RU

İki universitet arasında 200 illik yarış

Hər il martın sonlarında və ya aprelin əvvəllərində Temza çayında Oksford və Kembric universiteti tələbələri arasında 8 nəfərlik avarlı qayıqlarda reqata keçirilir.

Yarış ilk dəfə 1829-cu ildə keçirilib və sonrakı illərdə fasilələrlə daha bir neçə dəfə baş tutub. 1856-cı ildən isə mütəmadi keçirilir. Yalnız iki dünya müharibəsinə görə 1915-1919 və 1940-1945-ci illər, eləcə də “COVİD-19” səbəbindən 2020-ci il istisnadır.

Məsafə 6,8 kilometrdir. Komandalar axının əksinə üzürlər. İştirakçılar üçün Oksford və Kembric tələbəsi olmaqdan başqa heç bir şərt yoxdur. Buna görə də bəzən sükançılar qadın olur, çünki sükançı nə qədər yüngül olsa, o qədər rahatdır.

Yalnız bir dəfə, 1877-ci ildə heç-heçə qeydə alınan yarışda hazırda Kembric 87-81 öndədir. Kembriclilər 1930-cu ildən ümumi hesabda irəli çıxıblar və 95 ildir liderliyi əldən vermirlər. 1976-1992-ci illərdə cəmi bir dəfə uduzan Oksford fərqi minimuma (68-69) endirdi, amma 1993-1999-cu illərdə 7 qələbə qazanan Kembric fərqi yenidən artırdı. 2015-ci ildə hesab 81-79 idi, son səkkiz yarışda Kembric 6-2 üstün olub və fərqi altıya çatdırıb.

Son illərdə qalib komanda 16-20 dəqiqə arasında nəticə göstərir. Ən sürətli nəticə 1998-ci ildə qeydə alınıb: Kembric məsafəni 16 dəqiqə 19 saniyəyə qət edib. Qələbə seriyası rekordu da Kembric tələbələrinə aiddir. Onlar 1924-1936-cı illərdə dalbadal 13 dəfə qalib gəliblər.

Qadınlar arasında yarış ilk dəfə 1927-ci ildə, mütəmadi olaraq isə 1964-cü ildən keçirilir. Burada da Kembric öndədir: 48-30. Oksford qızları sonuncu dəfə 2016-cı ildə qələbəyə seviniblər. Burada məsafəni qət etmək rekordu 18 dəqiqə 22 saniyədir.

İştirakçılar arasında böyük idmanda uğur qazananlar, hətta sonradan olimpiya çempionu olanlar da olur. Metyü Pinsent isə 1992-ci ildə olimpiya çempionu olduqdan sonra növbəti ildə üçüncü dəfə Oksfordun tərkibində çıxış edib.

Yarışlar böyük maraq doğurur. 250 min civarında insan çay sahilinə, körpülərə yığışıb yarışı canlı izləyir. Televiziya ilə izləyənlərin sayı isə milyonlarla ölçülür. Bu da yarışlara ciddi sponsor dəstəyini təmin edir.

Избранный
20
vaxt.az

1Источники