuş ədəbiyyat siyahısına salınmalıdır. Səməd Vurğunun yaxşı poemaları var, onlar qalsın, “Vaqif” dramı ilə “Komsomol” poeması qadağan olunsun.
İdeologiyaya, Rusiya imperiyasına xidmət edən bütün yazıçıların əsərləri qadağan olunmuş ədəbiyyat siyahısına salınmalıdır. “Lenin” şeiri də qadağa siyahısına daxil edilməlidir”.
Partiya sədri qeyd edib ki, sovet dövründə Şah İsmayıl Xətainin şair kimi təqdim edilməsində məqsəd onun qurduğu imperiyanın miqyasını arxa plana atmaq idi:
“Onu şair kimi təqdim etmək imperatorluğunun Azərbaycan xalqının gözündən salınmasına hesablanmışdı”.
Safura Bənnayeva
Mənbə: globalinfo.az