Bakının mərkəzində avtoxuliqanlıq edən və yol polislərinin tələbinə məhəl qoymayan motosiklet sürücüsü saxlanılıb.
Axar.az Teleqraf-a istinadla hadisə fevralın 11-də Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində baş verib.
Bakı şəhəri BPİ-nin DYP İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının əməkdaşları qoşa xəttin tələbini poazaraq, əks istiqamətli hərəkət zolağına keçib nəqliyyatın axınının əksi istiqamətinə hərəkət edən motosiklet sürücüsünə “Şəxs” işarəsi veriblər. Lakin motosikletçi nəqliyyat vasitəsini yol polislərinin üzərinə sürüb, daha sonra sürətini artıraraq, əks istiqamətdə hərəkət etməyə davam edib, dəfələrlə manevr qaydalarını pozub, digər hərəkət iştirakçılarına real təhlükə yaradaraq, həmin ərazidən uzaqlaşıb. Baş verənlərlə bağlı digər polis əməkdaşlarına da məlumat verilib və motosikletçi digər küçədə “Araz supermarket”ə daxil olarkən tutulub.
Saxlanılan şəxs tabesizlik göstərib, təkrar qaçmağa cəhd edib. Lakin o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib.
Burada motosikletçinin Yevlax rayon sakini 2003-cü il təvəllüdlü S.Kərimov olması müəyyən edilib.
Onun barəsində protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 sutkalıq inzibati həbs olunub.