– Atom bombası yoxdu! Olsaydı, Ağdam bazarında olardı!
Bu sözlər elə-belə deyilməmişdi. Bu bazarda hər şey tapmaq olardı, heç Bakıda tapılmayan malları da. İtalyan tuflisindən tutmuş fin kostyumuna qədər, rumın mebelinə qədər. Alverçilər bunu hardan gətirirdi, necə gətirirdi, heç kim bilmirdi, elə hökumət də.
Bazar nə qədər böyük olsa da, hamını burda yerləşdirmək mümkün deyildi. Ona görə də çölündə də bir bazar vardı. Bazarda taxça ala bilməyənlər onun çölündə taxça qururdular, taxça qura bilməyənlər də gətirdiklərini qabaqlarına töküb satırdılar.
Bazarın qabağındakı küçə çox enli idi, ümumiyyətlə, şəhərin bütün küçələri enli idi. Amma buna baxmayaraq, dörd yanında həmişə tıxac olurdu, heç bəzən keçmək olmurdu. Bazara girənlər və bir tərəfdən də taksilər və əhaliyə xidmət taksiləri, bunlar arxası kəsilmiş QAZ-24-lər idi, yük daşıyırdılar.
Bazarla üzbəüz Tələt əminin aptekiydi. Ağır-ağayana, ağsaqqal bir adamıydı, Çox xeyirxahıydı, yanına gələnləri boş qaytarmazdı. Öz aptekində olmasa da, mütləq hardansa o dərmanları tapdırıb gətirərdi.
Bir dəfə Ağcabədinin Bayat kəndindən bir hazırcavab müəllim gəlir, resepti verir aptekçiyə. Qız reseptə baxıb deyir:
– Bu dərmanlar bizdə yoxdu.
Müəllim çıxır çölə, on-on beş dəqiqədən sonra yenidən qayıdır, qıza deyir:
– Qızım, mənə üç kilo kartof, iki kilo soğan, iki kilo ət ver.
Qız:
– Ay kişi, sənin başın xarabdı, bura aptekdi.
Səs-küyə Tələt əmi kabinetindən çıxır, yaxınlaşıb soruşur ki, nə davadı.
Qız deyir:
– Tələt əmi, görmürsən məni dolayır. Deyir üç kilo kartof ver, iki kilo soğan, iki kilo da ət.
Tələt əmi təəccüblə müəllimi süzüb deyir:
– Ay qardaş, görürəm ziyalı adamsız, bura kaptorq deyil, aptekdi.
Onda müəllim resepti verir Tələt əmiyə:
– Əgər bura aptekdirsə, bu dərmanları verin.
Tələt əmini gülmək tutur, resepti alır və deyir:
– Çıx bağda bir stəkan çay iç, yarım saatdan sonra gəlib dərmanları apararsan.
Tələt əmi başqa apteklərə zəng edir, dərmanları tapdırır.
Bazarın qabağındakı bağda iki çayxana vardı, bu çayxanalar da bazar idi – taksi sürücülərinin, bir də manısların bazarı.
Taksi sürücülərinin əlləri bəy şeyinə dəymiş avtoritetləri nərdtaxta, şahmat oynayardılar. Avtoritet olmayanlar isə yığışıb azarkeşlik edərdilər.
Əslində bu avtoritetlər heç vaxt öz taksilərini sürməzdilər. Səhər saat 7-də Dəmir yolu vağzalına getmək, kimisə Ağcabədiyə, ya İspanakertə daşımaq, axşam da yenə Dəmir yolu vağzalına bir-iki reys etməyə ərinərdilər, verərdilər köməkçiləri işlədərdi, sonra da haqq-hesab edərdilər. Və köməkçilərinə də günə 15 manat pul verərdilər, ayda təxminən 300-400 manat edərdi ki, bu da ətin kilosu 2 manat 50 qəpik, yağın kilosu 3 manat 60 qəpik olan bir ölkədə böyük pul sayılırdı. Rayon Partiya Komitələrinin birinci katibləri də təxminən bu qədər maaş alardılar.
Bir Həsən kişi işsiz olduğuna görə Moskvaya dalbadal teleqramlar vurmuşdu. Axırda bu şikayətlərdən yorulan Moskva şikayətləri göndərmişdi Bakıya, Bakı da göndərmişdi Ağdama ki, bu adama bir iş verin, day zəhləmizi tökdü. Katib də göndərmişdi Bazarkoma ki, bunun qoluna bir qırmızı bağlayın bazarda gəzsin, bir 300 manat da maaş verin.
Həsən kişi də bazarda veyillənir, ayda 300 manatını alırdı.
Bir dəfə katib Həsən kişiylə rastlaşır:
– Day narazılığın yoxdur ki?
– Allaha şükür, yoxdur. Ayda üç yüz manat maaş alıram.
– Həsən kişi, üç yüz manat da mən alıram.
Həsən kişi gülüb deyir:
– Yoldaş katib, baxma, yenə sənin çax-çuxun olar.
Katib şaqqanaq çəkib gülmüşdü:
– Sənin də yəqin bazarda çax-çuxun olar.
Düzdür, katiblərin çax-çuxu olurdu, amma Həsən kişinin çax-çuxundan yox.
Hərdən şahmat oynayanlarla nərdtaxtaçıların az qala davası düşürdü:
– Ə, o daşı yavaş vurun dana, başımızı xarav elədiz.
