RU

Münasibətlərdə qarşılıqlı etimad



Ölkə Prezidenti cənab İlham Əliyevin 2025-ci il 20 yanvar tarixində Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə bir çox önəmli məsələlər barədə açıqlamalar yer almışdır. İlk növbədə möhtərəm dövlət başçımız ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi. Bu, 30 il ərzində milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan bunu özü həll etməli, ədaləti özü bərpa etməli oldu. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Möhtərəm dövlət başçımız həmçinin ölkəmizin Ümumdünya Ticarət Təşkilatına daxil olmaq məsələsinə toxunaraq bildirdi ki, bu, böyük bir prosesdir. Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir. Azərbaycan bu məsələdə bütün üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndirir. Bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Buna görə də Azərbaycan bu prosesi balanslaşdırır və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışır. Artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Buna görə də bizə hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz sadəcə olaraq malik olduqlarımızı itirmək istəmirik.

Cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinə də toxunaraq bildirdi ki, ötən yay iki ölkənin rəhbərlərinin görüşündən sonra Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və ölkəmiz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi də daxil olmaqla Çin ilə tərəfdaşlığın genişləndirilməsini arzulayır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Избранный
3
1
aia.az

2Источники