RU

Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənəd ikitərəfli münasibətlərdə yeni səhifə açıb - RƏY

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Çinlə əlaqələrə həmişə böyük önəm verib. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.

Deputat bildirib ki, dövlətimizin başçısı CGTN telekanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirib.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsi növbəti dəfə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu. Müsahibədə ABŞ-də hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıldı.

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan ölkələrdən biridir. Dövlətimizin başçısı ölkəmizə rəhbərlik etdiyi müddət ərzində həmişə xalqımıza həqiqəti söyləyib. Prezident İlham Əliyev respublikamızı hər zaman uğurlardan uğurlara aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Onun müdrik rəhbərliyi nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqeyə yüksəlməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması tarixi nailiyyətlərimizdəndir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan həm də dövlətimizin ən ağrılı problemlərinə son qoydu, xalqımızın ən böyük arzularını yerinə yetirdi.

Görülən işlərə nəzər salanda aydın şəkildə görürük ki, Prezident İlham Əliyevin sözü ilə əməlinin bir olması xalqımıza zəfərli və firavan həyat bəxş etdi. Əminik ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə ölkəmiz bundan sonra da bütün hədəflərinə çatacaq”, - deyə o vurğulayıb.

Избранный
19
3
azertag.az

7Источники