Nərdtaxta oynayanlar:
– Nərdin gözəlliyi daşın şappıltısıdı. Xoşunuza gəlmirsə, gedin ayrı yerdə oynuyun.
Bu bazarda manıslar da toy tutmaq üçün çayxanaya yığışırdılar. Söhbət həmişə toydan gedərdi, kimin gözəl oxumağı, kimin gözəl tar çalmağı, kimin xaric oxumağı söhbətləri gedirdi, müştəri gözləyirdilər.
Oğul evləndirmək istəyənlər başqa rayonlardan, hətta Bakıdan gəlib burdakı manıslarla toylarını danışardılar. O vaxtlar toyları xanəndələr aparırdı, özü də iki gün. Bəy tərifiylə də bitirərdilər.
Hələ dingilin-furuş oxuyan müğənnilər yoxuydu. Nə xınayaxdı, nə də qız toyu olurdu. Qız toylarına paltarbiçmə deyirdilər. Bir qadın çıxırdı stolların üstünə hədiyyələri yığardı. Adamlar paltar üçün parça, atrez hədiyyə edərdilər. Təbii ki, pul da salanlar olurdu. Məclisi aparan xanım deyərdi:
– Filankəs iyirmi beş manat. Oğluna-qızına borc olsun.
Və bir də xanəndələr toy danışmazdı, əsas şabaşa gedərdilər. Bəzən şabaş o qədər çox olurdu ki, toy sahibi dilxor olurdu.
Adlı-sanlı sənətkarlar adətən bu çayxanaya gəlməzdilər. Məsələn, Qədir Rüstəmov, Rəmiş, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Səxavət Məmmədov. Çayxanada onların nümayəndələri otururdu, danışığı da onlar aparırdı.
Qədirlə Rəmiş hər adamın toyuna getməzdi.
Rəmiş rayonda olanda hərdən maşını çayxananın yanında saxlayar, manıslarla salamlaşar və çayxananın bir günlük hesabını stolun üstünə atıb gedərdi.
Və hərdən də əhaliyə xidmət taksilərinin birinin banına piano qoyub şəhərin mərkəzi küçələrinə sürdürər və piano çalardı. Camaat da yığışardı yolun qırağına ki, Rəmiş indi piano çala-çala keçəcək. Çiynində də Rəmişin özünə oxşayan bir meymunu vardı. Meymunun boynunda enli bir qızıl zəncir vardı və zəncirdə də qızıl bir lövhə, üstündə də meymunun adı yazılmışdı: “Ramin”. Hansısa çox sevdiyi bir dostunun oğlunun adı idi.
Bir dəfə bir uşaq gəlir evə ki:
– Papa, bayaq şəhərdə Rəmişi gördüm, çiynində də meymun.
Atası da qayıdır:
– Ay oğul, day denən iki meymun görmüsən də.
Bu söhbət şəhərdə yayılmışdı, amma Rəmiş inciməmişdi, əksinə, gülümsəmişdi.
Bazara girəndə sağ tərəfdə qeyri-adi, sağlam bir adam oturardı ki, əynində də yayda-qışda mayka olardı. Üzünə baxmağa adam qorxurdu, çünki üzü yanıb çox eybəcər hala düşmüşdü.
Və bir gün qəflətən yoxa çıxdı. Hərə bir söz danışırdı onun haqqında. Ən çox da deyirdilər ki, Amerikanın casusuymuş. Amerikada eşidiblər ki, Ağdamda atom bombası satılır, onu göndəriblər ki, görsün bu düzdü, yoxsa yox. O da gəlib bir-iki il bazarda oturub və dəqiqləşdirib ki, bu bazarda hər şey satılsa da, atom bombası yoxdu və çıxıb gedib. Yanmış sifəti də maskaymış.
Bazarın özü şəhərin içində bir rayon idi. Birinci katibi də vardı, ispalkomu da, rəisi də, hətta prokuroru da. Rayonun nə rəhbərliyi, nə də güc strukturları bazarın işinə qarışmazdı, aylıq haqlarını alırdılar.
Bir nömrəli məktəbin direktoru Süleyman müəllim dəfələrlə yuxarılara şikayət eləmişdi ki, bizim uşaqların tərbiyəsini bazar pozur, onlarda bazar təfəkkürü yaradır, bu bazarı burdan köçürün.
Katib:
– Süleyman müəllim, ağsaqqal adamsan, bu bazarın üç yüz illik bir tarixi var, bunu necə köçürdə bilərəm? Vallah, o bazar əhli bizi burdan köçürər.
Süleyman müəllim:
– Onda məktəbin yerini dəyişin, təzə məktəb tikin.
– Bir nömrəli məktəbin də tarixi var, şəhərin ilk məktəbidi, onu da köçürə bilmərəm. İstəyirsən səni başqa məktəbə dəyişək.
– O məktəb mənim həyatımdı, bu məktəbi Rafiq Əliyev, Xudu Məmmədov, Ədilə Namazova, Ziyəddin və Rəşid Göyüşov qardaşları bitirib. İndi bazar uşaqları yetişdirəcəyik?
Rafiq Əliyev Xudu Məmmədov kimi şəhərin fəxri idi. 35 yaşında Texnika elmləri üzrə elədiyi kəşf üçün SSRİ dövlət mükafatı almışdı.
– Bazar da ordakı adamların həyatıdı.
