Əvvəllər Rusiya ilə İranın açıq-gizli müttəfiqlik büsatından söz düşəndə jurnalistlər klassik şairimiz Abbas Səhhətin yazdığı məşhur təmsilin bir misrasını sitat gətirirdilər: “Əlbir olub bir ayı bir şir ilə...”
Bilindiyi kimi, ayı Rusiyanın, şir də İranın totemidir. “Rus ayısının pəncəsi”, “İran şirinin quyruğu” kimi ifadələr də oradandır.
Ancaq indi məlum olur ki, “Rus ayısı” “Amerika fili” ilə əlbir olmaqdadır. Düzdür, Amerikada fil yoxdur, amma hakimiyyətdə olan Respublikaçılar partiyasının simvolu, totemi fildir. Bu ölkənin demokratların simvolu isə eşşəkdir, məlum olduğu kimi, ötən ilin noyabrında onlar seçkiləri uduzdular, necə deyərlər, “eşşəkləri öldü”.
Hazırda əsasən Avropa ölkələri əlbir olmuş “ayı” ilə “fil”in münasibətlərinin yaxınlaşmasına görə ciddi əndişə içindədirlər. Çünki bu iki bədheybətin müttəfiq olması, kürək-kürəyə verməsi, onsuz da neçə vaxtdır cəngəllik qanunları ilə idarə olunan dünyaya təhlükə vəd edir.
ABŞ-nin yeni prezidenti Donald Tramp cəngəllik qanunlarını legitimləşdirmək səmtində addımlar atır. Bu qanunlar onu nəzərdə tutur ki, güclülər zəifləri “yeməlidir”, zəiflər güclülərdən qorxub gizlənməli, ortalıqda görünməməlidir, öz şikarlarını onlara peşkəş etməlidir.
Avropa dövlətləri ona görə bununla razılaşmaq istəmirlər ki, çoxdan özlərini dovşan, dələ, ceyran-cüyür yerində hiss etmirlər. Onlar abad, firavan ölkə qurublar, “qoca qitə”dəki ərazi mübahisələrini həll ediblər. Bu ölkələr tarixi ərazilərinə, sərhədlərinə iddia etmədən, öz müasir sərhədləri çərçivəsində münaqişəsiz yaşayırlar.
Birdən-birə ABŞ və Rusiyanın öz aralarında separat şəkildə anlaşması bir çox ölkələrin təhlükəsizliyinə təhdiddir, ümumi maraq və mənafelərinə ziddir.
1948-ci ildə NATO ona görə yaranmışdı ki, Avropa ölkələri II dünya müharibəsindən qalib çıxmış, yeni ərazilər tutmuş, iştahı daha da qabarmış rus neo-imperiyasının – SSRİ-nin potensial hərbi təcavüzündən qorunsunlar. Onlar Moskvanın Qərbi Avropanı tanklarla işğal edəcəyindən çox, bu ölkələrdə kommunist partiyaları yaradaraq, gücləndirəcəyindən, sonda bir yolla hakimiyyətə gətirərək, ölkələri sovetləşdirəcəyindən qorxurdular.
Ötən əsrin ortalarında ABŞ və Avropanı qorxudan əsas şey məhz müharibədən sonra populyarlaşmaqda olan marksizm-leninizm təliminin bütün dünyaya sirayət edəcəyi idi. Bu üzdən dünya “kapitalist ölkələri” və “sosialist düşərgəsi” adlanan iki qütbə bölünmüşdü.
Hazırda isə bu ideoloji münaqişə ortamı aradan qalxıb, sosial dövlətə çevrilmiş və ya bu istiqamətdə irəliləyən Qərbi Avropa dövlətlərinin qarşısında Rusiya ən böyük kapitalist ölkələrindən biridir. Ən pisi odur ki, Rusiyadakı kapitalizm özünün vəhşi, aqressiv mərhələsindədir. İndi o, öz mahiyyəti və ideologiyası etibarı ilə ABŞ-yə yaxındır.
Görünür, özünün və ölkəsinin biznes maraqlarını bütün dəyərlərdən üstün tutan Tramp son 30 ildə varlanaraq dünyanın ən zəngin adamlarına çevrilmiş şəxsləri öz ətrafında birləşdirən Putinlə ona görə belə asanlıqla ümumi dil tapır.
Avropadan fərqli olaraq bir çox dövlətlər hələ ki seyrçi mövqedədirlər, sanki dünyada gedən proseslərin onlara dəxli yoxdur. Çin, Hindistan, Braziliya kimi ölkələr öz böyüklüklərinə arxayındırlar, hesab edirlər ki, artıq onlara heç kəs bata bilməz. Avstraliya və digər anqlo-sakson ölkələr zatən ABŞ-nin sadiq müttəfiqidirlər, suverenliklərinə heç bir təhdid gözləmirlər. Hərçənd dünənə qədər Kanada da elə hesab edirdi, bu gün isə onu ABŞ-nin 51-ci ştatı olmaq təklifi qarşısında qoyublar.
Afrikanın və Mərkəzi Amerikanın əksər ölkələri iki esminesdə gələn Amerika hərbi kontingentinin həmləsinə bənddirlər ki, sözsüz təslim olsunlar, ABŞ-nin hərbi bazalarına qucaq açsınlar, Puerto-Rikoya çevrilsinlər. (Puerto-Riko nə tam müstəqil dövlətdir, nə də ABŞ ona ştat statusu verir).
“Fil” ilə “Ayı”nın əlbirliyinin sərf etmədiyi, hədələdiyi ölkələr arasında postsovet məkanındakı dövlətlər də var. Allah qoysa, onlar yeni-yeni müstəqil dövlətdə yaşamağın, “öz əli, öz başı” olmağın, BMT-də təmsil olunmağın, olimpiadalarda medal qazanıb öz milli bayraqlarının yüksəlməsini seyrt etməyin dadını bilirlər. Hələ bir ürəkdən şükür etməmiş Rusiya çomağını dirəyib ki, sərhədlərinizə biz baxmalıyıq, məktəbliləriniz rus dili öyrənməlidir, gəlirli iqtisadi sahələriniz bizim olmalıdır və sair və ilaxır.
4-5 il əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin beş daimi üzvünü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) nəzərdə tutaraq “dünya beşdən böyükdür” kimi bir şüar səsləndirmişdi. İndi belə çıxır ki, dünya ikidən kiçikdir.
Araz Altaylı, Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта