RU

“Xaricilər də bizim yeməklərimizə ziyanlı kimi baxır” – FİTNES MƏŞQÇİSİ ZƏRƏRLİ QİDALARDAN DANIŞDI

Dünyada son 40 ildə tez hazırlanması mümkün olan qidaların insanların sağlamlığına ciddi mənada zərərlər vurması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq yaşadığımız planetin bütün xalqlarında ucuz başa gələn və sürətlə hazırlanan qidalar ən çox tükədilən məhsullar siyahısında yer almağa başlayıb. Lakin bu qidaların tərkibi ilə bağlı insanları narahat edən bir sıra nüanslar da ortaya çıxıb.

Bəs “fast-food” qidalanmanın sağlamlıq problemlərinə təsiri nə dərəcədə yayılmışdır? İnsanlar niyə sağlam qidalanmır, bu seçimlərə hansı sosial, iqtisadi və psixoloji amillər təsir edir və sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün hansı tədbirlər görülməlidir? Cəmiyyət bu məsələdə hansı addımları atmalıdır?

Mövzu ilə bağlı dietoloq Leyla Zülfüqarlı Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların “fast-food” qidalara üstünlük vermələrinin əsas səbəblərindən biri bu tip qidaların daha əlçatan, qısa müddətdə əldə edilə bilən və qiymət baxımından münasib olmasıdır:

“Xüsusilə, gərgin iş rejimində çalışan və meqapolis həyat tərzi keçirən şəxslər bu cür qidalara üstünlük verirlər. Zərərli olduqlarını bilsələr də vaxt itkisinə yol verməmək və ac qalmamaq üçün “fast-food” qidalarına müraciət edirlər.

Bəzən isə insanlar bu qidalara sadəcə alışqanlıq səbəbilə yönəlirlər. Bu asılılığın əsas səbəblərindən biri isə tərkibindəki natrium qlutamatdır.

Bəs niyə sağlam qidalanmanı planlaşdırmırlar? Əslində, bu keçid illər əvvəl başlayıb. Biz də bu mövzuda maarifləndirmə işlərini ciddi şəkildə aparırıq. Gün keçdikcə nəticələrin və dinamikanın artdığını görürük. Beş il öncə ilə müqayisədə daha çox insan sağlam qidalanmaya üstünlük verir. Lakin buna baxmayaraq, onlar yenə də “fast-food” qidalara müraciət edirlər”.

Dietoloq əlavə olaraq bildirib ki, digər tərəfdən, bəzi istehsalçı şirkətlərin fırıldaqçı addımları insanların sağlam qidalanma səylərini çətinləşdirir:

“Çünki istehlakçılar bazardakı məhsulların həqiqətən nə dərəcədə sağlam olduğunu müəyyən edə bilmirlər. Artıq qida bazarında "qida terroru"na qarşı mübarizə aparmaq vacibdir. İnsanlar marketlərdən aldıqları məhsulların tərkibini dəqiq bildikləri halda, “fast-food” qidalara müraciət etmə ehtiyacları azalacaq”.

 

Fitness məşqçisi Kamil Zeynallının fikirncə isə “fast food” adətən qızardılmış, yüksək kalorili, sürətli hazırlanıb tez istehlak edilən qidalarla əlaqələndirilir:

“Lakin xarici ölkələrdə olduğu kimi, yerli mətbəxdə də müəyyən yeməklər sürətli qida hesab oluna bilər. Məsələn, bozbaş və dolma kimi ənənəvi yeməklər bəzi cəhətlərinə görə “fast food” kateqoriyasına daxil edilə bilər. Çünki bu yeməklər də yüksək yağ tərkibinə və kalori dəyərinə malikdir.

“Fast food”un əsas təhlükəsi tərkibindəki yüksək transyağlar, duz, şəkər və süni qatqılardır. Davamlı olaraq belə qidalarla qidalanmaq piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xaricilər üçün “fast food” konsepsiyasına hamburger, pizza, qızardılmış toyuq kimi qidalar daxildir. Bizim üçün isə bozbaş, dolma və digər yağlı yeməklər tez-tez istehlak edildikdə bənzər təhlükələr yarada bilər.

Ənənəvi yeməklərin “fast food” ilə müqayisədə üstünlükləri var. Onlar təbii inqrediyentlərdən hazırlanır və ev şəraitində bişirilir. Lakin hazırlıq prosesində çox yağdan, duzdan və aşırı kaloridən istifadə edildikdə bu qidalar da sağlamlığa zərər verə bilər. İnsanlar balanslı qidalanma prinsipini unutmamalı və tərkibində faydalı qidalar olan menyulara üstünlük verməlidirlər.

Maraqlıdır ki, xaricdə də bizim bəzi ənənəvi yeməklərimizə ziyanlı qida kimi baxılır. Məsələn, dolmanın yüksək yağ tərkibi və bozbaşın ağır həzm olunan yemək olması səbəbindən onları sağlam olmayan qidalar sırasında görənlər var. Eynilə biz necə burgeri və ya pizzanı sağlam olmayan qida hesab ediriksə, xaricdə də bizim bəzi yeməkləri yüksək kalorili və ağır hesab edirlər”.

Kamil Zeynallı əlavə olaraq bildirib ki, sağlam həyat tərzi üçün yalnız yemək növü deyil, həm də istehlak miqdarı və fiziki aktivlik vacibdir.

“İnsanlar ənənəvi yeməkləri sağlam formada hazırlamağa çalışmalıdır “fast food” istehlakını minimuma endirməli və qidalanma vərdişlərini balanslaşdırmalıdırlar. Sağlamlıq hər şeydən önəmlidir və ona qayğı göstərmək hər birimizin borcudur”.

 

Eltac Zülfüqaroğlu

Избранный
10
avtosfer.az

1Источники