Əslində Süleyman müəllim bilmirdi ki, məktəbin yuxarı sinif şagirdləri bütün bazarda veyillənirlər. Müəllimlər onları bazarlıq eləməyə göndərir.
Məsələn, Musa müəllim Elməddini (Elməddin Sərdar) çağırır, cibindən bir üçlük çıxardıb deyir:
– Get bazara,üç kilo ət al, üç kilo kartof, göy-göyərti, bir-iki kilo da qızıləhmədi alma.
Elməddin baxır əlindəki üçlüyə, görür ki, müəllimin dediyi bazarlıq on-on iki manat eləyir.
– Məllim, bəs zdaçı kimə verim?
Ənvər müəllim Nicat Novruzoğluna bir manat pul verir. Deyir üç çörək, on qəpik də sənin.
Nicat gedir əliboş qayıdır. Və çıxarır məllimə doxsan qəpik qaytarır, deyir:
– Məllim, çörək qurtarmışdı, amma mən zdaçımı götürdüm.
Sonralar İspanakertdə Pedaqoji İnstitut açıldı və Süleyman müəllim də həmin İnstituta Azərbaycan bölməsinə dekan göndərildi, amma ürəyi məktəbdə qaldı.
Bazarın girişindəki qapının düz ortasında bir pinəçi oturardı. Adamlar məcbur olub onun sağından-solundan keçərdilər.
Bir dəfə rayonun, bazarın yox ey, rayonun ispalkonu Aydın müəllim bazarlıq eləmək üçün sürücünü göndərmir, maraq üçün özü gəlir.
İçəri keçəndə yolun ortasında oturmuş pinəçini görür və bazarın birinci katibinə deyir ki, bunu burdan götürün, qoyun bir kənara. Tez bazarın ispalkomu kişinin şey-şüyünü yığır, özünü də alır qucağına qoyur bir kənara.
Gecə Mərkəzi Komitədən bir məmur Aydın müəllimə zəng edir:
– Qardaş, bizim də o şəhərdə bir yaxın adamımız var, bu gün onu incitmisən.
– Kimdi?
– Bazarda oturan pinəçi.
Aydın müəllim havalanır:
– O palın-palçığın içində oturmuşdu qapının ağzında, dedim götürün ona bir rahat yer verin.
– Əşi, sən Allah, qaytarsınlar öz yerinə.
Aydın müəllim tez bazarın birinci katibinə zəng edir və deyir:
– Elə indicə, gecə olsa da, o dəyyus pinəçinin şey-şüyünü qaytarın öz yerinə.
Yəni bazardakı pinəçinin də hardasa yuxarılarda bir dostu-tanışı vardısa, görün alverçilərin, satıcıların haralarda adamı vardı. Ona görə rayon rəhbərliyi bazarın işinə qarışmırdı.
Bazara girəndə sol tərəfdə qəssabların köşkü idi. Əslində bu qəssablardan yalnız Temir əmiyə qəssab deyirdilər, o birilərinə “ət satan” deyirdilər. Temir əmi həqiqətən qəssab idi, ət satdığına görə yox, özü qəssabıydı, yəni igid adamıydı, rayonda böyük hörmət sahibi idi. Özü kimi qəssab, yəni igid olan üç oğlu vardı. Oğullarından ikisi “Qarabağ” komandasında oynayırdı, biri də kapitanıydı. Uzun illər sonra ara qarışanda, yəni ermənilər quduranda deputat oğlu Eldar Bağırovu Bakıda küçənin ortasında güllə ilə vuracaqdılar. Hələ də onun qətli müəmmalıdı. Böyük oğlu Allahverdi Bağırov isə Eldardan sonra rayonda könüllülərin komandanlığını öz üzərinə götürüb ermənilərlə vuruşub və sonda qəhrəmancasına şəhid olmuşdu. Milli Qəhrəman adı vermişdilər. Ortancıl oğlu Əmir də polis polkovniki idi.
Temir əmi belə bir qəssabıydı. Analar uşaqlarını ət almağa göndərəndə deyirdilər ki, Temir əmidən alın. Çünki bilirdilər ki, o kişi təmiz adamdı.
Və hər uşaqdan soruşardı:
– Anan nəlik istəyib?
– Dolmalıq.
– Bala, sənin anan nə istəyib?
– Bozbaşlıq.
O da uşaqlara onların istədiyi kimi dolmalıq və ya bozbaşlıq ət verərdi.
Şənbə-bazar günü Ermənistandan yezidi kürdlər ZİL-130-da bazara bir maşın qoyun gətirərdilər, hamısı da erkək. Amma bu kürdlərin dili bizim kürdlərin dilinə heç oxşamırdı. Qəssablarla razılaşıb müvafiq qiymətə hamısını satardılar. Sonra da qazandıqları pulları bazarda xərcləyib qayıdardılar. Yəni bir maşın qoyunun pulu elə bazarda qalırdı.
Yumurta Bəhram adında bir əldən iti adam vardı, o da ət işiylə məşğuluydu. “Volqa”nın “Volqa” vaxtı maşının oturacaqlarını söküb içində bazara qoyun daşıyardı.
Hərdən də deyərdi:
– Ə, bu maşına elə qiymət qoysunlar ki, hamı ala bilməsin. Mənim də “Volqa”m var, Dərzi Qulunun da. Day bizim nə fərqimiz oldu?
