RU

Azərbaycan-Çin strateji tərəfdaşlığı dinamik inkişaf edir - ŞƏRH

Bakı, 13 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Avropa, ABŞ-la yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və digərləri ilə əlaqələrini inkişaf etdirir, möhkəmləndirir. Bunların sırasında Çinlə münasibətlərin xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.

Millət vəkili Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətlərinin yarandığını diqqətə çatdırıb: “2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, 2022-ci il sentyabrın 15-də isə Səmərqənd şəhərində ŞƏT (Şanxay Əməkdaşlıq Tışkilatı) Sammiti çərçivəsində iki ölkə lideri arasında görüş keçirilib. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycan, o cümlədən Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb”.

Çin şirkətlərinin yalnız xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını bildirən Əminə Ağazadə əlavə edib ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Bununla da, Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-birinə bağlanıb. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.

Deputatın sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. Bundan başqa Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkəmizdə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb.

Əminə Ağazadə siyasi mövzularda da Azərbaycanla Çin arasında qarşılıqlı anlaşmanın olduğunu xatırladıb: “Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır”.

Millət vəkilinin sözlərinə görə, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir.

“Çin vətəndaşları Azərbaycana gəlmək üçün viza almaq tələbindən azad edilib. Artıq Çin vətəndaşları elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Tezliklə Azərbaycan vətəndaşlarının da bu fürsətdən yararlanacağına ümid edirik. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və ictimai diplomatiya öz rolunu oynayacaq.

Azərbaycan ilə Çin arasında münasibətlər dinamik şəkildə inkişaf edir və bu, iqtisadi sahədə də özünü qabarıq büruzə verir. Xüsusən də Azərbaycanın Çin məhsullarının ixracında önəmli rol oynaması rəsmi Pekin üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz bu gün Çin üçün alternativ ixrac baxımından həyati zərurətə malikdir.

Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir”, - deyə deputat vurğulayıb.

Избранный
3
3
azertag.az

4Источники