RU

İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

Bakı, 13 fevral, AZƏRTAC

NASA-nın rəhbəri vəzifəsini icra edən Canet Petro bildirib ki, İlon Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) kosmik agentliyin xərclərini araşdırmağı planlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, əvvəllər NASA-nın Kennedi Kosmik Mərkəzinin rəhbəri olan Petro Vaşinqtonda keçirilən kosmik sənaye konfransı zamanı jurnalistlərə müsahibəsində deyib: “Biz DOGE-nin gəlişini təmin edəcəyik. Araşdırma qrupu digər agentliklərdə etdiklərinə bənzər şəkildə bizim ödənişlərimiz və maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsi məsələlərini yoxlayacaq”.

“SpaceX”in qurucusu və baş direktoru Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti və ya DOGE həddindən artıq hesab etdiyi federal xərcləri azaltmağa çalışdığı üçün son həftələrdə hökumət ödənişləri və kadr sistemlərinə daxil olaraq ABŞ bürokratiyasını sarsıdıb.

Maskın kosmik şirkətinin NASA ilə Beynəlxalq Kosmik Stansiyaya astronavtların göndərilməsi və geri qaytarılması, habelə “Starship” kosmik gəmisindən istifadə edərək insanları Aya endirmək üçün təxminən 15 milyard dollarlıq müqavilələri var.

Tramp administrasiyasının məmurlarından ibarət kiçik bir qrup artıq NASA-nın təxminən 24 milyard dollarlıq illik büdcəsini təşkil edən müxtəlif elmi və kosmik missiya proqramlarını araşdırmağa başlayıb, Petroya isə müvafiq icra sərəncamlarını icra etmək tapşırılıb.

Bu mürəkkəb şəraitdə mütəxəssislər NASA-nın insanları Aya endirmək üzrə qabaqcıl kosmik proqramının Marsa potensial missiyalarının taleyinin qeyr0müəyyən olduğu qənaətindədir. DOGE üçün NASA-nın həddindən artıq büdcəsi olan Ay raketi, kosmik start sistemi potensial xərcləri azaltma hədəflərindən biri kimi görünür, amma respublikaçıların çoxluq təşkil etdiyi ştatlarda bu planın müqavimətlə üzləşəcəyi ehtimal olunur.

 

Избранный
10
azertag.az

1Источники