Bir də görürdün Kəlbəcərdən gəlmiş bir adam çıxıb QAZ-24-ün üstünə, əlindəki açarı fırlayıb deyir:
– Bu qaz iyirmi dördü təmiz qanlı bir Qarabağ atına dəyişirəm.
QAZ-24-ün də QAZ-24 vaxtı idi. At alverçiləri ilə sövdələşib axırda QAZ-24-ü təmiz qanlı bir ata dəyişib və atla da qayıdırdı Kəlbəcərə.
Bayaq dediyim kimi, birinci cərgə ətçilərin idi. Ətçilərdən sonra Xuraman xanımın böyük bir mağazası, ondan sonra iki böyük örtülü bina vardı. Birində qaymaq, yağ, şor, qatıq satanlar yığışardı. O birində isə həm diri, həm də kəsilmiş toyuq, yumurta satanlar yığışırdı.
Qaymaq satanların arasında mübahisə düşərdi – biri Seyidli qaymağını tərifləyərdi, biri də Qiyaslı. Yerli adamlar Qiyaslı qaymağını sevərdilər. Bir də görürdün Qiyaslı qaymağı qurtarıb və seyidlilər gəlmələrə qaymaqlarını Qiyaslı adıyla sırıyırdılar.
Səhər-səhər bazara gələnlər burdan qaymaq, bal alıb özlərini verirdilər bazarın sol tərəfindəki böyük çayxanaya – “Astorq İbrahimin çayxanası” deyirdilər. Bu kişi rayonda həm Ticarət idarəsinin, sonra univermağın, sonra da İctimai iaşənin sədri olmuşdu.
Özü də həmişə toylarda “Camış bağa girdi, gəl” mahnısını oynayırdı, ağır-ağır. Uzunboylu kişi qollarını açanda qartala oxşayırdı.
Oğlu Jdanov rayonunda partiyaya namizəd keçiriləndə atasının univermaq müdiri olduğunu yazmışdı. Bir ildən sonra üzvlüyə keçəndə isə atasının İctimai iaşənin sədri işlədiyini yazmışdı.
Partiya təşkilat şöbəsinin müdiri soruşmuşdu:
– Ay oğul, səhv yazmamısan?
– Xeyr.
– Ümumiyyətlə, sənin atan nə işləyib?
– Otuz altıncı ildən altmış dördüncü ilə qədər Ağdam rayon Ticarət İdarəsinin sədri. Altmış dörddən yetmiş üçüncü ilə qədər Mərkəzi Univermağın müdiri. İndi də İctimai İaşə İdarəsinin müdiri.
Təşkilat şöbəsinin müdiri gülüb demişdi:
– Ay oğul, orda yazdıqlarının hamısını poz, yaz ki atam Ağdamın ticarət naziridi.
İndi Ağdamın “ticarət naziri” pensiyaya çıxanda da bu çayxananı bağışlamışdılar ona ki, vaxtını öldürsün. Yeganə çayxana idi ki, burda müdirin kabineti və telefonu vardı.
Hamı gəlirdi:
– İbrahim əmi, zəng eləmək olar?
O da axırda yorulub demişdi ki, bu telefonu kabinetdən çıxarın bayıra ki, kim istəyir gəlib zəng etsin, mənim zəhləmi tökməsin.
Bu bazar “Kolxoz bazarı” adlanırdı, amma bazarda bir dənə də kolxozçu tapmazdın. Kolxozçular matahlarını səhər saat 6-7-də gətirib alverçilərə satıb çıxıb gedirdilər. Şənbə-bazar da gəlirdilər öz satdıqlarını alverçilərdən almağa.
Bayaq dedim ki, bazarın birinci katibi, ispalkomu, rəisi, prokuroru vardı. Bazarkom birinci katib idi. Otururdu kabinetində, bazara nəzarəti ispalkom, yəni müavini həyata keçirirdi.
Bazarın polis rəisi isə sahə müvəkkili idi.
Hər rayonda şəhərin bir sahə müvəkkili olduğu halda, bu şəhərdə dörd sahə müvəkkili vardı, təbii ki, əhalinin sayına görə. Biri də təkcə bazara baxırdı.
Bazarda dava çox az olardı. Dava düşəndə də bazarın prokuroru Möhü dayı işə qarışardı. Möhü dayının bazarın içində bir qəzet köşkü vardı. Bura ermənicə də “Kommunist” qəzeti göndərirdilər.
Möhü dayı hirslənərdi:
– Ə, mən bu qəzeti kimə satım? Heç şəhərdəki ermənilər də ermənicə oxuya bilmir.
Bu qəzeti adətən tum satanlara elə müftə verərdi, “Vışka” qəzetini isə ət satanlar alırdı. Çünki onlar heç vaxt ermənicə “Kommunist” qəzetinə ət bükməzdilər.
Amma burda elə qəzetlər vardı ki, onları öz daimi müştərilərinə altdan və baha qiymətə satardı. Məsələn, “Literaturnaya qazeta”nı Möhü dayı 5 manata, “Futbol-xokkey” qəzetini 3 manata, “Sovetskiy sport”u 2 manata, “Qobustan” jurnalını isə 5 manata.
Bazarda dava düşəndə də gəlirdi sahə müvəkkilinə deyirdi çəkil kənara, özü davanı sakitləşdirərdi, günahkarı da özü cəzalandırardı. Günahkarın da cəzası o olardı ki, biri Möhü dayının cibinə bir iyirmi beşlik basardı, o birisi də Möhü dayıya bazarın milis rəisiylə Sarı təpədəki yeməkxanada qonaqlıq verərdi.
