"Rusiya Ukrayna ərazisindəki Çernobıl atom elektrik stansiyasına dronla zərbə vurub. Lap ağıllarını itiriblər. 1986-cı ildə baş verən Çernobıl qəzasından 39 il keçsə də, bəşəriyyət bu fəlakətin nəticələrini unutmayıb".
Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, qəza nəticəsində ətraf o qədər zəhərlənib ki, gələcək nəsillərin də stansiyanın ətrafında yaşaması qadağandır:
"Bu azmış kimi vaxtilə qəzaya uğrayan stansiyaya dron zərbəsi vurublar. Əlbəttə, bir dron zərbəsiylə stansiyadan zəhərli sızma baş verməz. Ancaq stansiyaya dronla zərbə vuran dövlətin gələn dəfə həmin yerə raket də atması istisna deyil. Rusiya tərəfi raketlə vurduğu Azərbaycanın sərnişin təyyarəsində olduğu kimi bu məsələdə də məsuliyyəti boynundan ataraq, “Çernobıla zərbə vurmamışıq” bəyanatını yayıb. Ukrayna ordu komandanlığının ağlı çaşıb ki, öz ərazisindəki atom elektrik stansiyasına zərbə vursun?", - deyə o qeyd edib.
Türkan İSGƏNDƏRLİ