Bu gün Birinci Qarabağ müharibəsinin ən ölümcül hərbi əməliyyatlarından birinin ildönümüdür.
1993-cü ilin sonlarında başlayan, hərb tarixinə Murovdağ əməliyyatı kimi düşən bu döyüş Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin nəzarəti uğrunda başlatdığı hərbi hücum əməliyyatı idi.
Mənbələrə istinadən bildirilir ki, Qarabağda bir sıra ərazilər rus və ermən hərbi birləşmələri tərəfindən işğala məruz qalmış 1993-cü ilin mart ayında düşmən ordu Kəlbəcərə hücuma başlamış, apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan, dəniz səviyyəsindən 2500–3500 metr yüksəklikdə yerləşən Murovdağı nəzarətə götürmüşdü.
Həmin strateji əhəmiyyətli ərazilərin geri qaytarılması üçün hərbi əməliyyata 1993-cü ilin dekabrında start verilir. O dövrdə Nəcməddin Sadıkov (1993- 2021-ci illər) Azərbaycan Baş Qərargah rəisi idi. Baxmayaraq ki, bölgədə sərt iqlim, güclü qar, küləklər və təhlükəli uçqunlar olduğu üçün plan çox təhlükəli hesab edilirdi və bir çox komandir əməliyyatı dəstəkləməmişdi. Hərbi mütəxəssislər Nəcməddin Sadıkovun hava şəraitinin pisləşməsi səbəbindən hücumu təxirə salmaq əvəzinə əməliyyata start verməsini normal qarşılamırdı.
Hətta ovaxtkı Müdafiə nazirinin müavini Leyla Yunus bu qərarı "bir hərbi zabitin ala biləcəyi ən axmaq qərar" adlandırmışdı.
Hücum əməliyyatını 701 saylı Motoatıcı Briqada həyata keçirdir. Briqadanın şəxsi heyəti ümumilikdə 3,500 nəfər hərbi qulluqçudan ibarət olub. Onun komandiri polkovnik-leytenant Valeh Rəfiyev, qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, əməliyyat rəisi isə mayor Qorxmaz Qarayev idi. Briqada altı batalyondan ibarət idi.
• 1 saylı Azərbaycan Batalyonu; komandiri Qurban Qurbanov idi;
• 2 saylı Azərbaycan Batalyonu; komandiri Həbib Şabanov idi;
• 3 saylı Azərbaycan Batalyonu; komandiri Balay Nəsibov idi;
• 4 saylı Azərbaycan Batalyonu; komandiri Hafiz Məmmədov idi;
• 5 saylı Azərbaycan Batalyonu; komandiri Gəray Əsədov idi;
• 6 saylı Azərbaycan Batalyonu; komandiri Vəli Bayramov idi.
Əlavə olaraq, hücum əməliyyatında Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı Kəlbəcər Rayon Polis İdarəsinin polisləri də iştirak edir..
Düşmən qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hraç Andresyan rəhbərlik edirdi. Cəbhənin sadəcə cənubundakı erməni qüvvələri 2,000 nəfərdən çox hərbçidən ibarət idi. Bütün ordu qrupu bir neçə alay və tabordan ibarət idi: Stepanakert Alayı; komandiri Levon Mnatsakanyan idi.
• Əsgəran Özünümüdafiə Rayonu; komandiri Vitali Balasanyan idi.
• 35 saylı Özünümüdafiə Batalyonu; komandiri Arşavir Qaramyan idi.
• 42 saylı Özünümüdafiə Batalyonu; komandiri Arkadi Şirinyan idi.
• 43 saylı Özünümüdafiə Batalyonu; komandiri İliç Bağıryan idi.
• 77 saylı Özünümüdafiə Batalyonu; komandiri Petros Gevondyan idi.
• Bundan əlavə, DQR-yə Ermənistan Silahlı Qüvvələrinin aşağıda göstərilənlərdən ibarət bölmələri dəstək verir: 555 saylı Vardenis Motoatıcı Alayı.7 saylı Gümrü Mühəndis Taboru.,9 sayl Eçmiədzin Mühəndis Taboru.və təbii ki, Rusiya Silahlı Qüvvələrinə bağlı artilleriya bölmələri …
• 1993-cü ilin dekabrında start verilən hərbi əməliyyatlar zamanı xırda uğurlar ordumuzu həvəsləndirir. Məsələn, 3 saylı Azərbaycan Batalyonu Ömər keçidinə doğru hərəkət edir əraziyə nəzarəti və ermənilərin Vanadzor Alayının təlimsiz əsgərlərini məğlub edərək ərazini ələ keçirir. Onlar aşırımdan keçərək "31–46" yüksəkliyinə hücum edirlər. Təpədəki erməni hərbi postu Azərbaycan qüvvələrinin əsas həmləsini dəf etməyə nail olur, lakin Azərbaycan qüvvələri tezliklə təpənin nəzarətini ələ keçirərək erməni qüvvələrini ərazidən qovur. 2 və 3 saylı Azərbaycan batalyonları Meydan düzünə köçürülür və 5 saylı Azərbaycan Batalyonu ilə birlikdə erməni qüvvələrinə arxadan hücum edir.[42] Ermənilər bu həmlədən sonra tezliklə geri çəkilir. Bundan sonra Azərbaycan hərbçiləri Ömər aşırımını minalardan təmizləyir və Meydan düzündə bir batalyon müdafiə zonası qurur.