Bazara girəndə sağ tərəfdə dükanlar sıralanırdı. Bu dükanlarda geyim-kecim, ayaqqabı, uşaq paltarları olurdu. Sonunda isə bir çayxana vardı ki, bu çayxanaya da burda işləyənlər və qarpız satanlar yığışardı. Çünki dükanların önündə qarpız-yemiş satanlar sıralanardı. Adətən qarpız-yemişi Ağcabədidən gətirərdilər. Çayxananın sol tərəfində isə dəmirçilərin dükanları başlayıb və bazar bitəndə bitirdi. Burda dəmir darvaza, qapı, pəncərə çərçivəsi, odun, nöyüt, qaz sobaları və onların turbaları satılırdı. Bir də qəbiristanlıqlar üçün qəbirlərin kənarına cağ düzəldilirdi. Evin üstünə vurulmaq üçün həm qara, həm də ağ dəmir olurdu. Və heç kim də soruşmurdu ki, bu qədər dəmiri hardan alırsınız. Ağsaqqalları da Dəmirçi Bağır idi. Taqqa-tuqdan qulaq tutulurdu. Onlar çayxanaya gəlməzdilər. Bir nəfər bütün günü Şaban kimi bunlara çay paylayardı. Və dəmirçilər bilmirdi ki, bu bazarın Şabanı bəzən onlardan çox pul qazanırdı.
Bazarın sol tərəfində üç taxça sırası vardı. Bunun ikisində meyvə, qoz-fındıq satılırdı, birində isə yarısına qədər göy-göyərti, yarısından sonra isə pomidor, xiyar, bir də turşu.
Adam göy-göyərtiyə baxanda iştaha gəlirdi, o qədər gözəl idi ki, adam az qalırdı otlaya.
Turşunu isə əsasən Hadrutdan, Çartazdan, Martunidən olan ermənilər gətirirdi. Amma özləri satmazdı, təbii ki, onu da alverçilər alırdı. Ermənilər də qazandıqları pula qələm, dəftər, uşaq pal-paltarı alıb aparırdılar. Bir sözlə, ermənilər də qazandıqları pulu elə bazarda xərcləyirdilər.
Bazarın Mərkəzi Univermağının qarşı hissəsində isə kartof, soğan, sarımsaq düzülürdü taxçalara. Kartofu əsasən Gədəbəydən və Tovuzdan gətirirdilər və onu da verirdilər bazarın alverçilərinə. Amma onlar bütün pullarını bazarda qoyub çıxmırdılar. Bir hissəsinə kostyum, ayaqqabı alır, qalanlarını aparırdılar.
Kartofçuların qabağında bir cərgədə də düyü satardılar. Bu düyü də Lənkəran və Şəkidən gəlirdi, bir də İran düyüsü. Adamlar adətən Lənkəran düyüsünü bəyənirdilər.
Göy-göyərti satılan yerdə bir ayaqqabı köşkü vardı. Həmin köşkün önündə bir taxt qoymuşdular və Qarabağın məşhur seyidi Seyid Lazım Ağa həmin taxtda otururdu. Nəziri olanlar da gəlib əlini öpüb nəzirlərini verirdilər. Ağa ali məktəbə oxumağa gedənlərə, bir də Rusiyaya alverə gedənlərə bir manat pul verərdi ki, bərəkət puludu. Bax, o pul həqiqətən bərəkətli olurdu.
Müharibə başlayanda ermənilərin atdığı bir “Qrad” gəlib düz bazarın ortasına Ağanın oturduğu yerin 15-20 metrliyində girmişdi torpağa, amma partlamamışdı. Bu da Ağanın şöhrətini birə-beş artırmışdı.
Bazarın sağ tərəfində pal-paltar mağazalarının cərgəsində papaqçıların da köşkləri vardı. “Arşın mal alan” filmi ekrana çıxandan sonra Süleymanın bəy papağı dəbə düşdü. Şəhər camaatı bu papaqçılara Qaragül dərisindən papaq sifariş etməyə başladılar. Bir belə Qaragül dərisini Türkmənistandan vurub gətirirdilər. Amma saxta dəri də olurdu, onun qiyməti ucuz idi, 40 manat. Qaragül isə 100-120 manata idi. Özü də iki rəngi vardı, biri qara, biri də qəhvəyi.
Bir Bəy Sabir vardı, onun əli bəy şeyinə dəyməmişdi, elə əslən-nəslən bəy idi. Dədə-babalarını da, dayılarını da 37-ci ildə güllələmişdilər, bircə quru bəyliyi qalmışdı. Amma yerişi-duruşu bəy idi, geyiminə-keciminə də söz ola bilməzdi. Özü də hər kostyumu da öz qalstuku və öz tuflisiylə. Amma o, Süleymanın papağından tikdirməmişdi, generallar qoyan qəhvəyi rəngdə papaqdan tikdirmişdi. Yəni burda da öz bəyliyini göstərmişdi. Taksisinin nömrəsi də fərqlənirdi, 07-00. Və heç kəs ölənə qədər (cavan ölmüşdü) onun taksi sürdüyünü görməmişdi. Adına olan taksini həmişə köməkçisi sürərdi. Özünün isə “06”sı vardı, hərdən o da yolunu bazardakı çayxanaya salardı, şahmat oynamağa. O, şahmat oynayanda nərdtaxtaçılar nərdtaxtanı yığışdırardılar ki, Bəyə mane olmasın.
