![Rusiya](/uploads/posts/2025-02/or-qa.webp)
“Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasında maraqlıdır. Vaşinqton hansısa mərhələdə bunun üçün fəallıq da edə bilər. Amma Rusiya bu iki Qafqaz ölkəsi arasında münasibətlərin tam yoluna qoyulması və sülh sazişinin imzalanmasında maraqlı deyil və münasibətləri pozmaq niyyətindədir”.
Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan ilə Ermənistan arasında mümkün sülh sazişi və ABŞ-nın yeni hakimiyyətinin buna baxışı haqqında danışarkən deyib.
S. Cəlaloğlunun fikrincə, Amerikanın indiki hökuməti Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsində və qalıcı razılaşmada maraqlıdır, çünki bu məsələdə öz maraq və məqsədləri var.
![](/uploads/posts/2025-02/se-c.jpg)
Sərdar Cəlaloğlu
Partiya sədri hesab edir ki, Amerika Ermənistanda möhkəmlənməklə Rusiyanı bu coğrafiyadan çıxarmağa çalışır:
“Bəli, indi Ermənistan bölgədə Amerikanın bir nömrəli palastarımıdır. Xüsusilə, Rusiyaya qarşı. Gələcəkdə İrana da qarşı ola bilər. İndi isə Ermənistan Rusiyaya qarşı Qafqazda ABŞ-nın əlində olan əsas kartdır və mümkündür ki, bundan istifadə ediləcək. Amma bunun üçün ilk növbədə Ermənistanın qonşuları ilə münasibətləri qaydasında olmalıdır, xüsusən də Azərbaycanla. Bu da istər-istəməz sülh müqaviləsinin bağlanmasında özünü ehtiva etməlidir”.
S. Cəlaloğlu Qərbin gələcəkdə Ermənistandan İrana qarşı da istifadə etməsini mümkün sayır: “İndi çox şey İran-ABŞ münasibətlərindən asılıdır. Amerika düşmənlərini əvvəlcə zəiflədir, məğlub edir, sonra isə müttəfiqinə çevirir”.
Y. QACAR