Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” və Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmalarını ziyarət edib.
Dini Komitədən "Report"a verilən məlumata görə, din xadimləri ilə görüş zamanı Dövlət Komitəsinin sədri bildirib ki, multikulturalizm və tolerantlıq kimi ümumbəşəri dəyərlər Azərbaycan cəmiyyətinin həyat tərzidir.
"Dövlət etnik və dini rəngarəngliyi milli birliyimizi möhkəmləndirən başlıca amillərdən biri kimi qəbul edir. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. Bu gün Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir fərdin mənafeyinə xidmət etmək, ölkədəki harmoniyanı, birgəyaşayış ənənəsini qorumaq, habelə müxtəlif dinlərə aid abidələri bərpa etmək və yenidən qurmaq dövlətin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir".
Ramin Məmmədov ölkəmizdə fəaliyyət göstərən xristian dini icmaları cəmiyyətimizin ayrılmaz, fəal hissəsi olduğunu və hər zaman dövlət tərəfindən diqqət, qayğı ilə əhatələndiyini vurğulayıb.
"Dövlət başçısının göstərişi ilə hər il dövlət büdcəsindən müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən xristian dini qurumlarına maliyyə yardımı ayrılır, onların ibadət evlərinin təmir və bərpa edilməsi məqsədilə işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tarixi və dini abidələrin bərpasına xüsusi diqqət yetirir".
Görüş zamanı Azərbaycandakı nümunəvi tolerantlıq mühitinin hər bir din nümayəndəsinin sərbəst ibadətinə imkan verdiyini qeyd edən dini icma üzvləri dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraitdən məmnunluqlarını ifadə ediblər.