Bir ara uzunboğaz xrom əsgər ayaqqabıları dəbə düşdü. Buna “sapoq” deyirdilər. Çəkməçilər xrom sapoq tikməkdən yorulurdular. Az qala şəhərin yarısı xrom sapoq geyinirdi, yuxarı sinif şagirdləri də. Onun da qəribə bir qıjıltısı vardı yeriyəndə.
Bir nömrəli məktəbin yuxarı sinif şagirdləri də bu qıjıltılı xrom sapoqu geyməkdən xoşhallanardılar.
Bir müəllim dəfələrlə uşaqlara irad tutmuşdu ki, ay bala, dərsə gələndə adam ayaqqabısı geyinin. Amma kim idi müəllimə qulaq asan.
Axırda müəllim əsəbləşib getmişdi məktəb direktorunun yanına ki, şikayət eləsin.
İçəri girəndə görmüşdü direktor ayaq üstə dayanıb, əlini kitelinin yaxasına Stalin kimi salıb ayağında da xrom sapoq.
Direktor:
– Məllim, nəyə gəlmisən?
Müəllim başını peşman-peşman yırğalayıb:
– Day heş nəyə!
Alverçilər iki cür olurdu. Çoxlarının dükanı vardı və tapılmayan malları piştaxtanın altından satırdılar. Bəzi alverçilər isə gətirdikləri malları dost dükanlarında saxlayır, amma kostyumun pencəyini bəzən üst-üstə geyib, “kostyum var” deyə-deyə bazarda fırlanırdılar. Bir də görürdün bazarın ortasında kimisə soyundurub pencəyi geyindirirlər ki, gör xoşuna gəlir. O da yan-yörəsindən keçənlərdən soruşurdu ki, baxın, bu mənə yaraşır, ya yox. Onlar da yaraşdı-yaraşmadı deyirdilər ki, əyninə tikilib, raykom katibinə oxşayırsan. Sonra da qayıdıb dükanda saxladıqları şalvarı verirdilər, onu da geyindirirdilər, köhnə pal-paltarlarını da verirdilər qoltuğuna gedirdi.
Bazarda tez-tez belə bir söz eşidilirdi:
– Cücəli toyuq var!
Bunu tapança satanlar deyirdilər, hamı da söhbəti başa düşürdü.
Bəzən bunu başa düşməyənlər də olurdu, soruşurdular ki, qardaş, mənə bir üç-dörd dənə cücəli toyuq ver.
Silah satan da onun görünüşünə baxıb qayıdırdı:
– Ə, yer get, sən özün elə toyuğsan dana.
Bu silah satanlardan tapança almaq istəyənlər mütləq şəhərin tanınmış adamlarından biriylə gəlməliydilər. Silah satan da həmin tanınmış adama etibar edib tapançanı verərdi.
Bazarın milis rəisi bu tapança satanlara yalvarırdı ki, tapançanı kimə satmısan de, gedim onu yolum. Amma onlar həmin etibarlı şəxsin xətrinə heç vaxt bu sirri açmazdılar.
Bazarın Xanəhməd adlı bir sərgərdanı vardı. Heç kəs onun xətrinə dəymirdi. Bazarı gəzir, mer-meyvədən, qoz-fındıqdan öz yediyi qədər götürürdü, bir az da oğurlayırdı. Oğurladıqlarını da axşam aparıb qonum-qonşuya paylayırdı.
Əvvəl Temir əmi, Temir əmi öləndən sonra isə Eldar həftədə iki dəfə Xanəhmədə yarım kilo ət bağışlayırdılar ki, apar bişirtdir ye.
Şəhər camaatından kimlərsə Moskvaya teleqram vururlar ki, Ağdamda bir Xanəhməd var, bizi yığıb boğaza. Moskva da teleqramı göndərir Bakıya, Mərkəzi Komitədən bir məmur durub gəlir Ağdama, katibin yanına. Teleqramı göstərir ki, bu nədi, indi də Ağdamda xan peyda olub, camaatı da incidir? Birinci katibi gülmək tutur. Adam göndərir ki, gedin Xanəhmədi gətirin bura. Xanəhmədi gətirirlər katibin otağına, kirin-pasın içində, üstündə də cır-cındır.
Katib Mərkəzi Komitədən gələnə göstərib deyir:
– Sizin axtardığınız xan budur. O Xan Əhməd deyil, adı Xanəhməddi.
Sonra da işçilərinə tapşırır ki, onun cibinə iyirmi-otuz manat qoyub yola salın.
Və Xan Əhmədi ifşa edə bilməyən məmur da suyu süzülə-süzülə qayıdır Bakıya.
Şənbə-bazar Qarabağda yaşayan ermənilərin nə qədər imkanlı, ayağı yer tutan vardı tökülürdü bazara. Uşaqlarına pal-paltar, özlərinə geyim-kecim, mer-meyvə alırdılar.
Ümumiyyətlə, şənbə-bazar bazarda iynə atsan, yerə düşməzdi. Qarabağın bütün ətraf rayonlarının camaatı, eləcə də Ağdamın kənd camaatı tökülürdü bazara.
