“Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir, amma...”
“Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yarandı. Belə deyil”.
“AzPolitika” bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli dünən ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna liderləri ilə apardığı müzakirələri, habelə Birləşmiş ştatların müharibəni dayandırmaq səylərini şərh edərkən bildirib.
Ekspert hesab edir ki, sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır.
“Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür”, - o, əlavə edib.
Təhlilçi qeyd edir ki, Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb: “Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb.Bu barədə daha əvvəl yazmışdım: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq”.
Bəs, Tramp niyə bu cür müzakirəyə razılıq verib?
![](https://static.azpolitika.info/storage/news/e8cb3cf0a506922138c5d2b46a202726/990aa32f-6a04-42dd-bcf4-9b16cc2ac303.jpg)