RU

Ekologiya və ətraf mühit mühafizə edilməli, qorunmalıdır – TƏHLİL

İnsanlar təbiətə, ətraf mühitin mühafizəsinə, təbii resurslara olduqca həssas yanaşmalı, təbii ehtiyatlarından səmərəli istifadə etməlidirlər ki, arzuolunmaz nəticələr olmasın. Əgər həssas yanaşılmasa, ətraf mühit, ekologiya nəzərə alınmasa, bunun ağır nəticələrə gətirib çıxarılacağı gözləniləndir. Xüsusən də ekoloji problemlərin olmaması üçün təbiətə olan mənfi təsirlərin minimuma endirilməsi gərəkir və bunun üçün də ətraf mühit mühafizə edilməli, qorunmalıdır.

Ölkəmizdə ekoloji məsələlər daim diqqət mərkəzindədir və bu baxımdan da ətraf mühitin mühafizəsinə xüsusi həssaslıqla yanaşılır. Bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də məhz ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Məqsəd ekoloji tarazlığın qorunması, bərpa edilməsi və ətraf mühitin mühafizəsinə nail olmaqdan ibarətdir. Buna görə də meşələrin bərpa edilməsi və eləcə də yaşıllıqların artırılmasına, ələlxüsus, ekoloji baxımdan dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqramlar, həmçinin ölkəmizdə hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Təbii sərvətlərin bərpa edilməsi, mühafizəsi, milli parkların salınması, yaşıllıq sahələrin genişləndirilməsi və bu kimi işlər deyilənlərin təsdiq edir.

Məhz 2010-cu ilin "Ekologiya ili" elan edilməsi dövlətimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə, qorunmasına olan diqqətinin bariz nümunəsidir. Azərbaycan vətəndaşları şahiddirlər ki, ölkəmizdə istər "Ekologiya ili" çərçivəsində, istərsə də sonrakı illərdə milyonlarla ağac əkilib, yaşıllıq sahələri genişləndirilib. Bütün bunlar ətraf mühitin, ekologiyanın qorunmasına xüsusi diqqətin olduğunu təsdiq edir. Respublikamızda aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olaraq, ətraf mühitin mühafizəsinin, insanların sağlam təbii mühitdə yaşamasının və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsinin prioritet məsələlərdən olduğu bu baxımdan qətiyyən təkzib edilə bilməz. Xüsusən də ekoloji tarazlığın qorunması naminə sadalananların vacibliyi hər zaman nəzərə alınır və bu istiqamətdə görülən işlər də göz önündədir. Ona görə də əminliklə deyə bilərik ki, müstəqilliyimizin bərpasından sonra ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, meşələrin, biomüxtəlifliyin qorunması üçün bir çox təbii sərvətlərin, təbii ehtiyatların mühafizəsi, eyni zamanda da faydalı qazıntılardan səmərəli istifadə istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Ətraf mühitin sağlamlaşdırılmasına, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsinə məhz dövlətimizin, dövlət başçımızın xüsusi önəm verməsini etiraf etməliyik. Çünki ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən qayğının şahidiyik. Təsadüfi deyil ki, ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müstəqilliyimizin bərpasından əvvəl yaranan ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da göz önündədir. Hər halda, bütün bunların fonunda, ekoloji tarazlıqla bağlı tədbirlərin məhz Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasını da təsirsiz ötüşmədiyi sirr deyil və bunu hər birimizi çox yaxşı bilirik. Artıq onu da yaxşı bilirik ki, ekologiya və ətraf mühit mühafizə edilməli və qorunmalıdır.

Təbii ki, insan cəmiyyəti inkişaf etdikcə, texniki vasitələrin istismarı və istifadəsi artdıqca bunun təbiətə, ətraf mühitə təsirləri də artır, genişlənir. Müxtəlif istehsal və emal müəssisələrinin sayının artması, avadanlıqların, maşınların sayının günü-gündən çoxalması təsirlərin böyüməsinə zəmin yaradır. Ən azından tullantıların səviyyəsinin artması müşahidə edilir. Xüsusən də, atmosferə buraxılan zəhərli qazların həcminin böyüməsi bu fonda lap əvvəldən də gözlənilən idi. Amma etiraf etmək lazımdır ki, insan cəmiyyəti öz inkişafından, tərəqqisindən qalan deyil və deməli, belə çıxır ki, həmin zərərli təsirlər bundan sonra da məntiqi olaraq arta bilər. Məsələ burasındadır ki, biz həmin tullantıların, həmin zəhərli maddələrin ətraf mühitə qarışmasını, ətraf mühiti çirkləndirməsini minimuma endirə bilərik. Ən azından səmərəli istifadə qaydalarına riayət etməklə buna nail olmaq olar. Bunun isə ekoloji baxımdan faydası ilə yanaşı, təbii ehtiyatların gələcək nəsillərə də miras qoymaq kimi həm də bir çox istiqaamətlərdə əhəmiyyəti də danılmazdır.

Cəmiyyət təbiətə, ətraf mühitə, ekologiyaya nə qədər az mənfi təsir etmiş olarsa, bir o qədər də öz mühitini sağlam və zərərsiz edə bilər. Əgər insanlar təbiəti çirkləndirməkdən çəkinərlərsə, daha dəqiq desək, çirklənməni minimuma endirməyə çalışarlarsa, bacardıqca onu qoruyarlarsa, özlərinin sağlam yaşayışlarını, gələcəklərini təmin etmiş olarlar. Hər halda, məsələn, qlobal istiləşmə, eləcə də, su qıtlığı kimi problemlər öz-özündən peyda olmayıb və belə qlobal məsələlər insan amilinin təsiri nəticəsində ortaya çıxmış olub. İnsanlar başa düşməlidirlər ki, ekologiyanı, ətraf mühiti qorumadıqca, dünyamız məhvə doğru sürüklənir. Başa düşməlidirlər ki, dünyanı məhv olmaqdan qorumaq üçün birinci növbədə ətraf mühiti qorumaq lazımdır.

İnsan cəmiyyəti öz sağlamlığını, öz həyatını, eləcə də özünün yaxınlarının, doğmalarının qarşılaşa biləcəyi təhlükələri nəzərə alırsa, mütləq ekologiya və ətraf mühitin qorunmasına həssas yanaşmalıdır. Təkcə dövlət deyil, ailələr də bu məsələlərə diqqət etməli, bizi əhatə edən ətraf aləmin çirklənməməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Hər bir uşaq azyaşlı olmasına baxmayaraq, məhz elə bir ruhda tərbiyələndirilməlidir ki, bizi əhatə edən ətraf mühitə, onun çirklənmə probleminə etinasız olmasın. Əksinə, hər bir insan övladı ekologiyanın, ətraf çühitin mühafizə edilməsinə həssas yanaşmalıdır. Həssas yanaşmalı və birmənalı şəkildə qəbul etməlidir ki, barəsində qeyd olunan məsələlər heç zaman unudulmamalıdır və ekologiya, ətraf mühit hər zaman mühafizə edilməli, qorunmalıdır...

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Избранный
21
sia.az

1Источники