RU

“Azərbaycanın çoxvektorlu xarici siyasətində dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur - Deputat » AzadMedia.az



Deputat Samir Vəliyev

Bakı, 14 fevral — Azadmedia.az


“Azərbaycanın çoxvektorlu xarici siyasətində dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Ölkəmizin yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr, irəli sürdüyü önəmli təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın dünyanın əksər coğrafi məkanları ilə fəal iqtisadi-ticari əlaqələr formalaşdırır. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri də bu baxımdan əhəmiyyətlidir. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Bu ölkə İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.

Prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı Azərbaycanın Somaliyə sərmayə yatırmaq perspektivlərindən də bəhs edib. Təbii ki, bu fakt çox önəmlidir. Çünki Azərbaycan sərmayəsi bu ölkənin inkişafında vacib rol oynayacaq. Eyni zamanda, Somali Prezidenti Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirib və bu təcrübənin ölkəsində tətbiq etmək niyyətini ifadə edib.

“Onu da vurğulamaq lazımdır ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Tərəflər arasında imzalanmış sənədlər nəzərdə tutulan planların reallaşmasında mühüm rol oynayacaq”,-deyə Samir Vəliyev vurğulayıb.

Избранный
11
4
azadmedia.az

5Источники