RU

Fikrət Sideifzadə favoritini açıqlayıb: “Teymur Rəcəbov kimi səhvlər edəndə insan özünü dənizə atmaq istəyir”

“Şəhriyar Məmmədyarov Rauf Məmmədovda bir pillə üstündür”.

Bunu İdman.biz-ə şahmat üzrə Əməkdar məşqçi Fikrət Sideifzadə deyib.

Təcrübəli mütəxəssis Azərbaycan çempionatının final qarşılaşmaları ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, ilk görüşü heç-heçə oynayan Şəhriyar Məmmədyarov – Rauf Məmmədov duelində birincinin qalib olmaq ehtimalı daha çoxdur: “Rauf da çox təcrübəli şahmatçıdır, ancaq Şəhriyar dünyada elitasında daha üstün mövqedədir. İstənilən halda, bu idmandır və finalda hər şey ola bilər”.

Sideifzadənin sözlərinə görə, finalda Məmmədyarovun Teymur Rəcəbovla qarşılaşması daha maraqlı ola bilərdi: “Teymur çoxdandır ki, oynamır, şahmata az diqqət yetirir. Ancaq o, düşünməliydi ki, peşəkar kimi yarışdan öncə oynamalıyam, formaya düşməliyəm. Buraxdığı səhv də oyunları yetərincə təhlil etməməsindən xəbər verir. Hətta mən ona səhv də demərəm, bu faciədir. Göz görə-görə vəzirə “hücum etmək” Teymurun atacağı addım deyil. Bu, ona çox güclü psixoloji zərbə oldu. Adi adamlar bəlkə də bunu hiss etmir, ancaq bizim başımıza gəldiyi üçün nə demək olduğunu yaxşı bilirik. Belə səhvlər edəndə insan özünü lap dənizə atmaq istəyir. Məncə, o, üçüncü yer uğrunda görüşdən psixoloji amilə görə yarışdan geri çəkildi. Nə desin? Desin ki, Misrətdin İskəndərovla oynamıram? Hətta bu səhv onun beynində uzun müddət iz buraxacaq və asanlıqla keçməyəcək”.

Vaxtilə qadınlardan ibarət milli komandanın baş məşqçisi və kapitanı olmuş Sideifzadə zərif cinsin nümayəndələri arasında Gövhər Beydullayevanı şanslı sayır: “Böyük ehtimalla o, çempion olacaq. Günay Məmmədzadə ikinci yeri tutacaq. Bürünc medala isə Ülviyyə Fətəliyeva yiyələnəcək”.

Qeyd edək ki, bu gün yarışın ikinci final görüşləri baş tutacaq. Çempionata sabah yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz

Избранный
7
idman.biz

1Источники