O vaxt kolxozçulara pulsuz “Moskviç-412” bağışlayırdı hökumət, “Jiquli”ləri isə növbəsiz paylayırdı, amma pulla. Bu kolxozçuların isə heç birinin sürücülük vəsiqəsi yox idi, maşın sürməyi də bilmirdilər. Amma lovğa-lovğa gəlirdilər şəhərə.
Şəhər camaatı isə şənbə-bazar maşını həyətdən çıxarmırdılar, qorxurdular ki, maşınları əzilər. Belə bir söz deyirdilər:
– Suçular şəhərdədi!
Hər şənbə-bazar da mütləq bu “suçular” şəhərdə beş-on qəza törədərdilər. Onlarla avtomobil müfəttişləri də bacarmırdı.
Deyirdilər:
– Bir adamdan pravası olmadığına görə nə qədər pul alarlar? Artıq biz onlardan pul almaqdan utanırıq, amma onlar utanmırlar.
Yəni şənbə-bazar günü kolxoz bazarı olurdu elə kolxoz bazarı. Kolxozçular özlərinin gətirib alverçilərə satdıqlarını bir az da baha qiymətə alırdılar.
Təbii ki, bazara gələn elə gəlmişkən qəndini, çayını, şəkərini, yağını da alıb qayıdırdı.
Ağcabədinin Ticarət İdarəsinin müdiri əsəbləşirdi, çünki bunlar onun ticarətinə mane olurdu. Deyirdi:
– Ağcabədidə çay-qənd yoxdur ki, onu da gedib Ağdamdan alırsız, özü də baha qiymətə?!
Bazarda 12-13 yaşlı uşaqlar əllərində kuzə su satırdılar və bərkdən oxuyurdular:
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Bazarda su köşkü vardı və burda suyun stəkanı beş qəpik idi. Amma uşaqlar stəkanı on qəpiyə satırdılar. Adamlar ya su köşkünə getməyə ərinirdilər, ya da bu uşaqlara kömək eləmək üçün suyu onlardan alırdılar.
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Bir də bu uşaqları futbol vaxtı İmarətdə görərdin.
Sonra bu uşaqlar böyüdü, döyüşdə ürəkləri yananda nəinki sərin su, heç su tapmadılar və su sinələrini də erməni güllələrinə sipər edib şəhid oldular, şəhərlərini qorudular.
Hələ o günə vardı. Hələ bazarda oxuyurdular:
Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.
Xalq Cəbhəsi hakimiyyətdə olanda prezident Ermənistanla və Dağlıq Qarabağla 17 rayonu birləşdirən xüsusi nümayəndəlik yaratmışdı. Nümayəndəliyin rəisi də Surət Hüseynov idi. Onun da Hüseyn adında birinci müavini vardı. Bir gün Hüseyn rayonun icra başçısının birinci müavini, Xudu Məmmədovun bacısı oğlu Akif müəllimi və iki nəfər də SƏDM əməkdaşını götürüb gedirlər bazara ki, alverçiləri qovacağıq. Alverçiləri qovsalar, gərək bazar bağlanaydı. Girirlər bazara, başlayırlar sənədləri yoxlamağa. Alverçilər bunların üstünə necə tökülürsə, nə yemisiniz, turşulu aş. Həmin vaxt başçının müavini, eləcə də komendantın müavini olan Rüstəm müəllim onları birtəhər alverçilərin əlindən qurtarmışdı, üzünü də Akif müəllimə tutub demişdi:
– Akif müəllim, sən savadlı adamsan, məktəb direktoru işləmisən, bilmirsən ki, bazar Xüsusi idarənin səlahiyyətinə daxil deyil, qoşulmusan bu Hüseynə? – sonra da üzünü alverçilərə tutub demişdi: – Bu gündən bu oboxeyislərə pay-pürüş göndərməyi kəsin.
Bazarda “Marlboro” əskik olmazdı – biri üç manat. Ətraf rayonlardan da gəlib biri üç manatdan qutu-qutu “Marlboro” alıb aparırdılar. Və çoxları fikirləşirdi ki, bu qədər “Marlboro” hardan Ticarət İdarəsinə necə göndərilir?
Çox yox, iki alverçi sirri açım. Rusiyadan Ağdama tonlarla konserv göndərilirdi, şəhərdə isə bu konservini yeyən yox idi, qalırdı anbarlarda. Abı xanım gedirdi Rusiyaya müqavilə bağlayırdı. Vaqonla konservanı göndərirdi Rusiyaya, əvəzində də vaqonla biri 1 manat 50 qəpikdən “Marlboro” vurub gətirirdi şəhərə. Və onu da 2 manat 50 qəpikdən verirdi alverçilərə, alverçilər də üstünə 50 qəpik qoyub satırdılar. Ətraf rayonlardan gəlib qutu-qutu alverçilərdən “Marlboro” alan ticarət işçiləri də aparıb öz rayonlarında dörd manata satırdılar.
Bazarda dükanı olan Xuraman xanım isə gedirdi Rusiyaya corab istehsal edən fabrikə. Bu fabrik “brak” corabları qırx qəpiyə satırdı. Xuraman xanım da zavod rəhbərliyinə hər corabdan on qəpik artıq verib “brak” olmayan corabları “brak” adıyla “aformit” elətdirib gətirirdi şəhərə və bir manata alverçilərə verirdi. Alverçilər də üstünə on-iyirmi qəpik qoyub satırdılar.
