“İran-Azərbaycan münasibətlərində son zamanlar müsbət dinamikanın müşahidə olunmasının iki önəmli səbəbi var. Birincisi, İranda artıq anlamağa başlayıblar ki,Cənubi Qafqazda Azərbaycan yeganə güc sahibidir və bu güclə hesablaşmaq lazımdır. Artıq Azərbaycanla təhdid, şantaj dili ilə danışmaq mümkün deyil və gördülər ki, Azərbaycan Respublikası gərginliyin artmasında maraqlı deyil, mehriban qonşuluq, qarşılıqlı siyasi-ticari əlaqələr prinsipinə sona qədər sadiqdir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranda keçirdiyi çox vacib və faydalı görüşlər daha sonra cənab Prezidentin İran İslam inqilabının ildönümü münasibətilə bu ölkənin Ali Dini Lideri Seyid Əli Xamneiyə və prezident Məsud Pezeşkiana ünvanladığı məktub bir daha ölkəmizin İranla mehriban qonşuluq və dostluq içində yaşamaq niyyətinin əyani sübutu oldu:
“İkincisi, İranın son illərdə Yaxın Şərqdə apardığı təriqət mənşəli siyasəti iflasa uğradı. Əslində,İran Hizbullahla Livanda, Əsədlə Suriyada yenildi və ağır yara aldı. Beynəlxalq sanksiyalar və mənfi reputasiya İranın yeni bir siyasi yol izləməyə vadar edir.İran başa düşməlidir ki,Azərbaycanın inkişafına əngəl yaratmaqla,Zəngəzur dəhlizinin açılmasına mane olmaqla heç nə əldə etməyəcək, əksinə çox şeylər itirəcək. Azərbaycanın Şimal-Cənub dəhlizində ən kritik ölkə olduğu, İranın Rusiya və Şimali Avropaya və əksinə, məhz bu marşurut üzərindən çıxa biləcəyi faktı İranın regional siyasətində korrektələr etməyə vadar edir və edəcək. Zəngəzur koridorunun Qərbin əlinə keçməsi İranı ciddi narahat etməlidir. Əgər bu baş versə, İran tamamilə mühasirəyə düşəcək və bundan yüzillər boyu qurtulmaları mümkün olmayacaq”.
//Gülnarə Abasova, Editor.az