RU

Cəmiyyət üçün gizli təhlükə -Narkomaniya

Narkomaniya müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biridir. Hər il narkotik maddələrə əlçatanlıq artır və bunun cəmiyyətə mənfi təsirləri daha da güclənir. Narkomaniya və onun cəmiyyətə təsiri xüsusi diqqət tələb edir. Çünki o, təkcə fərdi faciə deyil, eyni zamanda, ictimai təhlükəsizlik və ölkənin rifahı üçün ciddi təhdidlərdən biri olaraq sosial və hüquqi problem kimi cəmiyyətə böyük ziyan vurur. Bu səbəbdən narkotiklərlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil, həm də bütün cəmiyyətin üzərinə düşən və genişmiqyaslı səyləri tələb edən bir vəzifədir.

Son illərdə gənclər arasında narkotik cinayətkarlığın sayında əhəmiyyətli artım müşahidə olunur. Cinayətkar dəstələr qadağan olunmuş maddələri daşımaq və satmaq üçün yeni üsullar axtarmağa davam edir, müasir texnologiyalardan və hətta kriptovalyutalardan istifadə edirlər. Narkotik ticarəti ilə məşğul olan şəxslər narkotik maddələrin ötürülməsini internet platformaları, sosial şəbəkələr və narkokuryer xidməti üzərindən həyata keçirirlər.

Narkokuryer satıcının təlimatı əsasında qadağan olunmuş maddəni müəyyən bir yerdə gizlədir, alıcı isə ödənişdən sonra onun yerini öyrənir. Bu metod satıcı ilə alıcı arasında birbaşa təmasdan qaçmağa imkan verir ki, bu da hüquq-mühafizə orqanlarının işini çətinləşdirir. Yeni kuryerləri cəlb etmək üçün narkotik satıcıları internetdən istifadə edərək, sadə iş üçün yüksək əmək haqqı təklif edirlər. Belə cəlbetmənin qurbanları tez-tez gənclər, o cümlədən yeniyetmələr olur, çünki onlar fəaliyyətlərinin bütün təhlükəsini və nəticələrini anlamırlar. Lakin asan qazanc vədlərinə baxmayaraq, belə “işçilər” tutulma və cinayət məsuliyyətinə cəlb edilmə riski ilə üzləşirlər. Hüquq-mühafizə orqanları bu kimi sxemlərlə mübarizə üsullarını daim təkmilləşdirir və narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak edən hər kəsi məsuliyyətə cəlb edirlər.

Narkokuryerlərdən istifadə narkotik satıcılarına riskləri minimuma endirməyə, anonimliyi qorumağa və ənənəvi nəzarət tədbirlərindən qaçmağa imkan verir. Bu vəziyyət hüquq-mühafizə orqanlarını öz yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edir: internet trafikinin nəzarəti gücləndirilir, təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq genişləndirilir, həmçinin yeni profilaktik proqramlar tədbiq olunur. Əlavə olaraq, operativ axtarış təbdirləri və gəncləri aktiv şəkildə narkotik cinayətkarlığına cəlb edən sosial şəbəkələrin fəaliyyətinin dayandırılması üçün xüsusi əməliyyatların həcmi artır.

Gənclər arasında narkotik cinayətkarlığının artmasının aradan qaldırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Son illərdə müsadirə olunan narkotik maddələrin həcmi əhəmiyyətli dərəcədə artıb, eləcə də cinayətkar sxemlərin ifşası güclənib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkarlanması və qarşısının alınmasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin də üzərinə mühüm vəzifə düşür. Narkotik vasitələrin məhkəmə ekspertizasının nəticələrinin dəqiqliyi və etibarlılığı ədalət mühakiməsi üçün həlledici əhəmiyyətə malikdir, çünki bu nəticələr cinayətin təsnifatı və təqsirləndirilən şəxsin taleyi ilə birbaşa əlaqəlidir. Mərkəzdə müsadirə olunan maddələrin kimyəvi tərkibini, mənşəyini müəyyən etmək üçün analizlər aparılır. Bu, yalnız narkotiklərin mövcudluğunu təsdiqləməyə deyil, həm də sintetik maddələrin tərkibindəki dəyişiklikləri izləməyə imkan verir ki, bu da hüquq-mühafizə tədbirlərinin əlaqələndirilməsi üçün vacibdir.

