RU

Təşkilat yardım adı altında hansı cinayətləri törədib? -USAID-in ifşası

Beynəlxalq terrorun himayəsi, LGBT-yə sponsorluq, qanlı əməliyyatlar və çevriliş planları…

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və 10 mindən çox əməkdaşa malik ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradıldığı gündən etibarən, iqtisadiyyat, səhiyyə, təhsil və demokratiyanın inkişafına yardım məqsədi daşıyan müstəqil humanitar qurum kimi təqdim olunub. Lakin humanitar missiyalar adı altında çox daha mürəkkəb və mübahisəli fəaliyyət gizlənir. Belə ki, 2024-cü maliyyə ilində USAID layihələrinə təxminən 36 milyard dollar vəsait ayrılıb. Son doqquz il ərzində isə bu rəqəm ümumilikdə 335 milyard dollara çatıb. Bu rəqəmlər agentliyin nə qədər böyük miqyasda fəaliyyət göstərdiyini göstərsə də, həmin vəsaitlərin konkret olaraq nəyə sərf olunduğu və bu fəaliyyətin əsl məqsədi ilə bağlı ciddi suallar var. Araşdırmalar davam etdikcə USAID-lə bağlı daha dəhşətli faktlar üzə çıxır. Belə ki, əsl məqsədinin inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək vermək olduğu iddia olunan USAID əslində təxribatçılıqla məşğul olub.

Son məlumatlar göstərir ki, USAID-in büdcəsinin böyük hissəsi dünyanın müxtəlif ölkələrində mətbuatı, jurnalistləri ələ almaq üçün sərf olunub. Amerikanın özündə də oxşar addımlar atılıb. ABŞ Prezidenti Donald Tramp şəxsən özü USAID-in büdcəsindən mətbuatı ələ almaq üçün milyardlarla vəsait xərcləndiyini ifşa edib: “Politico” ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) Demokratlar Partiyası haqqında müsbət məqalələr dərc etdiyinə görə 8 milyon dollar alıb. Görünür, USAID və digər agentliklərdən milyardlarla dollar oğurlanıb, bunun çoxu demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta xəbər agentliklərinə ödənilib”, - Tramp “Truth Social” hesabında yazıb. Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib.

Bu kontekstdə USAID-in adının müxtəlif ölkələrdə həyata keçirilən qanlı əməliyyatlarda və çevriliş planlarında hallanması təsadüfi deyil. ABŞ Dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisinin keçmiş müavini, İnternat Azadlıqları Fondunun təsisçisi Mayk Benzin sözləri USAID-in gerçək fəaliyyətini ifşa edir. Benz bildirir ki, USAID yardım təşkilatı deyil: “Bu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi adlandırılsa da, təşkilatın inkişaf etdirdiyi şey Dövlət Departamentinin xarici ölkələrdə təsirini artırmaq üçün qurduğu şəbəkədir. USAID müxtəlif ölkələrdə gizli əməliyyatları koordinasiya etmək üçün mərkəz kimi yaradılıb. Onun 50 milyard dollarlıq büdcəsi var ki, bu da CİA və Dövlət Departamentindən böyükdür. Bu, Pentaqona, Dövlət Departamentinə və kəşfiyyata kömək edən universal bir vasitədir”.

Həmçinin Ağ Ev USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumat yayıb. Həmin layihələrə nəzər saldıqda USAID-in əsl siması da üzə çıxır. Məsələn, USAID tərəfindən terror təşkilatlarına böyük maliyyə vəsaitlərinin ayırıldığı məlum olub. Belə ki, ABŞ-da qadağan olunmuş "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli suriyalı silahlıların qidalanmasına yüz minlərlə dollar vəsait xərclənib. Təşkilatın ABŞ-da terror təşkilatı kimi tanınan HƏMAS qruplaşmasına “humanitar yardım” adı altında 100 milyondan çox vəsait ötürdüyü faktı aşklarlanıb. Bununla yanaşı, Misirdə turizm fondu üçün ayrılan 6 milyon dollarlıq vəsaitin Suriyada “Əl-Qaidə”yə bağlı terrorçulara xərcləndiyi ortaya çıxıb. USAID Əfqanıstanda Talibanın “xaşxaş becərilməsi və herion istehsalına dəstək” məqsədilə 100 milyondan çox vəsait ayırıb.

USAID-in ən səxavətli olduğu sahələrdən biri də müxtəlif ölkələrdə LGBT hərəkatlarının dəstəklənməsi olub. Ağ Evin rəsmən açıqladığı məlumatlara görə, USAID müxtəlif dövrlərdə Kolumbiyada transgenderlərlə bağlı operanın səhnələşdirilməsinə 47 min dollar, Peruda transgenderlələ bağlı cizgi romanların dərc olunmasına isə 32 min dollar xərcləyib. Təəssüflər olsun ki, USAID birbaşa olaraq transgender əməliyyatlarını da maliyyələşdirib. Belə ki, Latın Amerikası ölkəsi olan Qvatemalada Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı layihələrində USAID 2 milyon dollar vəsait ayırıb.

USAID-in ölkəmizdəki fəaliyyətinə gəlincə, təşkilatın qaranlıq fəaliyyətləri Azərbaycandan da yan keçməyib. Belə ki, Agentlik “vətəndaş cəmiyyətinə dəstək” adı altında bir sıra təxribatçı addımlar atıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda USAID 34 ilə yaxın fəaliyyət göstərib. Ötən dövrdə təşkilat ölkəmizdəki layihələrə 450 milyon dollar ayırıb. Lakin o pullar heç də yardım məqsədilə xərclənməyib. USAID Azərbaycanda bir sıra KİV və QHT-lərin əsas donoru hesab olunur. Məsələn, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin qrant aldığı təşkilatlar arasında USAID-in də adı xüsusi qeyd olunur. Bundan əlavə, USAID tərəfindən “COP29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb.

Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ-da Azərbaycan qarşı növbəti çirkin kampaniya başladı. Hətta 60 konqresmen ABŞ-ın sabiq Dövlət katibi Antoni Blinkenə müraciət etdi ki, COP29 ərəfəsində Azərbaycana təzyiqlər artırılsın və COP29-un baş tutmaması üçün bütün addımlar atılsın. Həmin kampaniyanın maliyyəçisi də USAID idi. Bunlarla yanaşı, 44 günlük müharibə və Laçın yolundakı aksiyalar dönəmində də bir sıra xarici KİV-lərin Azərbaycana qarşı qarayaxma kampaniyaları mütəmadi hal almışdı. Qeyd olunan faktlar onu deməyə əsas verir ki, bu kampaniyanın da arxasında məhz USAID dayanıb.

Qeyd edək ki, USAID-lə sadalananlar yanvarın 20-dən bəri, yəni Tramp hakimiyyətə gəldikdən sonra üzə çıxan faktlardır. ABŞ rəsmilərinin açıqlamalarından isə aydın olur ki, Agentliyin fəaliyyəti ilə bağlı araşdırmalar davam edəcək. Bu isə onu deməyə əsas verir ki, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrdə USAID-in çirkin əməlləri ilə bağlı hələ çox faktlar üzə çıxacaq.

Sevinc Azadi, “İki sahil”

Избранный
17
1
ikisahil.az

10Источники