Məlum olduğu kimi KONKRET.az-ın redaksiyasına müraciət edən bir qrup vətəndaş (Şirin Abbasov, Daşqın Həsənov, Şövkət Azayeva, Eldəniz Verdiyev) vəkil Adəm Məmmədovun fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirib.
İddialarda Adəm Məmmədovun həmin şəxslərdən məhkəmə işlərini həll etmək adı ilə külli miqdarda pul aldığı əks olunub. İddiaçılardan bəziləri sonradan müxtəlif dövlət qurumlarına şikayət edərək pullarını qaytarmağa nail olduqlarını bildirsələr də, digərləri hələ də Adəm Məmmədovun onlara vurduğu maddi zərəri geri almadıqlarını deyirlər.
Təbii ki, KONKRET.az informasiya portalı olaraq bütün bu vətəndaş şikayətlərini, eləcə də səsləndirilən iddiaları dinləyərək ictimailəşdirməyi özümüzün peşə borcu bilmişik. Ancaq eyni zamanda jurnalist etikasını, peşə kodeksini və “Media Haqqında Qanun”un müvafiq maddələrini rəhbər tutaraq iddialarla bağlı dəıfələrlə Adəm Məmmədovla əlaqə saxlayıb onun qarşı tərəf kimi mövqeyini tanımağa və işıqlandırmağa çalışmışıq. Ancaq Adəm Məmmədov birmənalı şəkildə açıqlama verməyəcəyini, iddiaların əsassız və sifarişli olduğunu bildirib, yazıların silinməsini tələb edib. Qısacası, Adəm Məmmədov cavab haqqından istifadə etmək istəməyib və mövqe sərgiləməkdən bilmədiyimiz hansısa səbəblərə görə çəkinib. Ancaq biz yenə də peşəkarlığımızı qoruyaraq onun cavab vermək istəmədiyini, iddiaların əsassız olduğu haqda dediyi sözləri hazırladığımız məqalələrdə yazmışıq.
Əvəzində isə hörmətli vəkil Adəm Məmmədov onun haqqında iddialar səsləndirən şəxsləri yox, bizi məhkəmə ilə hədələyib və sonda həm mülki, həm də guya “şərəf və ləyaqətini alçaldan” məlumatlar yaydığımız üçün xüsusi ittiham qaydasında bizi məhkəməyə verib. Ancaq belə bir el deyimi var: “Sən saydığını say, gör fələk nə sayır”. Təbii ki, hüquqi və demokratik dövlətdə yaşadığımız üçün ərazi üzrə Abşeron Rayon Məhkəməsi Adəm Məmmədovun xüsusi ittiham qaydasında qaldırdığı iddianı təmin etməyib. Adəm Məmmədov isə bununla razılaşmayaraq Appelyasiya Məhkəməsinə müraciət edəcəyini bildirib. Əlbəttə, bu, onun müstəsna hüququdur. Biz isə ölkədə qanunun aliliyinə, haqq-ədalətə və məhkəmə-hüquq sisteminin aliliyinə güvənirik. Şübhə etmirik ki, mülki qaydada verilən iddialar da təmin olunmayacaq və ya ədalətli qərar qəbul ediləcək. Eyni zamanda vətəndaş Şirin Abbasov Adəm Məmmədov haqqında Binəqədi Rayon Prokurorluğuna şikayət ünvalnadığını bildirib. Biz isə media qurumu olaraq vəətəndaşın şikayəti ilə bağlı prosesin necə getdiyini öyrənmək üçün Baş Prokurorluğa sorğu göndərmişik. Yəqin ki, yaxın vaxtlarda sorğumuza cavab veriləcək və biz də bununla bağlı məsələni işıqlandıracağıq.
Adəm Məmmədov haqqında isə iddiaların ardı-arası kəsilmir. Hörmətli vəkil bu iddiaların əsassız olduğunu sübuta yetirmək, cəmiyyətdə sarsılan nüfuzunu bərpa etməyə çalışmaq əvəzinə vətəndaş şikayətlərini işıqlandırdığı üçün media orqanını məhkəməyə verir. Ümid edirik ki, Adəm Məmmədov insanların ona son ümid yeri kimi baxdığını, güvəndiyini və min bir zəhmətlə qazandığı pulu verdiyini anlayacaq. Çünki səhvlərlə yaşamaq yox, onlardan nəticə çıxarmaq əsl müdriklikdir.
Müşviq Tofiqoğlu
KONKRET.az