Daha sonra Azərbaycan qüvvələri yanvar ayının ortalarında Murov silsiləsini aşaraq növbəti dəfə hücuma keçir. 16 yanvarda 1 və 3 saylı Azərbaycan batalyonları Susuzluq dağını işğaldan azad edir. Azərbaycan qoşunları buradan Meydançay və Yanşa əraziləri üzərində atəş nəzarətinə malik idi. Ertəsi gün 2 saylı Azərbaycan Batalyonu Meydançayın şərqində yerləşən Şişqaya yüksəkliyi işğaldan azad edir. 19 yanvarda 5 saylı Azərbaycan Batalyonu Qızılqaya yüksəkliyinin nəzarətini ələ keçirir. Ertəsi gün 5 saylı Azərbaycan Batalyonu Bağırsaq kəndini, 1 saylı Azərbaycan Batalyon Yanşaq kəndini, 3 saylı Azərbaycan Batalyonu isə Susuzluq kəndini işğaldan azad edir. Beləliklə, erməni qoşunları yanvar ayının sonunda Kəlbəcər rayonunun dərinliklərinə çəkilmək məcburiyyətində qalırlar.
21 yanvarda Qamışlı kəndinə daxil olan 2 saylı Azərbaycan Batalyonu Çiçəkli yüksəkliyini ələ keçirir və beləliklə, Kəlbəcər–Ağdərə–Laçın yolunu nəzarətə götürür. Eyni zamanda, 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndi istiqamətində hücuma keçir. Ertəsi gün Azərbaycan qüvvələri Yanşaqbinə və Qasımbinəsi kəndlərini işğaldan azad edir. Azərbaycan qüvvələri strateji Ömər keçidini və oradan keçən yolun nəzarətini ələ keçirərək mövqelərini daha da möhkəmləndirir. 23 yanvarda 3 saylı Azərbaycan Batalyonu Çəpli kəndində bir erməni batalyonunu mühasirəyə alır. İngiltərə jurnalisti, təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala görə, kənddə 240 erməni əsgəri öldürülür,[41] Ukrayna tarixçisi Mixail Jiroxov isə hesab edir ki, burada öldürülən erməni hərbçilərinin sayı 200 nəfər idi.[47] Azərbaycan qüvvələri üç tank, dörd piyada döyüş maşını və ZSU-23-4 Şilka zenit-raket kompleksini qənimət kimi ələ keçirir.
Erməni qüvvələri əks hücuma keçir və ertəsi gün Çəpli kəndini nəzarətə götürür, lakin 27 yanvarda onlardan kənddəki mövqelərindən qovulur. Qaçan erməni qoşunları Seyidlər kəndinə doğru geri çəkilmək məcburiyyətində qalır. Beləliklə, Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycanın nəzarətinə keçir. Kəlbəcər rayonu ərazisinin daha dərinliklərinə doğru irəliləyən Azərbaycan batalyonları ertəsi gün Qanlıkənd, Bozlu, Babaşlar, Təkəqaya, İlyaslar və Çopurlu kəndlərini ələ keçirirlər. İki gün sonra Seyidlər, Lev, Dəmirçidam və Cəmilli kəndləri işğaldan azad edilir. Azərbaycan komandanlığı daha sonra 5 saylı Azərbaycan Batalyonuna Buzduk hündürlüyünə doğru irəliləməyi, 1 və 3 saylı Azərbaycan batalyonlarına isə Zod ətrafındakı yüksəklikləri tutmaq üçün göstəriş verir. Bu əməliyyatlar Kəlbəcər şəhərinə qarşıdakı hücuma hazırlıq idi.
Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər rayonunun təxminən 30%-ni işğaldan azad etmişdi. 1, 3 və 4 saylı Azərbaycan batalyonları qərbdə Ermənistanla sərhədə yaxınlaşaraq Cəmilli–Dəmirçidam–Qanlıkənd xətti boyunca mövqelər qurdu. Mərkəzi qüvvələr Qamışlı və Çiçəkli yaxınlığında mövqe qurmuş 2 saylı Azərbaycan Batalyonundan ibarət idi, şərqdə isə 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndində mövqe tutdu. Əlbəttə bu xırda uğur böyük qələbəyə aparan qığılcım ola bilərdi , əgər bu işin içində xəyanət olmasaydı.Üstəlik , hökumət Bakının küçələrindən tamamilə hazırlıqsız azərbaycanlı gəncləri orduya cəld edərək (O vaxt buna “oblava” deyilirdi) onları döyüş bölgəsinin ortasına atmışdı ki bu da döyüş prosesinə mənfi təsir edirdi.
11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək "2071" yüksəkliyini və Bağırlı kəndi ətrafındakı yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olurlar. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqadanı mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmək əmri verilir, De Vaal erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını BM-21 Qrad raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir.
Təkcə bu həmlə nəticəsində 1,500-ə yaxın Azərbaycan əsgəri şəhid olur. Onun sözlərinə görə,ümumilikdə Azərbaycan tərəfi Ömər keçidində keçirilən hərbi əməliyyatlar zamanı 4 minə yaxın itki verdi, Ermənistan tərəfi isə təxminən 2 min hərbçisini itirdi. De Vaal döyüş əməliyyatlarının nəticələnməsindən bir neçə il sonra Murov silsiləsinə səyahət edənlərin hələ də donmuş cəsədlər tapdıqlarını qeyd edir.
Nəticə olaraq erməni qüvvələri Kəlbəcərdəki mövqelərini qoruya bildi və Murov silsiləsindəki Ömər və Güzgü keçidlərini ələ keçirdilər. Ermənilər hər il bu qələbəni təntənə ilə qeyd edirdilər.
Ən böyük haqsızlıq isə hücum əməliyyatından sonra baş verdi. Azərbaycanda cinayət işi başlanıldı və 1995-ci il iyunun 29-dan avqustun 18 dək Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası Şahin Rüstəmovun sədrliyi ilə əməliyyatın uğursuz olması ilə bağlı məhkəmə prosesi keçirildi.. Məhkəmənin hökmü ilə briqada komandiri Saleh İlyasov 7 il, batalyon komandiri Gəray Əsədov 6 il, batalyon rəisi Cəlil İbrahimov isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Briqada komandirinin müavini Nəriman Zeynalovun işi əlavə araşdırma üçün Hərbi Prokurorluğa qaytarıldı.
Qışın ən sərt dövründə, (dekabr-yanvar-fevral) keçilməz meşələrin, qayaların, çayların ölüm saçan zamanında Kəlbəcər kimi sərt iqlişi olan ərazidə əməliyyatın başlanmasını əmr edən, Azərbaycan ordusunu məğlubiyyətinin qaçılmaz olduğunu bilə-bilə daha çox çağırışçı yaşında olan gəncləri ora göndərən Nəcməddin Sadıkova gözün üstə qaşın var deyən olmur.
Xüsusi Qeyd: Hər dəfə Murov əməliyyatı haqqında düşünüəndə yadıma Sarıqamış faciəsi düşür. Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşü deyirəm.. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdi. Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. Döyüşdə 33.000 türk döyüş meydanında,10.000 –ni xəstəxanada ölür,10.000 yaralanır,
7.000 nəfər isə əsir düşür.Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu".
P.S. Hətta 1995-ci ilin aprelində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Maraqlıdır ki, N. Sadıkov ikinci dəfə "Azərbaycan Bayrağı" ordeni ilə Aprel döyüşlərindən sonra 4 günlük hərbi əməliyyatlarda 93 xüsusi təyinatlı zabit və əsgərimizin ölümündən sonra təltif olundu.
Həmin dövrdə Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifəsində çalışan, müharibə iştirakçısı olmuş Cümşüd Nuriyev bir internet tv proqramda Ermənistanın vaxtilə Kəlbəcər rayonunu işğal etməsinə də diqqət çəkib. Sabiq deputat deyib ki, Kəlbəcər xəyanət nəticəsində işğal (1993-cü ildə) edilib. Həmin vaxt deputat istintaq komissiyasının üzvü olmuş C. Nuriyev konkret ad da çəkib. O, Kəlbəcərin işğalını həmin vaxt oradakı orduya rəhbərlik etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan general-polkovnik Nəcməddin Sadıkovun və daha bir neçə məsul şəxsin xəyanəti ilə əlaqələndirdi.
Sabiq hərbi polis rəisi, povkovnik Rövşən Məhərrəmov mediaya açıqlamasında deyir: “ Kəlbəcərdə əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi. Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq xəyanət olub. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, indi də kifayət qədər əsas var”
Əntiqə Rəşid