Mərkəzdə narkotik vasitələrin və psixotrop maddələrin tədqiqi ixtisası üzrə tədqiqata təqdim olunan naməlum maddələrin, həblərin, məhlulların, bitkilərin hansı növ narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün tədqiqatların aparılmasında BMT-nin narkotiklərlə mübarizə komissiyasının tövsiyyə etdiyi metodikalara uyğun olaraq kimyəvi üsullarla laboratoriyada olan müasir texniki avadanlıqlardan istifadə edilməklə tədqiqatlar aparılır. Bundan başqa, təqdim olunan maddələr üzrə eyniləşdirici ekspertiza tədqiqatları aparılır. Narkotik vasitələrin tərkibinin müqayisəli təhlili onların mənşəyini müəyyən etmək və hətta mütəşəkkil qruplar arasında əlaqələri aşkar etmək üçün vacib kriminalistik alətdir. Eyni tərkibli narkotik maddələr müxtəlif şəxslərdən götürülərsə, onların eyni mənbədən gəldiyi ehtimal olunur.

Mərkəzdə narkotik vasitələrin tərkibində olan kənar qarışıqların tədqiqi üsulları, narkotiklərin ekspert tədqiqatının elmi-metodiki və prosessual əsasları, beynəlxalq nəzarətdə olan narkotik vasitələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin diaqnostikası və müasir tədqiqat üsulları, yüngül təsirə malik olan narkotik bitkilərin tədqiqat metodikası, amfetamin sırasına aid olan stimuləşdirici və yeni psixoaktiv maddələrin tədqiqi, bitki mənşəli narkotik vasitələrin məhkəmə ekspertizasının bəzi xüsusiyyətləri və digər mövzularda elmi-tədqiqat işləri yerinə yetirilir.

 

Narkomaniya yalnız insan sağlamlığına deyil, bütövlükdə cəmiyyətə məhvedici təsir göstərir. Narkomaniya sosial və iqtisadi problemlərə, xüsusilə də cinayət səviyyəsinin artmasına səbəb olur. Narkomanlar asılılığını maliyyələşdirmək məqsədilə oğurluq, saxtakarlıq, soyğunçuluq kimi qanunsuz əməllərə əl atmaq məcburiyyətində qalırlar. Bu baxımdan, asılılıq cinayət törətmənin əsas səbəblərindən biri hesab olunur.

Narkomaniya, həmçinin ailələri dağıdır, sosial münaqişələrə, boşanmalara və yaxınlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxarır. Narkoman valideynlərin ailələrində böyüyən uşaqlar tez-tez laqeydlik, zorakılıq və qayğısızlıqdan əziyyət çəkirlər, bu da onların gələcək həyatlarına təsir edə biləcək bir sıra ciddi riskləri artırır. Bu risklərin aradan qaldırılması üçün erkən müdaxilə, psixoloji dəstək, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsi, həmçinin cəmiyyətin maarifləndirilməsi çox vacibdir.

Narkomaniyanın iqtisadi nəticələrinə əmək məhsuldarlığının azalması, səhiyyə və sosial xidmətlərə xərclərin artması daxildir. Dövlət narkomaniyadan əziyyət çəkənlərin müalicəsi və reabilitasiyası, həmçinin narkotiklərlə bağlı cinayətkarlıqla mübarizə üçün əhəmiyyətli vəsaitlər xərcləməli olur. Bundan əlavə, narkomaniya, xüsusilə inyeksiya yolu ilə narkotik istifadə edənlər arasında HİV və hepatit kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Bu xəstəliklərin effektiv profilaktikası steril inyeksiya avadanlığı ilə mübadilə tədbirləri, təhlükəsiz davranış üzrə təlim proqramları və vaxtında tibbi yardım və müalicə ilə təmin olunmanı əhatə edir.

Narkomaniya qlobal bir problemdir və bunun üçün profilaktika, müalicə və qanunvericilik tədbirlərini əhatə edən kompleks yanaşma tələb olunur. Azərbaycan bu sahədə ciddi çağırışlarla üzləşir, lakin fəal mübarizə və beynəlxalq əməkdaşlıq narkotiklərin yayılmasının və onların cəmiyyətə zərərli təsirinin azaldılmasına ümid verir.

Gənclər arasında profilaktika proqramlarının inkişaf etdirilməsi, farmasevtik bazara nəzarətin gücləndirilməsi və keyfiyyətli müalicə və reabilitasiya xidmətlərinə çıxışın genişləndirilməsi davam etdirilməlidir. Yalnız cəmiyyətin, dövlətin və beynəlxalq təşkilatların koordinasiyalı səyləri narkotik asılılığının səviyyəsinin və onun nəticələrinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.

Nərminə Sadıqova,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi

Избранный
23
ikisahil.az

1Источники