Bu günlərdə külli miqdar təşkil edən və bir o qədər də qəribə dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, bu “dələduzluq əsəri”nin qəhrəmanları uzun illərdir Bakıda kirayə qalan qadın və onun internetdə tanış olduğu kişi ilə ailəsidir.
Cinayət işində qadın aldadan, digərləri isə aldanılanlardır.
40 yaşlı Jalə Səmədova (ad və soyadlar şərti) zərdablı Namiqlə bir neçə il əvvəl “Odnoklassniki”də tanış olub. Həmin vaxt Jalə başqası ilə evli olmasına baxmayaraq, Namiqin davranışları onu cəlb edib. Əvvəl özünü başqa adla təqdim edən xanım bir müddət sonra ərindən ayrılaraq onunla münasibət qurub.
Hər şey bundan sonra başlayıb. İstintaq materiallarında yazılıb ki, Jalə münasibətdə olduğu müddətdə Namiqin anası və bacısının da etibarını qazanıb. Bir müddət sonra qadın Namiqin Zərdab rayonundakı evini satdığını bilərək fəaliyyətə keçib. O, ailəni rayonda satdıqları evin pulu ilə kredit şərti də daxil olmaqla, Bakıda iki ünvanda mənzil almağa kömək edəcəyinə inandırıb. Həmin mənzillərin də şəhərin mərkəzində - “Elmlər Akademiyası” metrostansiyasının yanında olacağı deyilib.
Bu vədlə təqsirləndirilən şəxs Namiqin anasından Abşerondakı evində 87 min 800, bacısından isə 43 min 800 manat pul alıb. Ziyan bununla da bitmir. Pulun üstünü düzəltmək üçün ana və qızı evlərindəki bütün əşyaları - şalvar, ayaqqabı, hətta külqabı və duzqabıya kimi satıblar. Topladıqları nə az-nə çox 143 min manatın hamısını evləri alması üçün Jaləyə veriblər.
Jalə isə ailənin belə desək, qara qəpiyinə kimi ələ keçirdikdən sonra aradan çıxıb. Həmin pulları da şəxsi mənafeyinə xərcləyib.
Zərərçəkmiş şəxslərin polisə şikayətindən sonra təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Amma ilk gündən həbs edilməyib, məhkəmənin sonuna qədər polis nəzarəti şərti ilə azadlıqda qalıb.
Cinayət işini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
Amma xanım özünü təqsirli bilməyib. Dediyinə görə, Namiqlə münasibət qurduqdan sonra anası və bacısı ilə də tanış olub. Həmin vaxt parfümeriya satışı ilə məşğul olduğu üçün onlardan faizə pul götürürmüş. Hər ay da zərərçəkmişlərdən aldığı pulu faizi ilə qaytarıb. Amma onlara ev almaqla bağlı heç vaxt vəd verməyib. Sadəcə maddi vəziyyəti pisləşdiyi üçün faizi ödəyə bilməyib. Sonradan pulu qaytarması üçün ona hədə-qorxu gəliblər. Son olaraq ailəyə 19 min 750 manat borcu qalıb. Onu da qaytarmaq istəsə də, faizi ilə birgə istədikləri üçün imtina ediblər.
Zərərçəkmiş ana və qızı isə təqsirləndirilən şəxsin onlara pul qaytarmadığını deyərək şikayətçi olub.
Hakimlər dəlil və sübutları araşdırdıqdan, tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamı əsaslı hesab ediblər. Hökmə əsasən, Jalə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.
Sail Ağasəlim