Bir qrup alverçi vardı ki, onlar evlərindən çölə çıxmırdılar. Onların işi qızıl-brilyant satmaq idi.
Yağ qəhətə çıxanda adamlar gedib Yerevandan maşın-maşın yağ vurub gətirirdilər.
Bir dəfə bir alverçi xanımın evindən on qutu yağ çıxmışdı. İşi verilmişdi müstəntiqə. Camaat da tökülmüşdü müstəntiqin üstünə ki, nə qədər pul lazımdır götür, amma nə olur-olsun qadını həbs etmə, bu bizə yaraşmaz.
İkram adlı müstəntiq çox fikirləşəndən sonra bu on qutu yağı on paçka ilə əvəz eləmişdi. Bu da təxminən iki kilo yağ demək idi və burda cinayət tərkibi görməyib işi xətm etmişdi. Sonra polisdən kimsə bu məsələni Daxili İşlər Nazirliyinə yazmışdı. Daxili işlər naziri də Cəfər Vəliyev müstəntiq İkram Abdullayevi daxili işlər orqanlarından xaric eləmişdi.
İkram da işinə bərpa olunmaq üçün müraciət eləmədiyi dövlət orqanları qoymamışdı. Axırda nazir İkramı çağırıb demişdi:
– İstəyirsən BMT-yə şikayət et, səni geri qaytarmayacam.
İkram da qayıtmışdı:
– Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm.
Sonra da Şamaxıya gedib Sabirin başdaşını qucaqlayıb bir şəkil çəkdirib göndərmişdi nazirə və şəklin altından da yazmışdı: “Mən şikayətimi bu kişiyə etdim”.
Şəkil və söz naziri çox bərk tutmuşdu və Kadrlar İdarəsinin rəisini yanına çağırıb demişdi:
– O avaranı işinə bərpa edin.
İndi İkram Abdullayev məşhur vəkildi.
Bazarda Əhməd adlı bir alverçi də miras paltarlar satırdı. İnsanların çoxu ölmüş yaxınlarının paltarlarını evdə saxlamağı sevməzdi ki, bədlik gətirir. Əhməd də həmin adamlardan o paltarları toplayıb, özü də bunların içində elələri olurdu ki, heç geyilməmişdi, bazarda tökürdü qabağına ucuz qiymətə satırdı. Camaat Əhmədin adını “Qarağacıtorq” qoymuşdular. Qarağacı isə Ağdamda məşhur qəbiristanlıqıydı. Qardaşı da alverçi idi, elə onun kimi. Sonra iki qardaş birləşib bir “Moskviç” almışdılar, Əhmədin qardaşı oğlu sürürdü. O da tez-tez qardaşı oğlunun maşın sürməyini hamıya tərifləyirdi. O qədər təriflədi ki, yazıq uşaq gözə gəldi və maşını vurdu.
Bazarın ispalkomu da Müzəffər kişi idi. Həm taxçalara talon paylayırdı, həm də pul yığırdı. Bəzən taxça sahibləri artıq alınan pulun üstündə mübahisə edirdilər.
Müzəffər kişi də deyirdi:
– Siz satdığınız malları qiymətindən artıq sata bilərsiniz, mən talonu sizə yazıldığı qiymətdən artıq verə bilmərəm?
Müzəffər kişi də qazandığı puldan hər həftə rayonun ispalkomuna bazarlıq göndərirdi. Necə ki bazarın birinci katibi hər bazar rayonun birinci katibinə pay-pürüş göndərirdi. Bazarın milis rəisi də şəhərin milis rəisinə. Bircə bazarın prokuroru Möhü dayı heç kimə, o cümlədən də şəhərin prokuroruna pay göndərməzdi. Nə qazanırdısa, hamısı özünün idi. Hələ şəhər Milis idarəsinin rəisi bazarda qayda-qanunu yaxşı yaratdığına görə ona (bir drujinnik) vəsiqəsi və nişanı da vermişdi. Çox vaxt nişanı döşündən asırdı.
Ağdam azad olunandan sonra hökumət adamları və “Qarabağ” komandası ilə birlikdə şəhərə ayaq basanlardan biri də mən idim. Mikroavtobusla getmişdik. Siqaretim yadımdan çıxıb qalmışdı avtobusda. Sürücü harasa getdiyindən avtobusun qapısını aça bilmədim. Mən də “Kent 8” çəkməyi vərdiş etmişəm. Kimdən bir dənə siqaret istədimsə, heç kəsdə “Kent 8” olmadı. Bir polis zabiti gördü ki, pərt olmuşam, üzünü tutub bir serjanta dedi:
– Ə, qaç bazardan məllimə bir “Kent səkkiz” al.
Serjant da qaçdı getdi olmayan bazara, hardansa bir “Kent 8” tapıb gətirdi. Polis zabitinin bu zarafatı məni kövrəltdi.
P.S. Əziz oxucu, mən Ağdam bazarını tam təsvir edə bilmədim, üstündən 35 il keçib. Və bunu ona görə yazdım ki, az-çox da olsa Ağdam bazarı haqqında həm sizdə təsəvvür yaradım, həm də ağdamlıları kövrəldim. Və gün gələcək Ağdam bazarı əvvəlkindən də böyük olacaq. Bu dəfə hardansa atom bombası tapıb gətirsələr də, amma Xanəhmədisi, Möhü kişisi, Qarağacıtorq Əhmədisi, Temir əmisi, Seyid Lazım ağası olmayacaq.