İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması 10 ildən çoxdur fəaliyyət göstərən "Azərişıq" ASC-nin əsas hədəflərindən biridir. Bu müddət ərzində paytaxtda və regionlarda bir sıra təmir, yenidənqurma işləri həyata keçirilib. Belə ki, müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, müasir 110/35 kV-luq və 35 kV-luq yarımstansiyalar inşa edilib. Son 10 ildə abonentlərinin sayı 3 milyona yaxınlaşan "Azərişıq" ASC tərəfindən quraşdırılan smart sayğacların sayı da 1,1 milyonu ötüb. Həmçinin, bu illər ərazində Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur. Bunlarla yanaşı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ən ucqar dağ kəndlərinin, habelə sərhədboyu ərazilərin elektrik təsərrüfatını yenilənməsi istiqamətdə işlər davam etdirilir.
Vətən müharibəsi dövründə "Azərişıq" ASC-nin fəaliyyəti
Vətən müharibəsi dövründə "Azərişıq" ASC-nin fəaliyyəti böyük əhəmiyyət kəsb edib. Belə ki, 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı elektrik enerjisinin təminatı məsələsi olduqca vacib idi. Bu dövrdə "Azərişıq" ASC müxtəlif çətinliklərə qarşı mübarizə apararaq həm ön cəbhə, həm də arxa cəbhədə olan ərazilərdə elektrik enerjisinin davamlılığını təmin etməyə çalışıb. Onu qeyd etmək yerinə düşər ki, müharibənin gedişatında cəbhə bölgəsindəki ərazilərə elektrik enerjisinin fasiləsiz çatdırılması çətinləşmişdi. Çünki düşmən tərəfindən elektrik xətləri, transformatorlar və digər enerji infrastruktur obyektləri hədəf alınırdı. Buna baxmayaraq, "Azərişıq" müharibənin ən gərgin anlarında belə əhali üçün enerji təminatını davam etdirməyə çalışdı. Elektrik enerjisi təminatı yalnız müharibə zamanı deyil, müharibədən sonra da bölgələrin bərpasında mühüm əhəmiyyət kəsb edir.
Müharibə başa çatdıqdan sonra "Azərişıq" ASC işğaldan azad olunmuş ərazilərin elektrik enerjisinin təminatını daha sürətlə bərpa edib. 2020-ci ilin noyabr ayında müharibənin sona çatması ilə "Azərişıq" tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi xətləri və infrastrukturunun yenidən qurulmasına başlanıldı ki, bu, post-müharibə dövründə böyük əhəmiyyət kəsb etdi. Bölgədəki iqtisadi fəaliyyətin və gündəlik həyatın bərpası üçün elektrik enerjisinin təmin edilməsi vacibdir. Bunlarla yanaşı, qalib Azərbaycan Ordusunun xidmət etdiyi ən yüksək zirvələrin elektrik enerjisi ilə təminatı vacib məsələdir. Hazırda hərbçilərimizin xidmət etdiyi Bartaz zirvəsinin yüksəkliyində də Azərbaycan işığı yanır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin ən ucqar kəndlərində hazırda işıqlandırma prosesləri davam etməkdədir və "Azərişıq" ASC bu prosesin bir hissəsi olaraq ərazilərdə elektrik təminatını inkişaf etdirir.
Azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Bu baxımdan, “Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən 15 enerjidoldurma məntəqəsi (EDM) quraşdırılıb. Qarşıdakı dövrdə bu məntəqələrin sayının artırılacağı gözlənilir.
Həmçinin, “Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da yenidənqurma işləri həyata keçirib və bu proses hazırda davam edir. Doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır. Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib. 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir. Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, “Azərişıq” azad edilmiş ərazilərdə innovativ və texnoloji yenilikləri tətbiq edir. Bu addımlar azad edilən ərazilərin ekoloji cəhətdən dayanıqlı inkişafını təmin etməklə yanaşı, əhalinin həyat keyfiyyətini artırmağa böyük dəstəkdir.
Anar Kəlbiyev