RU

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “İnnab” Peşəkar Təlim Platforması arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, memorandumun imzalanmasının əsas məqsədi səriştəli və rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına töhfə vermək, tələbələrin peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq sertifikatların, o cümlədən “Microsoft” sertifikatlarının əldə edilməsinə dəstək olmaqdan ibarətdir.

Bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev arasında görüş keçirilib. Görüşdə rektor Gülçöhrə Məmmədova AzMİU-nun informasiya texnologiyaları infrastrukturunun imkanları daim gücləndirilir. “AzMİU-da Mexanika və informasiya texnologiyaları fakültəsində müasir ixtisaslar üzərində tədris prosesi qurulub. Biz rəqəmsal transformasiyanın təhsilə təsirini yaxından izləyir, elektron universitet və elektron tədris sahəsində önəmli nailiyyətlər qazanırıq. Bu istiqamətdə universitetin ixtisaslı kadr potensialının daha da gücləndirilməsi üçün innovativ tədbirlər həyata keçirilir və aparıcı müəssisələrlə əməkdaşlığa önəm veririk”.

“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev qurumun fəaliyyət istiqamətlərindən bəhs edərək bildirib ki, memoranduma əsasən tələbələrə və akademik heyətə peşəkar iş imkanlarını artırmaq məqsədilə innovativ təlim proqramları təklif ediləcək: “Təqdimat bacarıqları, yumşaq bacarıqlar (soft skills), liderlik və innovasiya kimi praktiki biliklər üzrə təlimlər universitet tələbələrinin əmək bazarına hazırlığını gücləndirəcək.”

Memorandum çərçivəsində tərəflər aşağı qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər aparacaqlar:

-Tələbələr üçün beynəlxalq sertifikat proqramları, peşəkar təlimlər və kursların təşkil edilməsi;

-Akademik və inzibati heyətin peşəkar bacarıqlarının artırılmasına dəstək olmaq;

-Tələbələrin real iş mühitinə inteqrasiyasını təmin edəcək təcrübə və mentorluq proqramlarını həyata keçirmək;

-Universitet və “İnnab” tərəfindən ortaq seminarlar, infosessiyalar, startap müsabiqələri və digər akademik fəaliyyətlərin keçirilməsi.

Bu əməkdaşlıq universitet və “İnnab” arasında bilik və təcrübə transferini gücləndirərək, tələbələrin çoxistiqamətli bacarıqlara yiyələnməsinə imkan yaradacaq. Memorandumun tətbiqi sayəsində AzMİU tələbələri və müəllimləri yeni texnologiyaları, innovativ yanaşmaları və beynəlxalq təlim sistemlərini yaxından izləmək imkanı qazanacaqlar.

Избранный
36
5
azertag.az

6Источники