Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Bildiyiniz kimi, Dövlət Vergi Xidməti bu yığımların operatoru rolunda çıxış edir.
Finss.az xəbər verir ki, bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.
DVX rəisi vurğulayıb ki, sosial sığorta yığımlarının toplanması üzrə səlahiyyətlərin DVX-yə verildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artıb və hazırda bu rəqəm 5.7 milyard manatdan çoxdur. O əlavə edib ki, bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcə transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalarak 17.5 faizə enib.
O.Nəzərli həmçinin, işəgötürənlərin sayının artımını mühüm göstərici kimi qeyd edib. O bildirib ki, hazırda ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini göstərir. O, əlavə edib ki, son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb və bu aparatlar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub. Yeni nəsil kassa aparatları və ictimai nəzarəti təmin edən “ƏDV geri al” layihəsi sayəsində dövriyyələrin artımı sürətlənib, xüsusilə ticarət sektorunda bu artım nəzərə çarpır.
Fuad Mədətov
Finss.az